"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qurumun məqsəd və vəzifələrini – sülhü, sabitliyi və təhlükəsizliyi dəstəkləyən dövlətlərin, istər Azərbaycan, istərsə də Monqolustan olsun, ərizələrinə baxmağa hazırdır”. Erməni mediasının məlumatına görə, bu sözləri KTMT katibliyinin nümayəndəsi İqor Panarin "Qafqaz regionunda təhlükəsizliyin qorunmasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rolu” mövzusunda "dəyirmi masa” zamanı Azərbaycanın KTMT-yə üzvlüyünün mümkün olub-olmaması və bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilib-bilməyəcəyi sualına cavabında bildirib.
İ.Panarin vurğulayıb ki, normativ-hüquqi sənədlərə baxsaq, orada belə prosedurlara qarşı bir sıra tələblər irəli sürülüb: "Konsensus hüququ da var, buna görə də bu prosedur anlarına hansı dövlətlərin daxil ola biləcəyini qiymətləndirmək üçün tələsməyəcəyəm. Mənə elə gəlir ki, bu məsələyə ölkə tərəfindən rəsmi olaraq belə bir prosesə başlamaq niyyəti ilə bağlı ərizə verildikdən sonra baxmaq olar”.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin isə KTMT-də konsensus qaydasının mövcud olduğunu vurğulayıb. Onun fikrincə, istənilən halda, üçüncü ölkələrlə münasibətlərin qurulması üçün bütün iştirakçıların razılığı tələb olunur.
Maraqlı məqamlardan biri də odur ki, müzakirədə iştirak edən Belarusun Ermənistandakı səfiri İqor Nazaruk bu məsələ ilə bağlı Azərbaycana dəstək verdiyini bəyan edib. Onun fikrincə, SSRİ-nin təcrübəsini nəzərə alsaq, Azərbaycanın KTMT-yə üzvlüyünə qarşı deyilik: "Mən Sovet İttifaqının təcrübəsinə müraciət etmək istəyirəm. Xatirinizdədirsə, biz Baltikyanı respublikalar və Orta Asiya respublikaları arasında fərqli idik. Xoşbəxtlikdən, SSRİ ərazisində bu çoxmillətli ailədə nə ərazi iddiaları var idi, nə millətlərarası, nə də dinlərarası münaqişələr. Buna görə də bu istiqamətdə trend doğru olardı”.
Göründüyü kimi, Belarus bütün səviyyələrdə Azərbaycana dəstəyini əsirgəmir. Hətta bu ölkənin Ermənistandakı səfiri belə Azərbaycanın KTMT-də təmsil olunmasını arzulayır. Hansı ki, bu məsələ erməniləri zaman-zaman narahat edib. Görünən odur ki, yenidən ermənilərin bununla bağlı narahatlığı yaranıb.
"Belarus Ermənistanla eyni hərbi blokda təmsil olunsa da, istehsal etdiyi ən müasir hücum silahlarını Azərbaycana ixrac edir”
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucovun fikrincə, Belarusun Azərbaycana yönəlik bu jesti bir sıra aspektdən Ermənistana zərbədir: "Əvvəla Belarus Ermənistanla KTMT-də təmsil olunsa da, istehsal etdiyi ən müasir hücum silahlarını Azərbaycana ixrac edir. Hansı ki, bu, Ermənistan hakimiyyətini bərk narahat edən məqamlardan biridir. Dəfələrlə Ermənistan buna mane olmağa çalışsa da, Belarus hakimiyyəti onların bununla bağlı tələblərini görməzdən gəlib. Belarusla yanaşı, KTMT-də təmsil olunan Qazaxıstan da Azərbaycana açıq dəstək verməkdən çəkinmir və dəfələrlə bunu müxtəlif formalarda bəyan edib. Düzdür, KTMT-yə üzv olmaq konsensus əsasında olmalıdır. Yəni hər hansı digər üzv ölkənin razılığı olmadan bu mümkün deyil. Təbii ki, Ermənistan bizim orada təmsil olunmağımıza razılıq verməz. Ancaq Ermənistanı narahat edən odur ki, hərbi təşkilatda təmsil olunan bəzi ölkələr, o cümlədən, Belarus get-gedə daha çox Azərbaycana dəstək verir. Siyasi baxımdan bu, Ermənistana zərbədir. Bu onu göstərir ki, KTMT-də təmsil olunan ölkələr Ermənistana müttəfiq kimi yanaşmırlar. Bu ölkəni təşkilat üçün yük hesab edir və Azərbaycana xüsusi önəm verirlər”.