Bakı ilə Moskvanın yaxınlaşması strateji deyil, hakimiyyətdəkilərin korporotiv maraqlarından irəli gəlir

Son vaxtlar Azərbaycan-Rusiya münasibətlərinin inkişafı və bu inkişafın Ermənistan əleyhinə çevrilə biləcəyi ilə bağlı ehtimallar səslənməkdədir.

Azərbaycan-Rusiya yaxınlaşması Qarabağ probleminin ölkəmizin xeyrinə həllinə şərait yarada bilərmi? Doğrudanmı Azərbaycan Rusiya ilə münasibətləri yeni mərhələyə qaldırmaqla Ermənistanı oyundanxaric vəziyyətə gətirə və Kremlin Qarabağ problemini həllinə ədalətlə yanaşmasını təmin edə bilər?

Moderator.az-a açıqlama verən politoloq Əli Orucov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
"Azərbaycanın qonşuları ilə yaxşı münasibətlər qurması və əlaqələrini daha da genişləndirməsi müsbət haldır. Xüsusən də qlobal hərbi-siyasi gücə iddia edən və çoxqütblü dünya düzəni yaratmağa cəhd göstərən Rusiya ilə dil tapmaq olduqca vacibdir. Baxmayaraq ki, Şimal qonşumuz son dövrlər daha aqressiv və ekspansionist siyasət yürüdür və daha çox hədə, güc dilində danışmağa üstünlük verir. Eyni zamanda beynəlxalq iqtisadi-maliyyə sanksiyaları Rusiyanı çətin duruma salmaqdadır. Lakin istənilən halda Moskva faktorunu diqqətdən kənara qoymamalıyıq.

Rusiya ilə Azərbaycanın inkişaf edən əlaqələrinin ölkəmiz üçün daha geniş mənada, xüsusən də ərazi bütövlüyümüzü və demokratik dəyərlərin bərqərar olunması baxımdan müsbət təsiri yoxdur. Çünki Rusiyanın özündə qeyri-demokratik bir rejim höküm sürür və belə bir rejimlərin də sərhədləri boyunca qalmasına çalışır. Ona görə də Rusiya ilə sərhədlərdəki dövlətlərdə demokratik dəyişiklikləri hər vəchlə əngəlləyir, buna qətiyyən imkan vermir. Demokratik dəyərlərin az çox olduğu sərhədyanı dövlətlərə isə daimi ciddi təhlükələr törədir. Qarabağ münaqişəsinin həllinə gəlincə isə, Moskva bu münaqişəni ona görə yaradıb ki, Cənubi Qafqazi nəzarətində saxlaya bilsin. Üstəlik də bu münaqişədən Rusiya Hərbi Sənaye Kompleksi hər il milyardlarla pul qazanır. Bunları təbii ki, əldən verməz. Qarabağın ədalətli həlli və münaqişənin bitməsi gələcəkdə Rusiyanın Şimalı Qafqazdakı subyektərinidəki durumu da kökündən dəyişə bilər, onların müstəqilik və azadlıq istəklərini artıra bilər ki, bu Kreml üçün qətiyyən arzuolunan deyil.

Rəsmi Bakı ilə Moskvanın yaxınlaşması əslində strateji deyil, hakimiyyətdəkilərin korporotiv maraqlarından irəli gəlir. Rejimlər mahiyyətcə oxşar olduqlarında mütərəqqi ictimaiyyətin təzyiqlərindən birgə qorunmaq məcburiyyətindədirlər. Ermənistanla münasibətlər isə bir qədər fərqlidir. Heç vaxt Ermənistan Rusiya tərəfindən oyundankənar vəziyyətdə qala bilməz. Moskva üçün Ermənistanda istənilən hakimiyyətləri dəyişmək su içimi kimi bir şeydir. Dağlıq Qarabağ münaqşəsinin ədalətli həlli hərbi-siyasi yoldur. və bu yol daxili həmrəylik və milli birlikdən, demokratiyadan və xalqa güvənməkdən keçir.