Qarabağdakı separatçıların qondarma “ombudsmanı” Qeqam Stepanyanın etirafları orada acınacaqlı vəziyyətin getdikcə daha da pisləşməsindən xəbər verir.
Q.Stepanyanın fikrincə, Qarabağ kəndlərini müharibə dövründə tərk edən ermənilər geri qayıtmaq istəmir. O qeyd edib ki, bir çox sakin 2020-ci il müharibəsi zamanı kəndləri tərk etməzdən əvvəl evlərini yandırıb: “Müharibə dayanandan sonra onlar geri qayıtmayıb. Çərəktar kəndinin sakinləri normal həyat sürmək imkanından məhrumdur, övladları təhsil ala bilmir. Ətraf təpələrdə Azərbaycan əsgərləri mövqeləndikləri üçün sakinlər bundan ehtiyat edir. Bu səbəbdən kəndi tərk edənlər get-gedə artır. Müharibədən sonrakı vəziyyətdə, qeyri-müəyyənlik davam etdiyi üçün qayıtmaq istəmirlər. Getavan kəndindəki məktəbdə uşaqların təhsilinin təşkili təklifi valideyn tərəfindən təhlükəsizlik səbəbilə rədd edilib. Bir neçə ailə kəndə qayıtsa da, məktəb olmadığından yenidən oradan gediblər. Dəfələrlə məsələ qaldırılsa da problemlər həll edimir”.
Belə məlum olur ki, erməniləri Qarabağda saxlamaq cəhdləri gərəkən nəticəni vermir. Üstəlik, Ermənistanın məhdud resursları oradaki problemləri həll etməyə imkan vermir.
“Qarabağda yaşayan ermənilər normal yaşayış mühitini ancaq Azərbaycan qanunlarına tabe olduqdan sonra təmin edə biləcəklər”
Məsələyə münasibət bildirən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, əslində qondarma “qurumun” nümayəndəsi müharibə dövründə baş vermiş bu hadisəni gündəmə gətirməklə, ermənilərin barbar təfəkkürünü bir daha nümayiş etdirmiş oldu: “Hansı düşüncədə, hansı əxlaqda olasan ki, gündəlik yaşadığın evi yandırıb külə çevirəsən? Baxın, 44 günlük müharibədən sonra ermənilərin bu vandal hərəkətlərinə dünya ictimaiyyəti çox təəccübləndi. Ancaq bizim xalq ermənilərin bu xarakterik xüsusiyyətlərinə bələd olduğu üçün təəccüblənmədik. Düz iki əsrə yaxındır ki, ermənilər bu bölgəyə köç etdikdən sonra bir çox dövlətlərin əlində siyasi alət olaraq fürsət düşdükcə zaman-zaman bu “əməllərini” həyata keçiriblər. Tarix siyasi elm sahəsi olduğu üçün nümunələrlə bol olur. 1905-ci ildən etibarən ermənilər indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıları orada soyqırıma və deportasiyalara məruz qoyublar. Bir fakt varmı azərbaycanlılar öz yurdlarını məcbur olub tərk edərkən onu yandırmağa və yaxud dağıtmağa cəhd etsin? Belə bir fakt yoxdur. Torpağın, oradakı mülklərin bizim xalqımıza məxsus olduğunu hər kəs dərk edib. Çünki insanlarımız bilirdilər ki, onlar mütləq doğma yurdlarına qayıdacaqlar. Bizim xalq qurub-yaradan xalqdır. Hər zaman dövlətimiz, dövlətçiliyimiz olub. Belə bir məşhur aforizm mövcuddur: "Hara getdiyini bilməyən gəmiyə rüzgar da kömək etmir." İndiki günlərimiz də eynilə ermənilərin durumunu əks etdirir. Hələ də bu xalq anlamır ki, qonşu dövlətlərlə münaqişə vəziyyəti heç bir halda sülh, əmin-amanlıq gətirmir. Bu ağrılı məsələ bölgənin inkişafına əngəl yaradır. 30 ildə işğala məriz qoyduqları əraziləri darmadağın etdilər. Bütün dünya bu xalqın hansı dağıdıcı, təfəkkürə sahib olduğunu görməkdədir. Qarabağda yaşayan ermənilər də dərk edirlər ki, əvvəl-axır Azərbaycanın vətəndaşlığını qəbul edib normal yaşamağa davam etməlidilər. Əks halda gəmiyə minib gəmiçi ilə dava etməyin heç bir faydası olmayacaq. Qarabağda yaşayan ermənilər normal yaşayış mühitini ancaq Azərbaycan qanunlarına tabe olduqdan sonra təmin edə biləcəklər”.
Sədr müavini onu da vurğuladı ki, bunu etməsələr Laçın dəhlizi Ermənistana onlar üçün açıqdır.
Vidadi ORDAHALLI