Azərbaycanın xarici siyasətinin ən böyük qüsuru...

Ekspertlər Qarabağ münaqişəsinin həllinin Rusiya-Türkiyə-İran üçlüyündən asılı olduğunu bildirirlər

"Minsk Qrupu çoxdan özünü gözdən salıb. 20 ildən çoxdur ki, bu qurum Qarabağ konfliktinin həlli istiqamətində heç nə etməyib”. Bunu "Moskva-Bakı” portalına açıqlamasında rusiyalı politoloq Maksim Şevçenko söyləyib.

O, Qarabağ münaqişəsinin həllinin Rusiya-Türkiyə-İran üçlüyündən asılı olduğunu bildirib: "Ermənistanın həlak olan Azərbaycan hərbçisinin cəsədini verməkdən imtina etməsi Minsk Qrupunun çarəsizliyini açıq şəkildə göstərir. Belə çıxır ki, bu qurum hətta bu məsələdə də faydalı nəticə əldə etmək imkanına sahib deyil. Əminəm ki, Azərbaycan hər şeydən öncə Moskva və Tehrana müraciət etsəydi, cəsədin verilməsi məsələsi daha tez həll ediləcəkdi. Ona görə ki, Dağlıq Qarabağ konfliktinin açarı ilk növbədə Rusiya və İranda yerləşir.

Məncə, 1990-cı illərdə Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı yaradılan bütün formatlar artıq özünü etibardan salıb və onlar tarixin arxivinə atıla bilər. Tamamilə aydındır ki, Dağlıq Qarabağ konfliktinin gələcəyi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üç regional gücün - Rusiya, İran və Türkiyənin potensial razılaşmasından asılıdır. Amerikalılar konfliktin uzadılmasında maraqlıdır. Onlar həll prosesindəki vasitəçilikdən nə qədər tez uzaqlaşalar, Rusiya, Türkiyə və İran bu prosesə bir o qədər daha sıx qoşulacaq. Bu məsələdə ümumi təmas nöqtələri tapılacaq və tezliklə konflikt Azərbaycanla Ermənistanın maraqlarına uyğun həll ediləcək. Azərbaycan, Rusiya və İran prezidentlərinin avqustun 8-də Bakıdakı sammitindən və Rusiya-Türkiyə münasibətlərinin düzəlməsindən sonra aydındır ki, indi bu ölkələr Dağlıq Qarabağın həllində ümumi təmas nöqtələri axtarırlar. Bu istiqamətdə hərəkət var. Əgər Rusiya və Türkiyə Suriyadakı vətəndaş müharibəsi ilə bağlı situasiyada razılaşma əldə edibsə, o zaman Rusiya-Türkiyə-İran formatının Qarabağın həllində taleyüklü rol oynayacağına da inam yaranır”.

Ekspert İranın bu konfliktin həllində İrəvana güclü təsir edə biləcəyini söyləyib: "Qarabağ konflikti dondurulmuş vəziyyətdə qaldığı müddət ərzində onu həll etmək çətin olacaq. Avropa Birliyinin iştirakı, üç qarant ölkə və yeni Amerika administrasiyasının xeyir-duası ilə konflikti həll etmək olar. Rusiya-İran-Türkiyə bloku yekun şəkildə formalaşsa, Qafqazda bir çox konfliktlər həll ediləcək. Əminəm ki, Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya konfliktləri həll olunacaq. Bu gün aydındır ki, Tehran açıq şəkildə Ermənistanın müttəfiqidir. Lakin Tehran həm də şiəlik vasitəsilə Azərbaycanla da sıx əlaqələri dəstəkləyir. İran Ankara ilə münasibətlərini düzəltsə, erməni tərəfinə güclü təsir edə bilər ki, o, Dağlıq Qarabağ konfliktinin həllində konstruktiv mövqe tutsun” ("axar.az”).

Bəs rusiyalı ekspertin fikirləri Azərbaycanda necə qarşılanır? Doğrudanmı, Qarabağın taleyi Rusiya-İran-Türkiyə formatından asılıdır? Bu sualla deputatlara və politoloqlara müraciət etdik.

Milli Məclisin deputatı Məlahət İbrahimqızının fikrincə, bu, tarixi bir reallıqdır ki, Cənubi Qafqazda hər zaman üç dövlətin - Osmanlı İmperiyasının, Çar Rusiyasının və İran dövlətinin böyük təsir dairsi olub: "Tarixin müəyyən mərhələlərində də görmüşük ki, hansı imperiyada bir az zəiflik olanda, digər imperiyaların dominantlığı daha da artıb. Bu mənada tarix öyrənmək üçün bir dərsdir, bir məktəbdir. Biz də tarixdən öyrnməliyik. Təvazökarlıqdan uzağa çıxsaq da, mən dəfələrlə səsləndirmişəm ki, Qafqazda, xüsusilə Cənubi Qafqazda bu üç dövlətin mühüm rolu olub. Bu üç dövləti inkar etmək, onların hansısa proseslərdə iştirakını rədd etmək tarixi zəif bilməkdən irəli gəlir”.

M.İbrahimqızı bildirdi ki, 20 ildən artıqdır Qarabağ konfliktinin həllində heç bir irəliləyiş yoxdur. Onun sözlərinə görə, bu 20 ildən artıq müddətdə əldə olunan irəliləyişlər ancaq beynəlxalq təşkilatlarda Azərbaycanın təcavüzə, işğala məruz qalması, 1 milyondan artıq vətəndaşımızın köçkün olması ilə bağlı bizim lehimizə güclü sənədləri qəbul etdirməyimizdir: "Ancaq ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə sıfırdan yüksək qiymət vermək olmaz. 20 ildən artıqdır beynəlxalq təşkilatlarda əldə etdiyimiz hüquqi baza isə ümummilli liderimiz Heydər Əliyevin və 2003-cü ildən bəri isə cənab İlham Əliyevin nüfuzu ilə əldə edilib. Ancaq ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri isə bu məsələdə görəvləndirilsə də, onların fəaliyyəti sıfırdır. Başqa bir alternativ institut olmadığına görə isə yeni variantlar axtarılmalıdır”, - deyən həmsöhbətimizə görə, Minsk qrupundan beynəlxalq hüquqdan irəli gələrək Azərbaycanın xeyrinə hər hansı ədalətli addım atacağını gözləmək olmaz. "25 ildə olmadısa, növbəti 25 il də gözləmək olmaz ki, onlardan xeyir gözləyək”.
M.İbrahimqızı hesab edir ki, konfliktin ədalətli həll olunmasında Türkiyə, İran və Rusiyanın rolu daha çox ola bilər. "Bu, mənim şəxsi fikrimdir. İranla Azərbaycan arasında münasibətlər inkişaf etməkdədir. İran ən azı İslam Konfransı Təşkilatında Qarabağın işğalı ilə bağlı qəbul edilən sənədlərin lehinə səs verib. Yaxud da İran beynəlxalq təşkilatlarda ərazi bütövlüyümüzü dəstəkləyən dövlət kimi çıxış edib. Türkiyə ilə isə bir millət, iki dövlətik. Türkiyənin bu məsələdə ədalətli rol tutacağına əminəm. Rusiya isə bizim əsrlərdir qonşularımızdan biridir və hesab edirəm ki, Türkiyə-İran-Rusiya formatınının bölgədə sülhün, əmin-amanlığın qorunmasında, konfliktlərin həllində daha müsbət rolu ola bilər”.

Politoloq Əli Oruclu da Minsk qrupunun fəaliyyətsizliyini qeyd edərək bildirdi ki, münaqişənin həllini birbaşa bu qurumun üzərinə qoymaq əvvəldən yanlış idi. Politoloq hesab edir ki, bu, Azərbaycanın xarici siyasətinin ən böyük qüsuru idi: "Təəssüf ki, bu qüsur davam etdirilir. Ancaq regional güclərin Dağlıq Qarabağ münaqişəsi ilə mövqelərini uzlaşdırmaq olar. Türkiyə, İran və Rusiyanın münasibətləri hazırda çox yaxşı səviyyədədir. Ancaq bu fikirlə tam razı deyiləm ki, münaqişənin həlli tamamilə bu üç dövlətin iradəsindən asılıdır. Hesab edirəm ki, bu münaqişənin həlli hərbi yoldur və bunun alternativi yoxdur. Münaqişənin həlli Azərbaycan xalqının iradəsindədir, həmrəyliyindədir və Azərbaycan ordusuna güvəndədir. Biz hansısa quruma, hansısa regional dövlətə ümid etməklə nəyisə tələb edə bilmərik. Beynəlxalq hüquq, BMT-nin prinsipləri imkan verir ki, biz gedib öz toapaqlarımızı azad edək”.

.