"Üzgüçülük qabiliyyətilə deputat seçilmək mümkün olsaydı, dünyanın bütün parlamentlərinə akulalar rəhbərlik edərdi”.
AMİP-in sədr əvəzi Arzuxan Əlizadə Ovqat.com-a deputat Arif Rəhimzadənin fikirlərini şərh edərkən belə deyib.
Qeyd edək ki, deputat "Müsavat” qəzetinə verdiyi müsahibəsində Prezidentin müəyyənləşdirdiyi 70 yaş senzinin deputatlara şamil olunmadığını bildirərək demişdi:
"Birincisi, deputat təyin olunmur, seçilir. İkincisi, bunu deputatın yerdə nüfuzunun olub-olmaması müəyyənləşdirir. Üçüncüsü də buna partiyanın münasibəti vacibdir… Kimisə çıxartdılar, kimisə qoydular, bu, deputatlara aid məsələ deyil”.
Bu sözlərin ardından 78 yaşlı millət vəkili özünün hələ qocalmadığı, cavan qaldığını iddia edərək, dəlil kimi 35 dəqiqədə 1 km üzmək qabiliyyətini göstərmişdi: "Mən həftədə 3 dəfə üzgüçülüklə məşğul oluram və 35 dəqiqə ərzində dayanmadan 1 km məsafəni dəf edirəm”.
AMİP yetkilisinin fikrincə isə, üzgüçülük qabiliyyəti nə insanın qocalığına, nə də millət vəkili olmaq keyfiyyətinə dəlalət edir: "Millət vəkili olmaq üçün gərək millətin dərdini, problemlərini və bu problemlərdən çıxış yollarını biləsən. 78 yaşda həftədə 3 dəfə hansısa hovuzda üzməklə bunları bilmək mümkün deyil. Əksinə, deputat bunun yerinə həftədə 3 dəfə öz seçicilərinin arasında olsaydı, cəmiyyətə daha çox fayda verərdi. Arif Rəhimzadə isə müsahibəsində axırıncı dəfə bir ay əvvəl seçiciləri ilə görüşdüyünü etiraf edir. Bir də onlarla nə zaman görüşəcəyini bir özü bilir, bir də Allahı. Sağlamlığına həftə 3 dəfə, seçicilərinə isə bir neçə aydan bir vaxt ayıran anlayışla Azərbaycanın bu gün qarşı-qarşıya qaldığı problemlərə çarə tapmaq olmaz”.
AMİP-in qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlaşdığını deyən Arzuxan bəy, demək olar, həftə sonları belə evdə istirahət edə bilmədiklərini, rayon-rayon, kənd-kənd ölkəmizi gəzdiklərini bildirərək vurğuladı ki, xalqın səsini almaq istəyən hər kəs bunu etməlidir: "Bu yoğun templə işləmək isə həftədə 3 dəfə üzgüçülüklə məşğul olmağa öyrəşmiş 78 yaşlı orqanizm üçün kifayət qədər böyük enerji tələb edir. Üstəlik, bizim bu templə qazanmağa çalışdığımız bələdiyyə seçkiləridir. Ölkənin ən ali qanunvericilik orqanına seçkiləri qazanmaq üçün daha böyük enerji lazımdır. Arif Rəhimzadə kimi yaşlı deputatlar ömürlərində bir dəfə bu ağırlığı çiyinlərində daşısaydılar, könüllü şəkildə deputatlıqdan imtina edər, böyük miqdarlı pensiya almaqla kifayətlənər, nəvələri, nəticələri ilə vaxt keçirərdilər”.
Millət vəkili adı daşıyan Arif Rəhimzadənin deputatların seçilməsi xatırladaraq prezidentin yaş senzinin onlara yox, yalnız təyinolunmuşlara şamil edilə biləcəyi barədə fikriylə də razılaşmayan A.Əlizadə bu arqumentlərin formal baxımdan haqlı, Azərbaycan reallığı üçün isə çürük olduğuna inanır: "Arif Rəhimzadə əgər ABŞ-ın senatoru və ya konqresmeni, yaxud Türkiyə, Avropa ölkələrinin millət vəkili olsaydı, tamamilə haqlı idi. O isə nə senatordur, nə konqresmen, nə də millət vəkili, sadəcə MM-in deputatıdır. Azərbaycan reallığında indiyədək MM deputatlarının seçilmədiyini, təyin olunduğunu hər kəs bilir. Prinsipcə, həmin müsahibəsində bunu deputatın özü də bu cümlələrlə etiraf edir: "Üçüncüsü də buna partiyanın münasibəti vacibdir”. Fikrimcə, bu sözlər deputatların xalq tərəfindən seçilmədiyinin ən bariz təsdiqidir”.
Azərbaycan reallığında deputatların təyin olunmasının ciddi problemlərə yol açdığını düşünən həmsöhbətimiz bunun başlıca təzahürünün cibində mandat daşıyan şəxslərin bəzən xalqın və dövlətimizin maraqlarına cavab verməyən çıxışlar olduğunu bildirdi: "Guya, milli iradənin təcəlləsi kimi görünən bu deputatlar zaman-zaman həm xalqın, həm də dövlətin maraqlarına zidd bəyanatlar səsləndirirlər. Arif Rəhimzadə də ictimai vicdanı incidən açıqlamalarıyla yadda qalan mandatlılardandır. Onun xüsusilə "biz türk deyilik, ayrı millətik” sözləri və Rusiyanı öyən bəyanatları Kremlin 5-ci kolonuna aid birisi kimi tanınmasına yol açıb. İndi bu adamın ABŞ senatoru kimi danışması ancaq və ancaq gülüş doğura bilər”.
Söhbətimizin sonunda dünyanın böyük sürətlə dəyişdiyini və ölkəni idarə edənlərin də bu sürətə ayaq uydurmasının vacibliyinə toxunan AMİP yetkilisi əksər deputatların bu qabiliyyətdə olmadığını düşünür: "Arif Rəhimzadə heç yaxasını kənara çəkməsin, o da belə deputatlardandır. Hələ də sovet təfəkküründən uzaqlaşa bilməyən, beynindəki sovet nostalgiyasını rus sevgisinə metamorfoza edən bütün mandatlılar üzüsulu getsələr, guya çox sevdikləri Prezidentə də, cəmiyyətə də fayda verərlər. Bu xalqa millət vəkili lazımdır, kiminsə və ya haranınsa mandatlısı yox”.