Yaşlı nəslin öz yerini gənclərə verməsi ənənəsinin formalaşdırılması üçün ölkəmizdə ilk addımlar atılıb. Prezident İlham Əliyev yaşı 70-i keçdiyinə görə istefa verən dövlət məmurlarından nümunə götürərək digər yaşlı məmurları da istefa verməyə çağırıb. Bildiyimiz kimi, artıq bir neçə dövlət məmuru bu addımı atıb.
Azərbaycan Respublikasının Milli Məclisində yaşı 70-i, hətta 80-ni keçən millət vəkilləri var. Parlamentdə təmsil olunan bu yaş kateqoriyasına uyğun millət vəkillərinin də deputatlıqdan imtina etməsini zəruri sayanlar var. Ümumiyyətlə, ictimaiyyətdə yaşlı deputatlarla bağlı iki fikir mövcuddur. Bir qisim ekspert hesab edir ki, onların yaşı 70-i, 80-ni keçdiyi üçün özləri könüllü olaraq deputat mandatından imtina etməlidirlər. Bu qənaətdə olanlar hesab edirlər ki, artıq deputatlar da ölkə başçısının çağırışına reaksiya verməli və istefa mədəniyyəti sərgiləməlidirlər. Onların fikrincə, yaşlı deputatların könüllü olaraq deputat mandatından imtina etməsi parlamentin işinə heç bir maneə törətməyəcək, əksinə, gənc nəslin daha da aktiv fəaliyyət göstərməsinə səbəb olacaq. Digər yanaşmalara görə, yaşlı nəsil deputatların könüllü olaraq deputat mandatından imtina etməsi parlamentin işinə mənfi təsir göstərə bilər. Onların dediyinə görə, parlamentdə yaşlı deputatlar kifayət qədərdir və onların kütləvi olaraq istefası parlamentin boşalmasına, ümumiyyətlə, Milli Məclisin buraxılmasına səbəb ola bilər.
Əli Orucov: "Yaşı 70-i keçən millət vəkillərinin hamısı mandatdan imtina etsə, bu, parlamentin işinə ciddi təsir göstərə bilər”
AMİP təmsilçisi, politoloq Əli Orucov bizimlə söhbətində bildirdi ki, yaşı 70-i keçən dövlət məmurlarının Prezidentin çağırışına səs verərək vəzifələrindən istefa verməsini onların istefa mədəniyyətinə malik olması kimi qiymətləndirmək olmaz. "Əgər onların istefa mədəniyyəti olsaydı, onlar Prezidentin çağırışından əvvəl öz vəzifələrindən imtina edər, postlarını gənclərə verərdilər. İstənilən halda, onların istefa verməsi yaxşı haldır. Amma parlamentlə icra strukturlarını qarışdırmamalıyıq. Çünki parlament seçkili orqandır, icra strukturu isə təyinatlı qurumdur. İcra strukturlarında boşalan yerləri, rotasiyaları, yerdəyişmələri, əvəzləmələri operativ şəkildə Prezident sərəncamı ilə reallaşdırmaq olur. Amma parlamentdə bunu etmək olmur. Gərək yenidən seçkiyə gedilə və seçim prosesi davam edilə. Bu baxımdan da məsələyə fərqli yanaşmaq lazımdır. Hesablamalarımıza görə, təxminən 30-dan artıq millət vəkilinin yaşı 70-i keçib. Yaşı 70-i keçən millət vəkillərinin hamısı mandatdan imtina etsə, bu, parlamentin işinə ciddi təsir göstərə bilər. Eyni zamanda da nəzərə alaq ki, parlamentdə boşalan yerlər də var. Bəzi millət vəkillərinin vəzifələrə təyin edilməsi, bəzilərinin vəfat etməsi, digərlərinin bu və ya digər səbəbdən mandatının ləğv edilməsi nəticəsində təxminən xeyli yer boş qalıb. Bu da parlamentin işini pozur. Tutalım, sabah parlamentdə Konstitusiya qanunları qəbul ediləcəksə, hansı ki, 83 səs tələb edir, bu da alınmır”.
O hesab edir ki, növbəti parlament seçkilərində parlamentin tərkibi həm keyfiyyət və həm gəncləşmə baxımından yenilənəcək. Digər tərəfdən, Ə.Orucov qeyd etdi ki, elə deputatlar var, yaşının çox olmasına baxmayaraq, daha fəal, çevik və işgüzardırlar.