Ermənipərəst konqresmenlər də əsl həqiqəti gördülər

Arzuxan Əlizadə: "Birləşmiş Ştatlardakı ermənipərəst konqresmenlər də əsl həqiqəti gördükdən sonra mövqelərinə korrektə edir"

"Artıq 1992-ci il deyil ki, Azərbaycan işğala məruz qalmağına rəğmən, ölkəyə qarşı "907-ci Düzəliş" qəbul edilsin"

Daha əvvəl Azərbaycanın işğal edilmiş ərazisində yaradılmış separatçı rejimin tanınmasına çağıran HR 1580 saylı qətnamə layihəsinin müəllifləri qismində iştirak etmiş ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatasının üzvləri Pet Qardner və Demetrius Duqlas bu məsələ üzrə Azərbaycanın ABŞ-dakı Səfirliyinin etirazına cavab olaraq ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanova məktub ünvanlayıb.
Belə ki, bu barədə səfirliyin yaydığı məlumatda deyilir.
Bununla bağlı səfirliyin məlumatında bildirilir: "Corciya ştatının qanunvericiləri məktubda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqdim edilən informasiyaya görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edirlər və bəyan edirlər ki, məsələni daha dəqiq nəzərdən keçirdikdən, eləcə də ABŞ-Azərbaycan arasında strateji tərəfdaşlıq barədə öyrəndikdən sonra HR 1580 qətnamə layihəsinə dəstəklərini geri çağırmaq qərarına gəliblər. P.Qardner və D.Duqlas fürsətdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyiblər".
Müşahidələr göstərir ki, artıq bir sıra ermənipərəst konqresmenlər də erməni yalanlarının təsiri altına düşmək istəmir. Çünki zamanala bütün bunların reallığı əks etdirmədiyinin fərqinə varırlar. Bütün hallarda, son günlər bəzi ermənipərəst konqresmenlərin Azərbaycana münasibətinin dəyişməsi nəyin göstəricisidir?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə vəziyyətin belə dəyişməsini bir neçə faktorla əlaqələndirdi: "Əvvəla Azərbaycan-ABŞ münasibətləri son 20 ildə çox inkişaf edib.

Artıq 1992-ci il deyil ki, Azərbaycan işğala məruz qalmağına rəğmən, ölkəyə qarşı "907-ci Düzəliş" qəbul edilsin. O zaman Azərbaycan yeni müstəqillik əldə etdiyi üçün Birləşmiş Ştatlar ölkəni yaxından tanımırdı. Bu ölkədə illərlə formalaşmış, oturuşmuş erməni lobbisi bundan öz xeyrinə istifadə edərək Azərbaycan barəsində çox pis təsəvvür yaratmağa çalışırdılar. Bəlkə də bunun nəticəsi idi ki, o zaman Dağlıq Qarabağın, ətraf 7 rayonun Rusiyanın yardımı ilə Ermənistan tərəfindən işğal edilməsinə ABŞ praktiki olaraq müqavimət göstərmədi. Siyasi müstəvidə bunu əngəlləmək üçün tədbirlər görmədi. Ancaq xarici şirkətlərlə imzalanan neft müqavilələri, ABŞ-ın dəstəyi ilə çəkilən neft-qaz kəmərləri vəziyyəti dəyişdi. Daha əvvəlki kimi erməni lobbisi öz istəklərini reallaşdıra bilmir. Bədnam düzəliş donduruldu. Düzdür, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi səy göstərmir, bunu öz xarici siyasətində prioritet məsələ hesab etmir. Ancaq dəfələrlə bəzi ABŞ təmsilçiləri bəyan edib ki, Dağlıq Qarabağın ətrafındakı 7 rayon boşaldılmalıdır. Təəssüflər olsun ki, digər iki həmsədr bunu konkret indiyə qədər deməyib. Başqa bir tərəfdən, Birləşmiş Ştatlardakı ermənipərəst konqresmenlər də əsl həqiqəti gördükdən sonra mövqelərinə korrektə edir".

Vidadi ORDAHALLI