Dünyada yeni siyasi modellər yaranmaqdadır.

Afsəddin Nəbiyev: “Ermənilər ağır məğlubiyyətdən sonra özlərinə yenidən arxa-dayaq axtarışına çıxıblar”
img
Ermənistan prezidenti Armen Sarkisyan Arman Akopyanı ölkənin İsraildəki yeni səfiri təyin edib. A. Akopyan müxtəlif ölkələrdə səfir vəzifəsində çalışıb. Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra İrəvanın Təl-Əvivlə olan münasibətləri bir qədər soyuyub. Ermənistanda İsraili Türkiyə və Pakistandan sonra Azərbaycana ən çox dəstək göstərən ölkə kimi qəbul edirlər.

 

Ancaq Ermənistan İsraildəki səfirliyinə təcrübəli diplomat təyin etsə də, ölkə mətbuatı praktiki olaraq bunun nəyisə dəyişə biləcəyinə əmin deyil. Qeyd edilir ki, bir sıra amillərə görə Ermənistan öz istəklərini reallaşdıra bilməyəcək: “Birincisi, İsrail Azərbaycandan neft və neft məhsullarını ucuz qiymətə alır. İkincisi, İsraildə kifayət qədər yaxşı Azərbaycanpərəst lobbi var ki, bu da yüksəksəviyyəli qərarların qəbuluna fəal təsir göstərir. Nazirlər (xüsusən də bədnam Liberman), Knesset deputatları Azərbaycan üçün çalışır. Üçüncüsü, yəhudilər “erməni soyqırımı” mövzusuna kifayət qədər həssas yanaşır və bunu qəəbul etmək istəmir. Və nəhayət, dördüncüsü, onilliklər ərzində blokada şəraitində bizə kömək edən İran olub. O baxımdan İsraillə münasibətlərin qurulması Tehranı bizdən uzaqlaşdıra bilər. İranın simasında köhnə dostumuzu itirə bilərik”.

Görünən odur ki, ermənilərin yeni səfirdən gözləntiləri faktiki olaraq yox səviyyəsindədir.

“Azərbaycan-İsrail münasibətləri böyük tarixə bağlıdır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, erməni tərəfinin gözləntilərinin özünü doğrultmayacağı bəlli idi: “Əvvəla, İsrail dövləti Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasındadır. İki dövlət arasında diplomatik münasibətlərin qurulmasından 30 il keçir. Müstəqilliyimizin ilk illərindən İsrail dövləti ilə Azərbaycan arasında çox səmimi dostluq əlaqələri yaranıb. Bunun bir çox səbəbləri var. Azərbaycan, əsasən Bakıda və Quba rayonundakı Qırmızı Qəsəbədə yaşayan təxminən 30.000 yəhudinin vətənidir. Dağ yəhudiləri 1500 ilə yaxındır Azərbaycanda yaşayırlar. İslam xilafətinin yürüşü zamanı ərəblər bir yəhudi qəbiləsini Bakının məhəllələrində yerləşdirib. 1730-cu ildə yəhudilərin Qubada yaşayış və mülkiyyət hüquqlarına rəsmi olaraq icazə verildi. Daha çox Bakıda yaşayan 5000-ə yaxın Aşkenazi yəhudisi var. Yəhudi icması bütün dövrlərdə Azərbaycanda heç bir maneə olmadan dinc şəraitdə qarşılıqlı dostluq münasibətləri əsasında fəaliyyət göstərib. Keçmiş Sovet İttifaqında ilk Yəhudi Soxnut məktəbi 1982-ci ildə Bakıda açılıb. Bütün bunların fonunda, Azərbaycan üçün taleyüklü məsələ olan post Qarabağ münaqişəsi dövründə hər zaman İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlərdən biri olub. Demək olar ki, iqtisadiyyatın bütün sahələri üzrə birgə əməkdaşlığımız ən yüksək səviyyədə davam etdirilir.  Hələ bundan sonra da ikitərəfli əlaqələrimiz  yüksək səviyyədə davam edəcək”.

Sədr müavini qeyd etdi ki, ermənilər nə qədər çalışsalar da iki ölkə münasibətlərini korlaya bilməzlər: “O ki qaldı Ermənistanın İsrail dövləti ilə diplomatik münasibətlərinə,  təhlillərimiz on göstərir ki, ermənilər ağır məğlubiyyətdən sonra özlərinə yenidən arxa-dayaq axtarışına çıxıblar. Bu məsələlər süni şəkildə heç bir effekt verə bilməz. Çünki monoetnik dövlət yaşadığımız dövrdə birmənalı qarşılanmır. Artıq beynəlxalq münasibətlər yeni düzənlə formalaşmaqdadır. Dünyada yeni siyasi modellər yaranmaqdadır. Bu gün dünyanı uydurma "soyqırım" lar, "əzilmiş xalq" obrazı deyil qlobal problemlər daha çox düşündürür. Dünyanı düşündürən yoxsulluq, bərabərsizlik, pandemiya, iqlimlə bağlı problemlərdir. "Erməni hay həşiri" artıq heç sadaladığım problemlərin içərisində görsənmir. Erməni lider Paşinyan özü bu yaxınlarda etiraf etdi ki, artıq dünya dövlətləri bizim şikayətlərimizdən bezib”.

Bir sözlə, sədr müavini hesab edir ki, Təl-Əvivdə ermənilərin ən təcrübəli diplomatı belə Azərbaycan-İsrail münasibətrinə heç bir kölgə sala bilməz. Çünki bu münasibətlərimiz böyük tarixə bağlıdır.