Sabiq nazir Müdafiə Komitəsinin
yaradılmasına razılıq verməyib; qərbi azərbaycanlıların onunla bağlı
müəmmaları davam edir; "İrəvan” Azadlıq Təşkilatından İnsanova dəstək
gəldi
Həbsdə
olan sabiq səhiyyə naziri Əli İnsanovun azadlığa çıxmasına 57 gün qalmış
əlavə cinayət maddələri ilə ittiham olunmasından 9 gün ötür. Bu günlər
ərzində sabiq nazirə qarşı yeni cinayət maddələrinin irəli sürülməsindən
daha çox onun həmyerliləri tərəfindən müdafiəsiz qalması gündəm oldu.
İqtidar
düşərgəsini də bu sıraya aid etmək olar. Hakimiyyət təmsilçiləri 12 il
nazir işləyən "vurulmuş” bir şəxs barəsində danışmaqdan açıq şəkildə
yayındılar. Bu da müəyyən dərəcədə başadüşüləndir. Uzun müddət bir
komandada təmsil olunan bir şəxsin əleyhinə fikir səsləndirmək asan
olmadığı kimi, müsbətinə danışmaq da çətindir. Amma qərbi
azərbaycanlıların qarşısını alan nə oldu? Bu sual hər kəsi düşündürür.
Bir daha qeyd edək ki, "Yeni Müsavat” olaraq, nazir işlədiyi dönəmlərdə
İnsanova yaxın olan, hətta tez-tez ondan "paket”lər aldıqları iddia
olunan şəxslərin İnsanova qarşı yeni maddələrin irəli sürülməsi ilə
bağlı münasibətlərini öyrənmək istədik. Maraqlıdır ki, ən çox sabiq
nazir barədə danışmağa cəsarət etməyən, onunla adlarının yanaşı
çəkilməsini istəməyən də məhz onlar oldu. Yalnız "Xural” qəzetinin baş
redaktoru Əvəz Zeynallı və təhsil eksperti Etibar Əliyevdən başqa.
Onların da fikirlərində tənqidi notlar daha çox idi...
İlk günlərdə İnsanovu müdafiə edənlər olmasa da, artıq bəzi həmyerliləri üzə çıxmağa başlayır.
"İrəvan”
Azadlıq Təşkilatının sədri Təbriz Musayev bildirdi ki, Qərbi
Azərbaycandan olan və vaxtilə İnsanovla birlikdə hakimiyyətdə təmsil
olunan şəxslər bu gün onun barəsində danışmağa cəsarət etmirlər:
"Əli İnsanovu həbsdə olduğu müddətdə təhlükəli bir insan kimi qələmə
veriblər. Guya o, azad olunduqdan sonra hakimiyyət əleyhinə çağırışlar
edəcək. Bu fikirlərlə razılaşmıram. Çünki onun bu barədə fikrini hələ
eşitməmişik. Onun nə fikirləşdiyini tam bilmirik. O, alim, ziyalıdır,
70 yaşı var. Bu yaşdan sonra düşünürəm ki, azadlığa çıxdıqdan sonra
yarımçıq qalmış elmi işləri ilə məşğul olacaq. Onun heç bir hakimiyyət
davası ola bilməz. Çünki elə bir siyasi qurumu da yoxdur ki,
hakimiyyətlə mübarizə aparsın. Ona qarşı azadlığa çıxmasına iki ay
qalmış 3 əlavə cinayət maddəsinin irəli sürülməsi böyük haqsızlıqdır.
Belə vəziyyətlərdə regionçuluğu qabartmaq dövlətçiliyimizə böyük
zərbədir. İstər qərbi azərbaycanlılar, istərsə də başqa bölgələrdən olan
şəxslər bu məsələdə ədalətli mövqe ortaya qoymalıdırlar. İnsanov
hakimiyyətdən ”vurulmuş" şəxsdir. Onu cəmiyyətdə kimlər müdafiə
edəcəksə, hakimiyyət tərəfdən təzyiqlərlə üzləşə bilər. Ona görə də
İnsanovu sevənlər və sevməyənlər bu barədə danışmağa çəkinirlər. Üç
əlavə cinayət maddələri irəli sürüləndən sonra bizim tərəfdən müdafiə
istiqamətində bəzi addımlar atıldı. Biz onun fikirlərini öyrəndik. O,
Müdafiə Komitəsinin yaradılmasının əleyhinədir. Ona görə də düşünürəm
ki, İnsanovu müdafiə edənlər bunu nəzərə alıb müdafiə xarakterli
addımlar atmaq istəmirlər".
T.Musayev sabiq naziri ən çox müxalifətin müdafiə etməsinin səbəblərinə də aydınlıq gətirdi:
"Müxalifət ölkədə aparılan səhv siyasətə qarşı daim çıxış edir.
İnsanovun yüksək postda çalışdığı zamanlarda müxalifətə qarşı sərt
mövqeyi, vurulduqdan sonra müxalifətin onu müdafiə etməsi insan
haqlarını qoruduğunu göstərir. İstənilən məhbus üçün müdafiə böyük önəm
daşıyır. Bu gün Əli İnsanovu təkcə qərbi azərbaycanlılar yox, digər
insan haqlarını qoruyan insanlar da müdafiə etməlidir. Hakimiyyətin
sifarişi ilə onunla bağlı gedən prosesləri izləyirik. Bir çox beynəlxalq
təşkilatlara təşkilatımız adından müraciətlər edəcəyik”.
"İrəvan” Azadlıq Təşkilatının sədri sabiq nazirin azadlığa çıxmaq üçün nə etməli olduğunu da qeyd etdi: "Hər
bir insanın həyata öz baxışları var. Bildiyimiz kimi, zamanında Əli bəy
ərizə yazmaq yolu ilə azadlığa çıxmaq istəmirdi. Bu günləri o yenə də
öz fikrində qalır. Özünün hər hansı bir formada azadlığa çıxmasını
istəmir. Onun azadlığa çıxmasına iki ay qalmış bu hadisələr baş verdi.
Hələ üç ay öncədən İnsanova qarşı bir təbliğat başlamışdı ki, guya o,
həqiqətən cəza çəkdiyi müəssisədə müqavimət göstərir. Bunun hamısı aydın
məsələdir ki, ictimaiyyətin rəyini öyrənmək üçün edilirdi. Onlar üçün
maraqlı idi ki, cəmiyyətin məsələyə mövqeyi necə olacaq. Əli İnsanov
yenə də öz mövqeyində qalacaq. O, çəkdiyi cəzanı ərizə formasında başa
vurmasına razılıq verməyəcək. Onun bu günə qədər həbsxanada apardığı
mübarizə onu təsdiqlədi ki, cəzası başa çatana qədər hansısa formada
azadlığa çıxmaq istəmir. Onun azadlığa buraxılması üçün Avropa
Məhkəməsinin qərarları var. Siyasi məhbus kimi tanınıb. Amma hakimiyyət
bunları nəzərə almır. Mövcud hakimiyyətdə bəzi qüvvələr var ki, Əli
İnsanovun azadlığa çıxmasını istəmirlər. Bu da başadüşüləndir. Ola
bilsin ki, onlar Əli İnsanovdan çəkinirlər, azadlıqda olanda daha
təhlükəli rəqib olacağını düşünürlər”.