Arzuxan Əlizadə: "Ermənistanın AB ilə imzaladığı əməkdaşlıq sazişini Xorvatiya parlamentinin belə tez ratifikasiya etməsi təəssüf doğurur”
img
Bu günlərdə Xorvatiya Parlamenti lehinə 115 və əleyhinə 4 səs olmaqla Ermənistanla Avropa İttifaqı arasında imzalanan Hərtərəfli və genişlənmiş tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib. Bu barədə Ermənistan XİN rəsmisi Anna Nağdalyan məlumat yayıb.
Qeyd edək ki, Ermənistanla Avropa İttifaqı arasında Hərtərəfli və genişlənmiş tərəfdaşlıq haqqında saziş 24 noyabr 2017-ci ildə imzalanıb. 2018-ci ilin aprelində Ermənistan parlamenti tərəfindən təsdiqlənib. Hazırda Avropa Birliyinin 28 ölkəsindən 16-sı Ermənistanla imzalanan sözügedən sazişi ratifikasiya edib. Bunlar Bolqarıstan, Danimarka, Estoniya, Birləşmiş Krallıq, Macarıstan, Litva, Latviya, Lüksemburq, Belçika, Malta, Polşa, Rumıniya, Finlandiya, İtaliyadır.
O da məlumdur ki, son illər Azərbaycanla Xorvatiya arasında əlaqələr genişlənir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 250 milyon dollardan çox olub. Xorvatiya dövlət rəsmilərinin Azərbaycana səfərləri artıb. Bununla belə, Xorvatiya "Cənub Qaz Dəhlizi”nə qoşulmaq niyyətindədir. Ən başlıcası, Albaniya, Bosniya və Hersoqovina, Xorvatiya, Monteneqro Azərbaycan qazını Avropaya nəql edəcək İon - Adriatik boru kəmərinin (İAP) ilkin layihəsini 2020-ci ilin sentyabr ayınadək hazırlamaq niyyətindədir. Qeyd edək ki, Azərbaycan təbii qazının Avropaya nəql ediləcəyi Trans Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq İAP Xorvatiya (249 kilometr), Monteneqro (95 km), Albaniya (167 km) ərazisindən keçəcək, illik nəqletmə gücü də 5 milyard kubmetr həcmində nəzərdə tutulur. 2016-cı ilin avqust ayında İAP tikintisinə dair tərəflər arasında anlaşma memorandumu imzalanıb. Sözügedən kəmər ərsəyə gəldikdən sonra Xorvatiya Balkan regionunda enerji habına çevriləcək.
Azərbaycanın bir belə önəmli roluna rəğmən, Xorvatiyanın Ermənistanla AB arasında imzalanan sazişi belə tez ratifikasiya etməsi təəssüf doğurur. Ən azından, Xorvatiya bunu sonrakı mərhələyə qədər yubada bilərdi. Nəzərə almaq lazımdır ki, AB ölkələrinin heç də hamısı Ermənistanla imzalanan sazişi ratifikasiya etməyib.
"Gərək bu məsələdə Azərbaycanın maraqları nəzərə alınaydı”
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər”lə bölüşən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Xorvatiyanın sözügedən məsələdə belə tez-tələsik addım atması təəssüf doğurur: "Məsələ ondadır ki, son illər Azərbaycan Xorvatiya ilə iqtisadi əməkdaşlığa xüsusi önəm verir. Xorvatiya enerjiyə, xüsusən də qaza olan tələbatını Azərbaycan hesabına təmin etmək istəyir. Bununla yanaşı, Xorvatiya maraqlıdır ki, Azərbaycan bu ölkənin iqtisadiyyatına sərmayə qoysun. Ona görə ki, Xorvatiya Azərbaycanın bu sahədə imkanlarının, enerji və tranzit ölkə olaraq regionda oynadığı önəmli rolun fərqindədir. İki ölkə rəsmilərinin qarşılıqlı səfərləri də deyilənlərə əyani sübutdur. O üzdən, Ermənistanın AB ilə imzaladığı əməkdaşlıq sazişini Xorvatiya parlamentinin belə tez ratifikasiya etməsi təəssüf doğurur. Gərək bu məsələdə Azərbaycanın maraqları nəzərə alınaydı. Çünki Ermənistan, Azərbaycandan fərqli olaraq, Xorvatiya üçün hansısa önəm kəsb etmir. Belə olan halda, ratifikasiyanın tez həyata keçirilməsi təəssüf doğurur. Görünür, bu işdə erməni lobbisi fəal iş aparıb”.