Dağlıq Qarabağla bağlı danışıqlar aktiv fazaya girib

Ermənistan prezidentliyinə əsas namizəd Armen Sarkisyan Azərbaycanın işğal altında saxlanan Dağlıq Qarabağ bölgəsinə səfər edib. O, separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. A.Sarkisyan erməni icmasının nümayəndələri ilə də bir araya gəlib.

Qeyd edək ki, Armen Sarkisyan hakim Ermənistan Respublikaçılar Partiyasının prezidentliyə namizədidir. A.Sarkisyan 1953-cü ildə İrəvanda anadan olub. İrəvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirib. O, 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri postunu tutub. Ölkəsinin Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri, 1995-1996-cı illərdə isə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib. 2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir. Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda energetika sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət "Knightsbridge Group" holdinqinin sahibidir. 64 yaşlı Sarkisyanın Türkmənistan və Özbəkistanda da biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu barədə məlumat yayılıb.

2015-ci il dekabrın 6-da qəbul edilən yeni konstitusiyaya əsasən, Ermənistan 2018-ci ildən parlamentli respublika idarəetmə sisteminə keçəcək. Yeni prezident parlamentdə 7 il müddətinə seçiləcək. Bir şəxs ard-arda iki dəfə dövlət başçısı ola bilməz. Namizədlər parlamentdə fevralın 19-dan irəli sürüləcək. Martın 2-də parlamentdə prezident seçkisi keçiriləcək.

Prezidentliyə ən şanslı namizəd sayılan Armen Sarkisyanın məhz bu məqamda Dağlıq Qarabağ ərazisinə səfər etməsi çox maraqlıdır. Bu səfər həm seçkiqabağı dönəmə, həm də Dağlıq Qarabağla bağlı intensiv danışıqların aparıldığı mərhələyə təsadüf edir. Təbii ki, belə olan təqdirdə bunun siyasi bir gediş olduğuna şübhə yeri qalmır. Ola bilərmi ki, indiki hakimiyyət Dağlıq Qarabağla bağlı növbəti danışıqlar prosesini aparmaq məsuliyyətini məhz yeni seçiləcək prezidentin üstünə atmaq istəyir?

Politoloq Elşən Mustafayev qəzetimizə bildirdi ki, Armen Sarkisyanın məhz bu məqamda separatçı qurumun nəzarəti altında olan ərazilərə səfər etməsi təsadüfi xarakter daşımır: "Bilirsiniz ki, barəsində söhbət açdığımız personanın prezident olmaq şansı böyükdür. Çünki onun namizədliyi hakim partiya tərəfindən verilib. Konstitusiyaya edilən dəyişikliyə görə, yeni prezidenti xalq yox, Ermənistan parlamenti seçəcək. Bu məsələnin artıq həllini tapdığını söyləyə bilərik. Prezidentliyə şanslı namizəd sayılan Sarkisyanın seçkiqabağı etdiyi səfərlər və qurduğu təmaslar onun ölkəyə rəhbərlik edəcək şəxs olduğuna qətiyyən şübhə yeri qoymur. Sarkisyan seçiləcəyilə bağlı məsələni artıq həll edib. Qalır kənardan ona veriləcək dəstək. Bu səbəbdən də biz onun erməni diaspor liderlərilə təmaslara can atdığını görürük. Dağlıq Qarabağ mövzusu erməni cəmiyyəti üçün həssasdır. Cünki indiki hakimiyyət də məhz həmin dalğanın üzərində dövləti ələ keçirib. Bəli, Dağlıq Qarabağla bağlı danışıqlar aktiv fazaya girib. Hər iki ölkədə keçiriləcək prezident seçkilərindən sonra danışıqlarda irəliləyişin olacağına inam çoxdur. Vasitəçilərin konkret təkliflərlə çıxış edəcəyi söylənir. Bu baxımdan da Ermənistan üçün güzəştə getməkdən başqa yol qalmayacaq. Hakimiyyət bunu anlayır. İndiki prezident Sarkisyan "müharibə qəhrəmanı” kimi hakimiyyətə gəlib. İndi hansısa güzəştə imza atmağı guya özünə sığışdırmır. Ancaq dərk edir ki, başqa yolu da yoxdur. Bu səbəbdən də danışıqlarla bağlı bütün məsuliyyəti "yeni Sarkisyan”ın, yəni Armen Sarkisyanın üzərinə yükləmək istəyir. Faktiki olaraq "yeni Sarkisyan” səlahiyyəti az olan, ölkənin simvolik başçısı kimi qəbul ediləcək. Onun Dağlıq Qarabağa etdiyi son səfərini də məhz bu amillərlə izah etmək olar”.