"Azərbaycan Çar Rusiyası tərəfindən işğal olunduqdan bəri bu ərazilərdə həyata keçirilən bütün imperialist siyasətin bir adı var – Azərbaycanı Azərbaycansızlaşdırmaq”.
AMİP sədr əvəzi Arzuxan Əlizadə Ovqat.com-a açıqlamasında belə deyib.
Siyasi dustaq adı altında Avropaya qaçan həmyerlilərimizin bu köçündə müxalif partiyaların rolunu şərh edən Arzuxan bəy bunun imperialist siyasətə qulluq etdiyini və Azərbaycana qarşı yürüdülən Azərbaycansızlaşdırma siyasətinin ən azı 200 yaşı olduğuna inanır:
"Bildiyimiz kimi, Qacariyyə dövlətinin məğlubiyyətindən sonra Rusiyanın əlinə keçən ölkəmizdə bu siyasət bəzi bölgələrin bizdən alınaraq başqa etnoslara verilməsilə başladı. Gülüstan və Türkmənistan müqaviləsinə əsasən, İrandan köçürülən ermənilərin sayəsində İrəvan xanlığı tamamilə erməniləşdirildi. Torpağımızın digər qısmi gürcülərə verilərək Gürcüstan dövləti yaradıldı. Şimali Qafqazı isə ruslar özlərində saxlayıb özününküləşdirdilər. Sovet hökuməti dövründə də bu siyasət dayanmadı. Stalin dövründə Şimali Qafqazda yaşayan çeçen və inquşlar Qazaxıstana köçürüldü. Eyni təcrübə Krım və Axıska türkləri üzərində aparıldı. Qərbi Azərbaycandakı soydaşlarımızın köçü də eyni dövrlərə təsadüf edir. Dağıstanın və Azərbaycanın da o dövrlərdə Orta Asiyaya köçü nəzərdə tutulurdu. Bizi bu faciədən xilas edən isə II Dünya müharibəsinin başlanması oldu. Başı müharibəyə, daha sonra isə quruculuq işlərinə qarışan SSRİ rəhbərliyi bu planı yerinə yetirə bilmədi”.
AMİP yetkilisinin fikrincə, bu siyasət bir də SSRİ-nin dağılmasından sonra start götürəcəkdi, amma bu dəfə başqa imperialist qüvvələrin himayəsi ilə:
"Acınacaqlı haldır ki, Azərbaycanın Azərbaycansızlaşdırma siyasəti bu dəfə Qərbin planı kimi həyata keçirilməyə başladı. 1988-ci ildə Qərbi Azərbaycanda və Dağlıq Qarabağda qalan vətəndaşlarımız da öz dədə-baba yurdlarından qovuldular. Beləcə, Türk dünyasının müasir lokomotivi olan Türkiyə ilə Orta Asiyaya açılan qapısı Azərbaycan arasındakı torpaq əlaqələri xeyli daraldıldı. Naxçıvandakı 11 km. sərhəd xəttindən başqa elə bir ciddi əlaqə qalmadı”.
Azərbaycanın 1980-ci ilin sonlarında yaşadığı faciələri Qərb dünyasındakı bəzi gen mühəndislərinin gəldiyi qənaətlərlə əlaqələndirən həmsöhbətimiz fikrini belə əsaslandırdı:
"Bəzi Qərb gen mühəndislərinin Monqolustandan Türkiyəyə qədər ərazilərdə apardığı araşdırmalarda R1 B adlı gen haploqrupları kəşf etmişlər, bunun yalnız Türklərə məxsus olduğuna qərar vermişlər. Onların fikrincə, R1 B halpoqrupu imperialist genlərə məxsusdur və Türklər yenidən bir araya gələr və güclənərsə, yenidən dünya hegemonuna çevrilə bilərlər. Görünür, məhz buna görə də dünyanın bugünkü hegemonları Türkiyə ilə türk dünyası arasında bütün maddi və mədəni körpülər qoparmağa çalışırlar. Türkiyədə və Azərbaycanda baş verən bir çox hadisələrdə bu imperial xofun müstəsna rolu var”.
Xüsusilə son 20 ildə Azərbaycanı öz daxilindən zəiflətmə və tamamilə yox olmağa sürükləmə prosesinin başlandığını düşünən Arzuxan Əlizadə ölkəmizin ən aktiv kəsiminin xaricə miqrasiyasının da bu imperialist siyasətin tərkib hissəsi olduğuna inanır:
"Bilirsiniz ki, istənilən toplumu yox etmək üçün onun düşünən beynini və sosial cəhətdən ən aktiv kəsimi sayılan gənclərini ölkədən qovmaqdan başlamalısan. Qərbi Azərbaycanda da bütün proseslər belə başlamışdı. Bu gün isə Azərbaycandan Avropaya və dünyanın başqa ölkələrinə eyni qaydada köçlər təşkil olunur. Nə yazıq ki, bu işdə bəzi dövlət qurumlarımızda çalışan məmurlarla müxalifətin əməkdaşlıq etdiyini görürük. Azərbaycanın ən fəal insanları bir tərəfdən öz ölkəsində işsiz-gücsüz buraxılır, digər tərəfdən isə müxalif partiyaların siyasi repressiyaya məruz qalan üzvləri kimi xaricə göndərilirlər. Bu işin əsas aktyorları isə xaricdə sığınacaq almış müxalif qüvvələrlə yanaşı, mühacirləri lazımi sənədlə təchiz edən yerli məmurlardır. Sözügedən işbirliyi nəticəsində Azərbaycanın siyasi imicinə də böyük zərbələr dəyir və ölkəmiz olduğundan daha vəhşi simada xarici dövlətlərə təqdim edilir, həm də boşaldılır”.
A.Əlizadəni ən çox narahat edən isə bu imperialist siyasətdə Azərbaycanın milli dövlətçilik tarixinə adı qızıl hərflərlə yazılan siyasi təşkilatların rol oynamasıdır.