Əsl dəyişikliyi və islahatı xalq öz irdəsi ilə edəcək

Fevralın 13-də Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyini birləşdirməklə yeni yaradılan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Ramin Quluzadəni rəhbər təyin etdi. Bununla da ləğv edilən Nəqliyyat Nazirliyinin rəhbəri Ziya Məmmədov işsiz qaldı.

Əslində, bir ildən çox idi ki, Ziya Məmmədov böyük səlahiyyətlərini və ən əsası, hakim dairələrdəki nüfuzunu itirmişdi. Onun işdən kənarlaşdırılacağı haqda hələ 2015-ci ilin iyunundan - I Avropa Oyunlarından sonra mediada yazılar yer almağa başlamışdı.

Təbii ki, bu iddialar əsassız deyildi. Prezident əvvəlcə taksilərə lisenziya vermək hüququnu, sonra sərnişindaşıma nəqliyyatını, daha sonra isə "Dəmir yolları” Səhmdar Cəmiyyətini və digər səlahiyyətləri Nəqliyyat Nazirliyindən aldı. Nəhayət, Z.Məmmədovla bağlı son qərar verildi.

Bu qərarın Z.Məmmədov üçün ağır olduğunu düşünənlərlə yanaşı, bunu daha böyük prosesin başlanğıcı sayanlar da var.

Hətta fikirlər səslənir ki, artıq hakimiyyətin yuxarı dirələrindəkilər korrupsiyalaşmış və kifayət qədər ciddi problemlərin yığılıb qaldığı köhnə sistemləri sıradan çıxarmaq istəyir. Nəqliyyat Nazirliyinin ləğvi, yeni qurumun yaradılması da bu prosesin başlanğıcı hesab edilir.

Ehtimala görə, Müdafiə Sənayesi Nazirliyi Müdafiə Nazirliyinə, "Meliorasiya və su təsərrüfatı” ASC, "Azərsu” ASC ilə, Metrologiya, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi bir neçə qurumla, Diasporla İş üzrə Dövlət Komitəsi Xarici İşlər Nazirliyi ilə bir "çətir altına” yığılacaqlar. Eyni zamanda bu islahatların davamlı olacağını zəruri edən məqamlar da çoxdur.

Hakimiyyətə yaxın şəxslər bunu ölkədəki böyük islahatların başlanğıcı saymaqla yanaşı, bildirirlər ki, bu dəyişikliklər daha çevik, daha müasir idarəetməni təmin edəcək.

Amma müxalifət təmsilçiləri və bəzi müstəqil ekspertlər bir qədər fərqli düşünürlər.

Nazirlər Kabineti "Qocalar evi”ni xatırladır

AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov isə hesab edir ki, hakim komandada real dəyişikliklərə ehtiyac var. Onun sözərinə görə, Z.Məmmədovdan da "uzun ömürlü” nazirlər iş başındadır:

«Daxili işlər naziri Ramil Usubov bu vəzifəni 1994-cü ilin aprelindən tutur. 23 ildir ki, toxunulmazlığını qoruyur.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də 1994-dən nazir portfeli gəzdirir.

Baş nazir postunu tutan Artur Rasizadə də 1996-cı ildən əvəzolumazdır.

Yaxud Ədliyyə naziri Fikrət Məmmədov, Vergilər naziri Fazil Məmmədov və başaqaları 2000-ci ildən hökümətin tərkibində qalırlar. Bu siyahını uzatmaq da olar”.

Ə.Orucov deyib ki, Azərbaycan Nazirlər Kabineti həm yaş, həm də staj baxımından "Qocalar evi”ni, yaxud da "Təqaüdçülər klubu”nu xatırladır:

"Bir-iki nazirin vəzifədən kənarlaşdırılması, yaxud da nazirliklərin birləşdirilib ayrılması heç nəyi dəyişmir. 2006-ci ildə Kabinetin 6-7 üzvü dəyişdi, bunun müsbət mənada təsirini gördükmü? Təbii ki yox”.

Ə.Orucov digər müsahiblərimizdən fərqli düşünür. İddia edir ki, Z.Məmmədovun "vurulması” əslində saraydaxili ziddiyyətlərin nəticəsidir: "Bir qruplaşma getdikcə güclənir və bu gücün qarşısını almağa artıq başqa bir qruplaşma ciddi müqavimət göstərə bilmir. Bu, təkcə icra qrumlarında deyil, bank, maliyyə, biznes və digər sahələrdə də belədir.

Bəzən bunu islahat kimi qələ verməyə çalışırlar. Amma qətiyyən belə deyil! Çünki bu iqtidar islahata getməklə ömrünü bitirər. Sistem elə qurulub ki, külli miqdarda maliyyə-kapital ayrı-ayrı qruplaşmaların əlində cəmləşib və bunların da hərəsi bir dövlətə bağlıdır. Bunların öhdəsindən gəlmək asan deyil».

Müsahibimiz qeyd edib ki, Azərbaycanda nazirliklər siyasi postlar sayılmırlar. AMİP yetkilisinin sözlərinə görə, onlar ancaq təsərrüfat-inzibatçılıqla məşğul ola bilərlər. İcraçıdırlar, hətta müstəqil təşəbbüslərdə buluna bilməzlər, Prezident Administasiyasından, yaxud da təmsil olunduqları qruplaşmalardan verilən konkret tapşırıq, göstəriş və direktivləri səhvsiz icra etməyə çalışırlar:

"Prezidentin özü də Kabinetin iclaslarının birində üzünü nazirlərə tutaraq xəbərdalıq etdi ki, kim siyasətlə məşğul olmaq istəyirsə, gedib məşğul olsun. Belə olan halda Ziya Məmmıədovun "yola salınması”nı siz nəyin başlanğıcı hesab edirsiniz? Bu dəyişikliklərin, "vurulmalar”ın başlanğıcı yoxdur, ancaq sonu ola bilər. Sistem çox köhnəlib, bütünlükdə getməlidir”.

Politoloq sonda deyib ki, hakim düşərgədə Z.Məmmədovdan da çox korrupsionerləşmiş məsul şəxslər var: "Baxın, keçmiş Milli Təhlükəsizlik, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin həbs olunan yüksək rütbəli işçilərinin məhkəməsində artıq söhbət yüz minlərdən, milyonlardan gedir. Hanı məhkəmələr, vergi orqanları, Gömrük Komitəsi, bu pulların necə qazanıldığı qalsın bir tərəfdə, dövlət büdcəsinə vergilərin ödənilməməsinə niyə göz yumulub? Niyə həmin şəxslərdən biri öz hüquqlarını məhkəmə yolu ilə qorumağa səy göstərməyib? Yaxud da böyük səlahiyyətlərə malik Respublika Prokurorluğu, uniforma geyinərək dövlətin gücündən və imkanlarından sui-istifadə edən bu mütəşəkkil quldur dəstəsinin bir üzvünə də qanunun gücünü göstərməyib. Niyə? Çünki özləri onlardan geri qalan deyillər.

İkincisi isə, ortada siyasi iradə olmayıb. Odur ki, bu kimi dəyişikliklər görüntü xarakterindən başqa bir şey deyil. Əsl dəyişikliyi və islahatı xalq öz irdəsi ilə edəcək».

Reyting.az