Bizə yaxşı mütəxəssislər lazımdır

"Ölkəmizə qarşı aparılan kampaniyanın nəticəsi olmayacaq”

"Bu faciənin yaşanması hamımızı məyus etdi. Çünki faciə zamanı həyatını itirənlər oldu. Biz də AMİP olaraq bu faciədən ziyan çəkənlərin yanında olduğumuzu bəyan etdik, faciə zamanı dünyasını dəyişənlərin yaxınlarına dərin hüznlə başsağlığı verdik. Heç kəs istəməzdi ki, belə bir hadisə baş versin. Bu cür hadisələrin qarşısını almaq üçün müvafiq qurumlar sinxron şəkildə işləməlidir. Həmçinin bizə yaxşı mütəxəssislər lazımdır. Əlbəttə, hadisədən sonra Prezident İlham Əliyev təxirəsalınmaz tədbirlər gördü. Biz də yanğından ziyan görən vətəndaşlarımıza möhkəm iradə arzu edirik, hər zaman onların yanında olduğumuzu vurğulayırıq. Dövlət ziyan çəkən insanlarımıza kompensasiya verəcək. Həm də, Prezidentin tapşırığı ilə bu məsələnin baş vermə səbəbi araşdırılır, cinayət işi açılıb, həbslər var”.

Bunu Teleqraf.com-a müsahibəsində Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə bildirib. Müsahibəni təqdim edirik.

- Yusif bəy, Avropa Birliyinin Riqada keçirilən zirvə görüşü haqqında nə düşünürsünüz?

- Əslində, bu zirvə görüşünə daha çox Rusiya-Avropa Birliyi münasibətləri konteksdən baxmaq lazımdır. Xatırlayırsınızsa, bir neçə gün öncə Rusiyanın xarici işlər nazirliyinin nümayəndəsi açıq bildirdi ki, MDB ölkələrinin Riqa sammitində iştirakı arzu olunmur. Belə əsaslandırıldı ki, Riqa sammitində Ukrayna ilə bağlı məsələlər müzakirə edilə bilər. Əslində, Avropa Birliyinin "Şərq Tərəfdaşlıq Proqramı” başlayarkən buna paralel bir sənəd də hazırlanmışdı. Bu sənədə görə, 6 MDB ölkəsi ilə yanaşı Rusiya ilə də münasibət qurulacaqdı. Başqa sözlə, 6+1 formatında əməkdaşlıq olacaq. Lakin sonradan Rusiya ilə əməkdaşlıq məsələsi proqramdan çıxarıldı.

- Azərbaycan Prezidenti Riqa sammitinə qatılmadı. Qeyri-rəsmi səbəb kimi Avropa Birliyinin Azərbaycana qarşı apardığı kampaniya göstərilir. Siz necə düşünürsünüz?

- Xarici işlər naziri və Prezidentin xarici məsələlər üzrə köməkçisi Riqa sammitinə qatıldı. Əlbəttə, Prezidentin də sammitə qatılacağı gözlənilsə də, son anda təxirə salındı. Hesab edirəm ki, Azərbaycanın bu sammitdə iştirakı məqbuldur. Riqa sammitində əsasən üç məsələ müzakirə ediləcək. Bunlar media, vətəndaş cəmiyyəti və biznes forumlarından ibarətdir. Azərbaycan Avropa İttifaqı ilə ikitərəfli müqavilə səviyyəsində münasibətlər qurur və əməkdaşlıq edir. Çox güman gələcəkdə Avrasiya İttifaqı ilə münasibətlərə də ikitərəfli əməkdaşlıq formatında baxacaq. Moldova, Ukrayna və Gürcüstan artıq assosiativ sazişi imzalayıb. Xanım Merkel də açıq dedi ki, bu dövlətləri Avropa Birliyində hələ görmürlər. Bu üç ölkə ilə Avropa Birliyi arasında inteqrasiyaya dair platforma imzalanmalı idi. Lakin bu baş tutmadı. Öncədən bəlli idi ki, Azərbaycan hansı sənədlərə imza atmayacaq. Ancaq şübhəsiz ki, Azərbaycan Avropaya inteqrasiya edir, bu günə qədər ATƏT-in, Avropa Şurasının üzvü olub, Avropa Birliyi ilə həm ikitərəfli, həm də "Şərq Tərəfdaşlığı Proqramı” çərçivəsində əməkdaşlıq edir. Mümkündür ki, gələcəkdə Azərbaycanla Avropa Birliyi arasında strateji modernləşmə haqqına saziş imzalansın.

- Riqa sammitinə Rusiyanın forpostu olan Ermənistan prezidenti də qatılmışdı. Sizcə, Sarkisyan öz təşəbbüsü ilə bu tədbirə qatılıb?

- Elə deməzdim. Baxın, Krımın anneksiyası məsələsi müzakirəyə çıxarılan zaman Ermənistan buna etiraz etdi. Erməni tərəf bununla mövqeyini ifadə edib. Başqa sözlə, Ermənistan tərəfi bu tədbirə Rusiyanın iradəsindən sonra qatılıb. Sarkisyan müstəqil şəxs deyil ki, özü Riqa sammitinə qatılsın. Ancaq bildiyiniz kimi Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləmişdi. Riqa sammitində Azərbaycan heç vaxt Ermənistan kimi hərəkət etməzdi. Ermənistandakı durumu hamımız yaxşı bilirik. Bu ölkə ümumiyyətlə müstəqil olaraq heç bir addım atmır.

- Bir neçə gün əvvəl növbəti iqtidar-müxalifət dialoqu keçirildi, siz də bu prosesdə iştirak etdiniz. Nələri müzakirə etdiniz və bundan sonra görüşlər planlaşdırılıbmı?

- Bu, sayca üçüncü görüş idi. Mən çıxışımda dörd tezis irəli sürdüm. Bunlar əsasən siyasi partiyaların iş rejiminin dəyişdirilməsi, maliyyə vəziyyəti, siyasi partiyalar haqqında qanuna dəyişikliklər edilməsi və proporsional seçki sisteminin tətbiq edilməsi ilə bağlı təkliflər oldu. Arqumentim belə oldu ki, 1995-ci ildə Azərbaycan Milli Məclisinə I çağırış seçkilər keçirilib və konstitusiya əsasən 125 nəfərdən ibarət parlament formalaşdırılıb. 1995-ci ildə Azərbaycan əhalisinin sayı 7 milyona yaxın olub. Hazırda isə on milyona yaxındır. Bu həm də seçicinin artması deməkdir. Bizdən iqtisadi baxımdan gücsüz və zəif olan qonşu ölkələrin parlamentində 150 deputat var. Bizdə isə hələ də, 125 deputat sayı var. Odur ki, bizdə də deputat sayı arta bilər. Eləcə də, təklif etdim ki, proporsional və majoritar seçki sistemi birgə tətbiq edilsin, yəni qarışıq seçki sistemi olsun. Vaxtilə bizdə belə sistem tətbiq edilib. Bu siyasi partiyaların güclənməsinə töhfə ola bilər. Həmçinin maliyyə məsələsi ilə əlaqədar siyasi partiyalar haqqında qanuna dəyişiklik edilsin. Daha bir təklifim odur ki, siyasi partiyalarla əlaqədar ombudsman yaradılsın. Ombudsman siyasi partiyalarla bağlı xarakterik məsələlərə diqqət edə bilər. Həmçinin biznes məsələləri ilə bağlı da ombudsman institutu yaradıla bilər. Bu yaxınlarda dövlət nümayəndələri bildirmişdi ki, bizdə kapital amnistiyası ola bilər. Yəni bir sıra təkliflərimiz olub və bu haqda danışmışıq. Təbii ki, strukturlar arasında sinxron fəaliyyət də olmalıdır. Cənab Əli Həsənov qeyd etdi ki, dialoqun davamı olacaq. Çox böyük ehtimalla I Avropa Oyunlarından sonra iqtidar-müxalifət dialoqunun növbəti raundu təşkil ediləcək. Dialoqda irəli sürülən təkliflər, onun müzakirəsi və nəticəsi olmalıdır. Bunu hamı istəyir. Hesab edirəm ki, dialoqun alternativi yoxdur. Bu gün bölgədə və dünyada ciddi proseslər gedir. Siyasi qüvvələrin bir araya gəlməsi, məsələləri müzakirə etməsi, fikirlər səsləndirməsi müsbət hadisədir. Mən də hesab edirəm ki, dialoq davamlı olmalı, ölkənin ən müxtəlif problemləri bu müstəvidə müzakirə edilməlidir. Hər halda başlanan bu prosesi pozitiv qiymətləndirmək lazımdır.

- Həftənin əvvəlində Bakıda çoxmərtəbəli bina yandı, hadisə zamanı vəfat edənlər oldu. Hökumətin qısa zaman kəsiyində faciənin nəticələrini aradan qaldırmaq üçün atdığı addımları necə qiymətləndirirsiniz?

- Təbii ki, bu faciənin yaşanması hamımızı məyus etdi. Çünki faciə zamanı həyatını itirənlər oldu. Biz də AMİP olaraq bu faciədən ziyan çəkənlərin yanında olduğumuzu bəyan etdik, faciə zamanı dünyasını dəyişənlərin yaxınlarına dərin hüznlə başsağlığı verdik. Heç kəs istəməzdi ki, belə bir hadisə baş versin. Bu cür hadisələrin qarşısını almaq üçün müvafiq qurumlar sinxron şəkildə işləməlidir. Həmçinin bizə yaxşı mütəxəssislər lazımdır. Əlbəttə, hadisədən sonra Prezident İlham Əliyev təxirəsalınmaz tədbirlər gördü. Biz də yanğından ziyan görən vətəndaşlarımıza möhkəm iradə arzu edirik, hər zaman onların yanında olduğumuzu vurğulayırıq. Dövlət ziyan çəkən insanlarımıza kompensasiya verəcək. Həm də, Prezidentin tapşırığı ilə bu məsələnin baş vermə səbəbi araşdırılır, cinayət işi açılıb, həbslər var.

- Xəbərlər var ki, Avropa Birliyi yaxın günlərdə ölkəmizlə bağlı müzakirə aparıb yenidən anti-Azərbaycan qətnaməsi qəbul edəcək. Siz bunu necə şərh edirsiniz?


- Mən də ötən gün bu haqda informasiyanı oxumuşam. Ancaq özümdə konkret məlumat yoxdur. İndiyə qədər bu tipli qərarlar olub və biz də buna dövlət maraqları prizmasından yanaşaraq tənqid etmişik. Ancaq yaxın günlərdə hansı qərarın qəbul ediləcəyini bilmirik. Onu da vurğulayım ki, bu cür fəaliyyət şübhəsiz ki, Azərbaycana qarşı təzyiq xarakteri daşıyır. Avropa Parlamenti mayın 12-də toplaşaraq müzakirələr aparıb və qətnamə qəbul edib, indi də mümkündür ki, buna oxşar bir hadisə olsun. Təbii ki, bu sistemli şəkildə həyata keçirilir. Məqsəd təzyiqləri artırmaq və I Avropa Oyunlarını gözdən salmaqdır. Biz də dövlət olaraq müəyyən addımlar atmalıyıq.

- Bu kimi qara piar kampaniyasının I Avropa Oyunları öncəsi hansı nəticəsi ola bilər?

- Mən bunun ciddi bir nəticəsinin olacağını düşünmürəm. I Avropa Oyunları yüksək səviyyədə keçiriləcək. Həm də nəzərə almaq lazımdır ki, bu Oyunların Bakıda keçirilməsi haqda qərarı Avropa Olimpiya Komitəsi verib. Bu qurumda isə 49 ölkə birləşir. Əksər ölkələr də elan ediblər ki, bu Oyunlarda iştirak edəcəklər. Onlar böyük idmançı heyəti ilə bu yarışlara qoşulacaqlar. Yarışlara çox az vaxt qalıb, dövlətlərin bir çoxunun da yarışlarda iştirak edəcəyinə dair mövqeyi var. Odur ki, bu yarışlar keçiriləcək, aparılan anti-Azərbaycan kampaniyasının isə nəticəsi olmayacaq.

Nemət