Çünki siyasi vitrin bəlli idi

Təşkilatlanma prosesi dağılma ilə nəticələnir
Azərbaycanda son illərdə müxalifət düşərgəsində nə zaman hansısa birlik yaratmaq istiqamətində təşkilatlanma prosesi başlayırsa, qısa müddət sonra gərginliklər, qarşılıqlı ittihamlar meydana gəlir və təşkilatlanma əks prosesə çevrilir.

Ən son olaraq Azərbaycan Xalq Hərəkatı nümunəsində bunu gördük. Bu isə təşkilatlanmanın xeyrindən çox zərərinin olduğu iddialarını meydana gətirib. Odur ki, bəlkə müxalifət partiyaları bir müddət ikitərəfli əməkdaşlıqlara üstünlük versinlər, nəinki hədəfə çata bilməyən böyük birliklər yaratmağa?

AMİP Siyasi Şura üzvü Əli Orucov "Yeni Müsavat"a bildirdi ki, təmsil olunduğu partiya Azərbaycan siyası səhnəsində ən zəngin təcrübəsi olan partiyadır. Partiyanın daha bir müsbət xüsusiyyəti ondan ibarətdir ki, atılan addımlar əvvəlcədən ciddi müzakirələrdən keçirilir, sonra müvafiq qərarlar verilir. Həmçinin təhlillər aparılır. Buraxılan səhvlər, yanlışlıqlar, yaxud da üstünlüklər analiz edilir: "Partiyadaxili demokratiyanın gücündəndir ki, heç kəs birtərəfli və özbaşına qərarlar vermir. Bu da təbii olaraq məsuliyyət bölgüsü yaradır. AMİPdaxili demokratiyanın müxalif düşərgəsindəki bəzi dostlarımıza xoş gəlməməsinə baxmayaraq, bu ənənə davam etməkdədir. Müxalifətdaxili bloklaşmaya və ittifaqların yaranmasına bizim fərqli yanaşmalarımız var. Əvvəla, partiyanın bloklara qoşulmamaq və iştirak etməmək haqqında qərarı var. Amma bəzi siyasətçilər bunu yanlış başa düşürlər. Biz bloklara qoşulmuruq. Lakin blok və birlikləri özümüz yaradırıq. Qoşulmaq ayrı məfhumdur, yaratmaq ayrı. Düşünürəm ki, müxalifət hər hansı birlik və ittifaq yaradanda tələskənliyə, məzmuna deyil, formaya üstünlük verirlər, keçmişlər, buraxılan səhvlər nəzərə alınmır. Yaxud da liderlərin qərarları önəm daşıyır. Əksər hallarda bir-birinə hətta düşmən olan qüvvələr, patoloji nifrət bəsləyənlər müttəfiq görüntüsü yaradırlar. Qısa bir qığılcım bəs edir ki, hər kəsin niyyəti və siması, məqsədləri ortaya çıxsın. Təəssüf ki, illərdir müxalifət daxilində bu proseslər davam edir. Çünki illərdir siyasi arenada həmin qüvvələr və simalar hegemonluq edir, eyni düşüncə, eyni təfəkkür də davam edir. AXH adlı qurum yarananda da biz bu prosesdə iştirak etmədik. Çünki siyasi vitrin bəlli idi. Sonluğu da təxmin etmişdik. Azərbaycanda partiyaların ideoloji yaxınlaşması, ittifaqlaşması hələ baş verməyib. Bunun əsas səbəbi də siyasi sistemin qeyri-normal olmasına bağlıdır. /Yeni Müsavat/

Müxalifət düşərgəsində ikitərəfli əməkdaşlıq nümunələri olub və müəyyən dövr üçün normal da effekt verib. Bu praktikadan yenidən istifadə etmək olar. Məsələn, 1997-ci ildə AXCP-AMİP, yaxud 1999-cu il AMİP-ADP arasında bağlanmış əməkdaşlıq sazişləri siyasi proseslərə ciddi təsir göstərə bilmişdi. Xatırlatmaq yerinə düşərdi ki, 30 oktyabr 1997-ci ildə Kələkidən Bakıya qayıdan mərhum prezident Əbülfəz Elçibəy AXCP-nin sədri kimi əməkdaşlıq haqqında sazişi ilkin olaraq AMİP-lə bağlamışdı"."Yeni Müsavat”