Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi mümkündür:
“Bundan əlavə, sizə deyə bilərəm ki, nisbətən qısa müddətdə buna nail olmaq da mümkündür. İndi çatışmayan məsələ Ermənistan tərəfindən siyasi iradənin olmamasıdır. Mən dəfələrlə açıq şəkildə demişəm ki, Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə hazırdır və əlbəttə, bu saziş imzalansa, təhlükəsizliklə, gücün tətbiq edilməməsi, cari vəziyyətlə əlaqədar reallıqların qəbul olunması ilə bağlı məsələlər bu sülh sənədinin ayrılmaz tərkib hissəsi olacaq. Nə etmək lazımdır? Hesab edirəm ki, Ermənistanda parlament seçkiləri keçirilənədək gözləmək lazımdır və biz bu dövrün Ermənistanda həssas bir dövr olduğunu anlayırıq. Hesab edirəm ki, əgər bu gün kimsə Ermənistanda Azərbaycanla sülh sazişi haqqında danışsa, bu, həmin şəxsə populyarlıq qazandırmaz. Lakin yenə də ölkənin rəhbərləri siyasi karyeraları haqqında yox, öz dövlətləri haqqında düşünməlidirlər. Bu baxımdan, biz ümid edirik ki, seçkilərdən sonra bizdə bu məsələ ilə bağlı daha çox aydınlıq olacaq. Sülh sazişi, əlbəttə ki, hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur və biz bunu etməyə hazırıq. Biz açıq şəkildə Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırıq və sözsüz ki, Ermənistan da öz növbəsində Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımalıdır. Sizin də bildiyiniz kimi, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və bununla bağlı heç bir şübhə yoxdur. Dağlıq Qarabağ işğal dövründə və indi də Azərbaycanın bir hissəsidir və bu, həmişə belə olacaq. Buna görə də onlar Dağlıq Qarabağın statusu haqqında bütün səylərdən vaz keçməlidirlər. Bu, müzakirə predmeti olan məsələ deyil”.
Prezident İlham Əliyevin bu açıqlaması həm də dünyaya verilən bir mesajdır ki, Azərbaycan sülhə hazır olsa da, Ermənistan bundan yayınır. Ermənistan sonda belə bir sazişi imzalamağa məcbur olacaqmı?
“Ermənistanın yenidən ərazi ilhaq etmək, separatçılıqla məşğul olmaq kimi gücü yoxdur”
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açqılamasında bildirdi ki, artıq həlledici mərhələ gəlib çatıb: “Hərbi münaqişə başa çatıb. Qalır, tərəflərin müəyyən detalları razılaşdıraraq, aralarında dayanıqlı sülh sazişini imzalaması. Bunun üçün hər iki tərəf mövqeyini bəyan etməlidir. Azərbaycan tərəfinin mövqeyini Prezident açıqladı. Bununla bütün dünya gördü ki, bizim münaqişə ilə bağlı mövqeyimiz çox səmimidir. Biz ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımasını istəyirik. Ermənistan uzun müddətdir ki, bundan yayınır, hətta bizə qarşı ərazi iddiası irəli sürür. Ermənistanın son aylar ərzindəki davranışları göstərir ki, həmin ölkə bu istiqamətdə konkret addım atmağa hazır deyil. Əvvəla, əldə olunan razılaşmanın şərtlərinə əməl etmir. Minalanmış sahələrin xəritələrini vermir, Qarabağdakı silahlılarını tam olaraq ərazimizdən çıxarmır. İkinci mərhələdə sərhədin delimitasiyası prosesində çığallıqlar edir. Aydın şəkildə prosesi pozmağa meylli olduğunu göstərir. Ancaq belə vəziyyət də uzun sürə bilməz. Çünki Ermənistanın yenidən ərazi ilhaq etmək, separatçılıqla məşğul olmaq kimi gücü yoxdur. Prezidentin Ermənistandakı həssas dönəmlə bağlı fikirləri ilə tam razıyam. Çünki hazırda həmin ölkədə hakimiyyətə kimi gələcəyilə bağlı məsələ həll edilir. Bunun üçün də heç bir siyasi qüvvə belə sazişdən danışmaq istəməz”.
Politoloqun sözlərinə görə, hakimiyyət məsələsi öz həllini tapandan sonra Ermənistan məcburi şəkildə sazişlə razılaşacaq: “Çünki Ermənistan əhalisi yaxşı yaşamaq istəyir. Konkret olaraq müharibə istəmədiyini bəyan edir. Bunun da yeganə yolu sülh sazişini imzalamaqdan keçir. Düşünürəm ki, Ermənistan, öz xoşu ilə olmasa da, buna gedəcək və bizim bütün şərtlərimizi qəbul etməyə məcbur qalacaq”.