ABŞ Cənubi Qafqazda yeni regional situasiya yarandıqdan sonra hansı kursu izləyəcək, Türkiyə bu xarici siyasətdə hansı ağırlıqda yer alacaq, nəhayət, Rusiya və İrana münasibətdə nə gözləmək olar?
Fevralın 4-də (Bakı vaxtilə fevralın 5-də) ABŞ-ın yeni prezidenti Co Bayden xarici siyasət kursunu açıqlamalı idi. Əslində o, bunu fevralın 1-də edəcəkdi. Lakin qar yağması səbəbindən Ağ Ev sahibinin Dövlət Departamentinə gəlişi və nitqi üç gün sonraya ertələnmişdi.
Heç şübhəsiz ki, Bayden çıxışında Amerikanın dünyadakı yerinin bərpasına fokuslanacaqdı. Yayılan məlumatlardan aydın olur ki, prezident çıxışında siyasətin detallarını açıqlamayacaq, amma Trampın beynəlxalq qurumlarla təkəbbürlü davranışı, müttəfiqləri və rəqibləri ilə toqquşmalardan sonra yeni kursun açıqlanacağı gözlənilirdi.
Rəsmi Bakının da gözləri Amerikaya dikilmişdi. Çünki Azərbaycan bu çıxışda 3 suala cavab axtarırdı.
Birincisi, ABŞ müharibədən sonra Cənubi Qafqazda yeni regional situasiya yarandıqdan sonra hansı kursu izləyəcək? İkincisi, qardaş ölkə Türkiyə bu xarici siyasətdə hansı ağırlıqda yer alacaq? Nəhayət, yaxın qonşularımız Rusiya və İrana münasibətdə nə gözləmək olar?
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev yaranan sualları bu cür cavabladı: “ABŞ-dakı seçkilərdən öncə məlum idi ki, Trampın 4 il müddətində apardığı siyasətlə kökündən narazı olan böyük güclər bütün imkan və vasitələrdən istifadə etməklə onun ikinci dəfə seçilməyinə mane olmağa çalışacaqlar. Namizədin Bayden, yaxud başqa birisinin olmasının elə də əhəmiyyəti yox idi. Onlar üçün əsas hədəf ABŞ-ın daxili və xarici siyasətini müəyyənləşdirən hüquqi rıçaqlara nəzarəti təmin etmək idi. Bu gün üçün ölkə vətəndaşları arasında ciddi qütbləşmə təhlükəsini nəzərə almasaq, Tramp əleyhdarları istədiklərinə maksimum nail olublar. Prezident, Senat, Konqres demokratların nəzarətindədir. Uzun illərdir ki, belə vəziyyət olmamışdı. Bu isə demokratların istədikləri siyasəti rahat şəkildə həyata keçirmək üçün hüquqi bazanı artıq yaradıb. Baydenin prezidentliyinin ilk günündə imzaladığı sənədlər onu deməyə əsas verir ki, ABŞ qısa müddətdə dünyanın iqtisadi və siyasi xəritəsində yeni aktyor kimi meydanda olacaq. İlk olaraq ABŞ Avropa İttifaqı ilə zəifləmiş əlaqələri bərpa etməklə həmin regionda yenidən müttəfiqlərinin başına keçməyi düşünür. Bu, onun Rusiyaya qarşı aparacağı siyasətin əsas tərkib hissəsidir. Yaxın Şərq, İran siyasətində ciddi dəyişikliklərin olacağı Rusiyanı və İranı artıq narahat etməyə başlayıb. Hesab edirəm ki, bu istiqamətdə ABŞ kompromissiz siyasət yürüdəcək. Bizi bu gün narahat edən əsas məsələ Ağ Ev Administrasiyasının Türkiyə və Azərbaycanla bağlı sərgiləyəcəyi siyasətdir. Açığı, mən bu məsələyə optimist yanaşıram. Son illər ABŞ və Türkiyə arasında mövcud olmuş gərginliklərə baxmayaraq Türkiyə regionda ABŞ üçün vacib olan və əvəzlənməsi mümkün olmayan bir dövlətdir. Bura NATO-dakı müttəfiqliyini də əlavə etsək düşünürəm ki, yaxın zamanlarda bu dövlətlər aralarında olan bəzi razılaşdıra bilmədikləri məsələlərlə bağlı ortaq nöqtə tapacaqlar. Bu, Türkiyə və ABŞ üçün vacib məqamdır. ABŞ-ın Türkiyə ilə münasibətlərində müsbət irəliləyişlərin səviyyəsi rəsmi Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir edəcək. Bu gün artıq Türkiyə Cənubi Qafqazdadır və Rusiya bir neçə il öncə bunu ağlına belə gətirməzdisə, bu gün reallıqla barışmağa məcbur olub. Əminəm ki, Türkiyə bu mövcudluğunu daha da gücləndirməklə NATO ölkəsi olaraq həm də bir növ ABŞ-ı təmsil edəcək. Yeri gəlmişkən, Rusiyanın tanınmış siyasətçilərinin, ekspertlərinin də narahat olduqları əsas məqam budur”.“Yeni Müsavat”
Millət