Son günlər regionda yerləşən 2 dövlətdə etiraz aksiyaları geniş vüsət alıb. Belə ki, İranda yanacağın qiymətinin qalxması ilə razılaşmayan vətəndaşlar küçələrə üz tutdular. Gürcüstanın paytaxtı Tiflisdə ölkə parlamentinin binası qarşısında növbəti etiraz aksiyası keçirilir. Birində sosial problemlə bağlı tələblər irəli sürüldüsə, digərində isə növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəmə gəldi.
Maraqlı olan məqam odur ki, Ermənistanda Gürcüstan və İranda gedən siyasi proseslər böyük narahatlıqla izlənir. Erməni mediasında bununla bağlı dərc olunan müxtəlif yazılarda da bu özünü göstərir. Məsələn, "Politik.am” saytı yazır ki, qonşu iki ölkədə gedən proseslər Ermənistan ətrafında halqanı daraldır: "Bizim şimal və cənub qonşularımız olan Gürcüstanda, İranda hökumət əleyhinə etirazlar keçirilir. Bu sadə olmayan hadisələr Ermənistan üçün güclü zərbə ola bilər. Belə ki, Ermənistan üçün xarici dünya ilə quru əlaqəsi bu iki dövlətlə həyata keçirilir və bu ölkələrdəki daxili qeyri-stabillik bu əlaqəni kəsəcək. Bu situasiyada İrəvan müşahidədən artıq heç nə edə bilməz”.
"Lragir.am” saytı isə bənzər hadisələrin Ermənistanda da baş verə biləcəyinə eyham vurub: "Bu proseslər içərisində Ermənistan sabitlik adası kimi görünür. Birincisi, burada inqilab artıq baş verdi və hakimiyyət dəyişdi. İkincisi, dəyişiklik manqal və şampan ilə qansız oldu. Ancaq baş verən proseslər fonunda İrəvan həm xarici oyunçularla münasibətlərdə, həm də daxili baxımdan tarazlığı qorumağı bacaracaqmı?”.
Görünən odur ki, Ermənistan hər iki qonşu ölkədə gedən proseslərdən narahatdır. Maraqlıdır, ermənilər niyə bu qədər narahatdırlar?
"Bu həm iqtisadi-siyasi, həm də humanitar sahədə ciddi fəsadlara səbəb olacaq”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov Ermənistanda bununla bağlı yaşanan narahatlığı bir sıra amillərlə əlaqələndirdi: "Məsələ ondadır ki, Ermənistan Gürcüstan və İranla həmsərhəddir. Bu sərhəd, əslində, onlar üçün nəfəslikdir və həyatı əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, Ermənistanın açıq dənizə çıxışı yoxdur. Dörd ölkə ilə quru sərhədinə malikdir. Onlardan ikisi ilə sərhəd bağlıdır. Yürütdüyü təcavüzkar siyasəti ilə özünü blokadaya salan Ermənistan bu iki dövlətin ümidinə qalıb və onlar sayəsində nəfəs ala bilir. Əgər Gürcüstanda və İranda siyasi proseslər arzuolunmaz səviyyəyə yön alsa, sabitlik pozularsa, o zaman Ermənistan çətin vəziyyətə düşəcək. Bu həm iqtisadi-siyasi, həm də humanitar sahədə ciddi fəsadlara səbəb olacaq. Məlum olduğu kimi, həm İranda, həm də Gürcüstanda minlərlə erməni yaşayır. Bu ölkələrdə proseslərin gedişi fonunda həmin ermənilərin Ermənistana qaçması bu ölkədə həm də kriminogen durumu tam nəzarətdən çıxara bilər. Aclıq və fəlakət baş alıb gedər. Daha böyük əndişə isə İran istilasında olan Güney Azərbaycanın müstəqillik tələbləri, yaxud birləşmə ehtimallarıdır. Bu ehtimal ermənilərin yuxusunu ərşə çəkib. Ermənistan və bütün dünya erməniləri üçün ən bəddua Güney Azərbaycanla Quzey Azərbaycanın birləşmə ehtimalıdır. Çünki bu, ermənilər üçün ölüm hökmünün oxunması deməkdir”./Bakı Xəbər/