Ermənistanın Azərbaycana etdiyi təxribata başqa formada cavab verməlidir.

“Ermənistan iki dəfə mina xəritələrini versə də, rəsmi Bakının açıqlamasından aydın olur ki, bu xəritələrin yalnız 25 faizi düzdür. Buna baxmayaraq Azərbaycan səhv xəritəyə görə Ermənistan diversantlarının geri qaytarır”.

Bu sözləri MMP sədr müavini Könül İsmayılova Avropa İttifaqının Azərbaycan və Ermənistan arasındakı vasitəçilik mövqeyini PİA.az-a şərh edərkən qeyd edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 14 dekabr 2021-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün, habelə Azərbaycan Respublikası Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi olaraq, humanizm prinsiplərinə sadiqliyinin təzahürü kimi Azərbaycan 19 dekabr 2021-ci ildə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılmışdılar.

Humanizm prinsiplərinə daim sadiqliyini nümayiş etdirən Azərbaycanın 4 dekabr 2021-ci il tarixində qarşı tərəfə təhvil verdiyi 10 nəfər erməni əsilli hərbi qulluqçudan Ermənistan tərəfi sonradan dördünü həbs edib, altısına qarşı isə ittiham irəli sürüb.

Avropa İttifaqının Azərbaycan və Ermənistan arasındakı vasitəçilik mövqeyi barədə nə demək olar? Bu İttifaqın Azərbaycan və Ermənistan arasındakı münaqişəyə verdiyi qiymət doğrudur, yoxsa hansısa yanlışlıqlar var?

Mövzunu PİA.az-ın əməkdaşı MMP sədr müavini Könül İsmayılova ilə müzakirə edib.

Könül İsmayılova: “Avropa İttifaqı tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollar, Azərbaycana isə 140 milyondur. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur – Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə 2 milyon”.

Avropa İttifaqının minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayıra və onlar Azərbaycana gələrək işə başlaya bilməsini vurğulayan MMP sədr müavini bildirib ki, Azərbaycan üçün fiziki olaraq bunu qısa müddətdə etmək mümkün deyil:

“Son zamanlarda Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında vasitəçilk rolu daha da artıb və bu nəzərə çarpacaq dərəcədə görünür. Bildiyimiz kimi Avropa İttifaqı İkinci Qarabağ müharibəsindən əvvəl də Azərbaycan və Ermənistan arasında bir neçə dəfə vasitəçi kimi çıxış edib. Amma müharibədən sonra Avropa İttifaqının göstərdiyi səylər daha çoxdur. O da məlumdur ki, İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolu və səyləri böyük əhəmiyyət kəsb edir.

Keçirilən görüşlərdən sonra Ermənistan tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə dair mühüm qərarlar qəbul edildi ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Lakin çox vacib Bəyanatın bu hissəsinin icrası olduqca ləng gedir. Hətta Ermənistan bu bəndin həyata keçirilməməsi üçün bütün variantlardan istifadə edir. Kəlbəcər istiqamətində törədilən təxribatlar da elə buna hesablanıb. Buna baxmayaraq Azərbaycan artıq işlərə başlayıb və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Bu vaxta qədər isə Ermənistanın təxribatları davam edəcək. Amma Ermənistan nə qədər təxribatlar törətsə də, dəmir yolu layihəsi həyata keçiriləcək.

Bildiyimiz kimi rəsmi İrəvanın hərbi cinayətləri müharibədən sonrakı dövrdə də davam edir. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsi hələ də öz həllini tapmayıb. Ermənistan iki dəfə mina xəritələrini versə də, rəsmi Bakının açıqlamasından aydın olur ki, bu xəritələrin yalnız 25 faizi düzdür. Buna baxmayaraq Azərbaycan səhv xəritəyə görə Ermənistan diversantlarının geri qaytarır. Düşünürəm ki, Ermənistanın Azərbaycana etdiyi təxribatıaAzərbaycan da başqa formada cavab verməlidir. Amma biz bunu görmürük. Bu vaxta qədər eşitdiyimiz ancaq Ermənistanın bizi aldatmağı olub.

    Könül İsmayılova: “Azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Bu vaxta qədər isə Ermənistanın təxribatları davam edəcək”.

Avropa İttifaqının mina xəritələrini məsələsində yardımçı olmaq arzusu Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Demək olar ki, müharibə bitəndən sonra Azərbaycanın nə böyük problemi elə mina xəritələrinin verilməməsidir. Elə bu səbədən də müharibə bitdikdən sonra 200 nəfərə yaxın insan minalar səbəbindən həlak olub və ya ağır yaralanıb. Avropa İttifaqının bu məsələ ilə bağlı addım atmasına baxmayaraq, Ermənistanın müsbət addımlar atmasına inanmıram.

Bir məsələyə də diqqət ayırmaq istəyirəm. Avropa İttifaqı tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollar, Azərbaycana isə 140 milyondur. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur – Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə 2 milyon. Bundan əlavə, işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb. Bu gün əcnəbi vətəndaşlar və jurnalistlər həmin ərazilərə səfər edəndə dağıntıların miqyasını öz gözləri ilə görürlər. Eyni zamanda, 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o, özü işğalçı idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz. Yanaşma vahid standartlara əsaslanmalıdır. Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsait ayrılmalıdır.

Hesab edirəm ki, Avropa İttifaqı özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirməlidir. Avropa İttifaqı minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayıra bilər və onlar Azərbaycana gələrək işə başlaya bilərlər. Çünki Azərbaycan üçün fiziki olaraq bunu qısa müddətdə etmək mümkün deyil. Minalar təmizlənməsə, insanların geri qayıdışını təmin etmək mümkünsüzdür”. pia.az

Millət