Bakını Qərbdən uzaqlaşmağa, məsafə saxlamağa məcbur edən Ermənistan faktoru və mövcud münaqişədir

Keçmiş sovet məkanında sosial-iqtisadi vəziyyəti kritik həddə çatan, yoxsulluq səviyyəsi sürətlə artan, anti-demokratik üsul-idarəçiliyin mövcud olduğu ölkələrdən biri də Ermənistandır. Bunun nəticəsi olaraq ötən illər ərzində düşmən ölkəni tərk edənlərin sayı xeyli artıb, əhalinin yaşayış səviyyəsi pisləşib. Hələ bir neçə il əvvəl erməni parlamentinin deputatları "Yoxsulluq artıq Ermənistanda milli təhlükəsizliyi hədələyən məsələyə çevrilib. Əgər problem həll olunmasa, ölkə daxilində sonuclarını təxminləyə bilmədiyimiz sosial fəlakət yaşana bilər”, – deyə bəyan etmişdilər.

Xəbər verildiyi kimi, Ermənistanın paytaxtı İrəvanın Azadlıq meydanında elektrik enerjisi qiymətinin artırılmasına qarşı iyunun 19-dan etibarən kütləvi etiraz aksiyaları başlayıb. Aksiyalar hakimiyyət qüvvələri tərəfindən xüsusi amansızlıqla dağıdılıb, yüzlərlə etirazçı döyülərək, onlara fiziki xəsarət yetirilib. Hətta aksiyanı işıqlandıran jurnalistlər, həmçinin hüquq müdafiəçiləri polis və xüsusi xidmət orqanları əməkdaşlarının zorakılığına məruz qalıb və həbs olunublar.

Ermənistandakı mövcud vəziyyəti şərh edən siyasi ekspert Əli Orucov hesab edir ki, bu ölkədə baş verən hadisələr uzun illər yığılaraq qalaqlanmış problemlərin, böhranlı vəziyyətin əndazədən çıxmasıdır. Əli bəyin qənaətinə görə, Ermənistanda həm sosial-iqtisadi, həm siyasətdəki neqativ hallar əvvəl-axır insanların hiddətini doğurmalı idi və doğurdu da: "Bundan əvvəl də İrəvanda müxtəlif etiraz aksiyaları baş qaldırmışdı. Ancq həmin aksiyalar belə emosiyalı, gərgin qarşıdurma halında və dirənişli olmamışdı. Ermənilər illərdir ki, hakimiyyətlərinin yürütdüyü siyasət nəticəsində qlobal və regional iqtisadi layihələrdən kənarda qalıb, faktiki blokadaya salınıb, bütün sahələr üzrə Moskvanın təsiri altına düşüb, beynəlxalq maliyyə institutlarının və iqtisadi mərkəzlərin maraq dairəsindən çıxıblar. Üstəlik, Ermənistan qeyri-stabillik və müharibə risqi ilə üz-üzədir. İnsanları nə qədər qorxu və təzyiq altında saxlamaq olar? Təbii ki, sosial-siyasi partlayışın baş verməsi hər an gözlənilirdi. Elektrik enerjisinin qiymətinin bahalaşması etirazlar üçün sanki bir bəhanə, bir qığılcım oldu. Bu baş verənlərin görünən tərəfləridir. Görünməyən daha dərin alt qatlar var”.

Ermənistandakı hadisələrdə Qərbin əli olduğu istisna edilmir. Maraqlıdır, burda Qərbin təsirinin olması və Rusiyanın sıxışdırılıb çıxarılması mümkündürmü? Müsahibim suala cavab olaraq dedi ki, ABŞ və Qərb Rusiyanın artan təhlükəsini və iddialarını önləmək üçün geniş iqtisadi, mailiyyə və siyasi sanksiyalara əl atıb. Bu sanksiyaların effektini artırmaq üçün şimal qonşumuzun dayaqlarını və əlaqələrini sarsıtmaq, yaxud da dağıtmaq, bu blokadanın çərçivəsini daraltmaq lazım gəlir: "Rusiyanı Cənubi Qafqazdan və tranzit Xəzər regionundan çıxartmaq üçün ilk növbədə Ermənistandan başlamaq lazımdır. Bunsuz rəsmi Moskvanın strateji Cənubi Qafqaz regionunda təsirini sıfırlamaq mümkün deyil. Çünki Ermənistan vasitəsi ilə Kreml Azərbaycan və Gürcüstanı öz nəzarətində saxlayır, həmin dövlətlərə əngəl yaradır. Heç kəsə sirr deyil ki, rəsmi Bakını Qərbdən, Avropadan uzaqlaşmağa, məsafə saxlamağa məcbur edən məhz Ermənistan faktoru və mövcud münaqişədir. Ermənistanda və Azərbaycanda insan haqları, demokratiya ilə bağlı problemlər də, siyasi hakimiyyətlərin mövcudluğunda da müharibə əsas faktor olaraq qalır. Müharibə həm də ABŞ və Qərbə qarşı rəsmi İrəvan və Bakının şantajı vasitəsi kimi qalır. Ona görə də Birləşmiş Ştatlar Ermənistan vasitəsilə Rusiyanın regional hegemon roluna son qoymaq istəyir”.

Söhbət əsnasında Ə.Orucov Azərbaycan iqtidarına Ermənistanda baş verən qarşıdurmalardan nəticə çıxarmağı tövsiyə etdi. Və bildirdi ki, əgər Rusiyanın tam nəzarətində olan bir ölkədə Qərb istədiyini həyata keçirməyə girişibsə, Azərbaycan Qərbə və ABŞ-a qarşı cəbhə açmamalıdır.

Bununla belə Əli bəy dedi ki, İrəvandakı proseslərin ciddi kataklizmlərə yol açmadan başa çatması maraq dairəsində olmalıdır: "Ermənistanda vəziyyət daha da gərginləşərək nəzarətdən çıxarsa, bütöv bir regionu müharibəyə sürükləyəcək. Ona görə ki, Rusiya və onun Ermənistandakı əlaltı hakimiyyəti prosesin miqyasını genişləndirmək, istiqamətini dəyişdirmək üçün müharibəni alovlandıra bilər. Bu da regionda iqtisadi, siyasi maraqları olan, böyük sərmayələr yatıran, həmçinin qlobal projelərin həyata keçirilməsini planlaşdıranların maraqlarına qətiyyən uyğun gəlmir /"Yeni Nəbz" qəzeti/