Biz prosesin yerində saydığını görürük

Elşən Mustafayev: "Heç bir Avropa dövləti belə kriminal mahiyyətli ölkənin üzünə qapılarını açmaqda maraqlı olmaz”

Avropa Komissiyasının Avropa siyasəti, qonşuluq və genişlənmə üzrə komissarı Yohannes Xan Ermənistana səfəri çərçivəsində həmin ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüb. Avropalı komissar keçirdiyi birgə mətbuat konfransında deyib ki, Avropa Komissiyası Ermənistanla viza rejiminin sadələşdirilməsində maraqlıdır.

O hətta deyib ki, Avropa Parlamentinə yeni seçkilərin keçirilməsinə kimi Ermənistanla Avropa Birliyi arasındakı viza rejiminin liberallaşmasını həll etmək lazımdır. Yohannes Xan, həmçinin, bildirib ki, bununla bağlı konkret tarix hələ müəyyənləşməyib: "Bir o məlumdur ki, bu məsələ Avropa Parlamentinə üzv olan ölkələrlə ayrı-ayrılıqda müzakirə olunmalıdır”.

Əslində, Avropa Birliyinin Ermənistan kimi reputasiyası qeyri-sağlam olan ölkə ilə sərhədləri açmağa tələsməsi çox maraqlı görünür. Məlumdur ki, ötən il məhz Avropanın Almaniya, İspaniya kimi ölkələrində erməni diaspor nümayəndələrindən ibarət olan kriminal qrupların ələ keçirilərək ifşa olunması ilə bağlı xəbərlər geniş şəkildə işıqlandırıldı. Hətta həmin kriminal elementlərin Ermənistanın siyasi dairələri ilə belə əlaqələri üzə çıxmış oldu. Eyni zamanda, Ermənistanın adı Avropa qurumlarında "konyak diplomatiyası” deyilən bir məsələdə hallanır. Ermənistan bu "siyasəti” vasitəsilə Avropa strukturlarında lobbiçilik adı ilə deputatların ələ alınması ilə məşğul olub. Biz ötən il erməni əsilli vətəndaşların Qazaxıstanda hansı hadisələri törətdiyinə və bunun nəticəsində qazaxların ayağa qalxaraq bütün erməniləri ölkədən qovmaq istəməsinə də şahid olduq. Belə imicə malik olan ölkə ilə Avropa Birliyi niyə viza rejimini sadələşdirməyə tələsir?

AMİP katibi Elşən Mustafayev qəzetimizə bildirdi ki, düzü, Avropa İttifaqının bu yöndə siyasətində təzadlı məqamlar nəzərə çarpır: "Bilirsiniz ki, bu günlərdə Avropa Birliyinə (AB) üzv ölkələr viza müraciəti ilə bağlı rüsumları 80 avroya qaldırmağa hazırlaşır.

Avropa Parlamenti (AP) AB viza qaydalarının yenilənməsinə dair AB Şurası ilə aparılan müzakirələrdə razılıq əldə olunduğunu açıqlayıb. Buna görə, AB-nin 100-dən artıq ölkənin vətəndaşlarına tətbiq etməkdə olduğu səyahət vizası rüsumlarına dəyişiklik ediləcək. Bu çərçivədə AB ölkələrinə viza ərizələrində alınan 60 avroluq rüsum 80 avroya qaldırılacaq.

Belə sərtləşmə siyasətinin fonunda Ermənistanla vizanın tez bir zamanda sadələşəcəyini təxmin etmək absurd görünür. Bilirsiniz ki, AB bu cür vasitələrin köməyi ilə ölkələrlə manipulyasiyalar edir. Araşdırsanız görərsiniz ki, hələ 2012-ci ildən bu məlumatlar dövriyyəyə buraxılmağa başlayıb ki, AB ilə Ermənistan arasında bu yöndə addımlar atılacaq. Ancaq biz prosesin yerində saydığını görürük. Hazırda bu məsələnin yenidən aktuallaşması Ermənistanda formalaşan yeni hakimiyyətlə bağlıdır. Avropa Birliyi onlara istiqamət göstərmək istəyir ki, üzünüzü Şimala yox, Qərbə tutun. Həm də demək istəyir ki, biz Ermənistanı öz parçamız kimi görməyə də hazırıq, təki bizim dediyimizi edin. Bu anonsun fonunda AB Ermənistandan müəyyən addımların atılmasını gözləyəcək. Nəyi görmək istədiyini isə komissar orada erməni rəsmilərinə çatdırıb. Eyni zamanda, bu, AB-yə daxil olan ölkələrlə də razılaşdırılmalıdır. Heç bir Avropa dövləti belə kriminal mahiyyətli ölkənin üzünə qapılarını açmaqda maraqlı olmaz. Hələlik bu, Avropa Birliyi tərəfindən verilən anonsdan başqa nəsə deyil”.