“Cümhur İttifaqı”nın qalib gəlməsi heç də o demək deyil MHP hakimiyyətə gəldi

Əli Orucov: "O baxımdan bunu millətçi kəsimin gələcəyi üçün təhlükəli hal hesab etmirəm”

Məlum olduğu kimi, Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri uğurla başa çatdı. Seçki sakitlik, qarşılıqlı anlaşma və beynəlxalq qaydalara riayət edilməklə keçdi. Hətta HDP belə insanları sakitliyə və demokratiyaya səsləyib, aranı qarışdırmaq istəyənlərə fürsət verilməməsini istədi.

Vətəndaşlar bu kimi çağırışlara həssaslıq göstərdi və Türkiyə növbəti sınaqdan üzüağ çıxdı. Gözlənildiyi kimi, seçkidə "Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan daha çox səs topladı. Bu ittifaqda Ədalət və İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyası birləşmişdi. Ana Vətən Partiyası və Muhsin Yazıcıoğlunun tərəfdarları da dəstək verirdilər. Son anda Tansu Çillər R.T.Ərdoğana dəstəyini ifadə etdi. Digər düşərgədə isə "Milli İttifaq” deyilən qrup vardı. Orada əsas olaraq CHP və HDP birləşmişdi. Ancaq onların hər birinin öz namizədi vardı. Onların yanında MHP-dən qopmuş, "İYİ Partiya” adlanan, Meral Akşenerin başçılıq etdiyi qrup vardı.

Alınan nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan təqribən 52,6 faiz səslə qalib gəlib. Məhərrəm İncə (ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyasının namizədi) 30,6 faiz səs toplayıb. Digərləri aşağı nəticələr göstəriblər. Parlamentə seçkidə hakim partiya təqribən 42,6 faizlik səslə 295 yerə sahib olub. CHP 146 yer alıb. Digər mandatların 67-si Xalqların Demokratik Partiyasının, 49-u Millətçi Hərəkat Partiyasının, 43-ü isə "İYİ Partiya”nın payına düşüb. Seçki prosesi tam başa çatıb. Ali Seçki Komissiyası R.T.Ərdoğanın qalib gəldiyini bəyan edib.

Son seçkilərdə diqqətçəkən məqamlardan biri də millətçi kəsimin parçalanması oldu. Adətən son seçkilərə qədər sözügedən kəsimin elektoratı əsasən vahid mövqedən çıxş edirdi. Bu dəfə isə millətçi kəsimi təmsil edən MHP iqtidar yanında, eyni kəsimi təmsil edən "İYİ Partiya” isə müxalifətdə yer aldı. Millətçi kəsimi təmsil edən partiyalar, demək olar, eyni sayda mandata sahib oldular. Yaranan belə mənzərədən çıxış edərək millətçi kəsimin gələcəyini necə proqnozlaşdırmaq olar?

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, seçkilərdən sonra yaranan mənzərə milləçi kəsimin gələcəyi ilə bağlı müxtəlif versiyaları gündəmə gətirir: "Ancaq bu barədə birmənalı proqnoz vermək çətindir. Bunun müxtəlif səbəbləri var. Bir məqamı nəzərə almaq lazımdır ki, "Cümhur İttifaqı”nın qalib gəlməsi heç də o demək deyil MHP hakimiyyətə gəldi. Bu, hakimiyyət partiyası olmaq anlamına gəlmir. Çünki artıq Türkiyədə prezidentlik üsul-idarəsi yaradılıb. Əvvəlki illərdən fərqli olaraq, kabineti baş nazir yox, prezident formalaşdıracaq. Yəni təyinatla həyata keçiriləcək. Ona görə də bu, MHP-nin hakimiyyətə gəlməsi anlamına gəlmir. Nəzərə almaq lazımdır ki, AKP və MHP bələdiyyə seçkilərinə ayrı-ayrı gedəcəklər. Sadəcə olaraq MHP-nin müəyyən məsələlərdə anlaşması və birgə atacaqları addımlar var. Eyni zamanda, siyasətlərində və proqramlarında müəyyən uyğunluqlar var. Ancaq burada fərqlər həm də onu göstərir ki, gözlənildiyinin əksinə olaraq, MHP kürdlərin kompakt yaşadığı ərazilərdə də xeyli səs toplaya bildi. Bu həm də onu göstərir ki, Türkiyənin özündə də millətçi kəsim getdikcə üstünlük qazanmaqdadır. Bunu da biz adətən xarici basqıların artması fonunda müşahidə edirik. Millətçi kəsimin bölünməsi ilə bağlı müxtəlif versiyalar irəli sürmək olar. Bu, hansısa bir planın tərkib hissəsi də ola bilər. Yaxud da digər məqsədlər də güdə bilər. Çünki millətçi kəsim deyəndə burada ideoloji fərqlər də var. Siyasi münasibətlərə, baxışlara fərqli yanaşmalar da var. Ona görə də MHP ilə "İYİ Partiya”nın hakimiyyətə münasibəti fərqli olsa da, alt dabanda, aparıcı ideologiyalarında elə bir ciddi fərqlər yoxdur. O baxımdan bunu millətçi kəsimin gələcəyi üçün təhlükəli hal hesab etmirəm”.