Etibar Məmmədov və Fuad Ağayevin hazırladığı Konstitusiya Aktı Layihəsi

AMİP qurucuları Etibar Məmmədov və Fuad Ağayev tərəfindən hazırlanmış Konstitusiya Aktı Layihəsi.

«Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpası haqqında» Azərbaycan Respublikpasının Konstitusiya Qanunu (Layihə)

Müqəddimə

1918-ci il mayın 28-də Azərbaycan Milli şurasının elan etdiyi Azərbaycan Istiqlal Bəyannaməsi xalqımıza xas çoxəsrlik dövlətçilik ənənələrinin bərpası və davamı oldu. Iki illik gərgin mübarizədən sonra dünya siyasətini müəyyən edən ölkələr və Beynəlxalq birlik Azərbaycan Respublikasının Istiqlaliyyətini tanımış, o ümumdünya tarixində Şərqdə ilk Respublika, ilk Demokratik dövlət kimi yer tutmuşdur.

1920 - ci il aprelin 27 - 28-də Rusiyanın 11 - ci qırmızı ordusunun hissələri Beynəlxalq hüquq normalarını tapdalayaraq suveren Azərbaycanın ərazisini işğal etdi. Bununla da qanuni hakimiyyət və icra orqanları devrilmiş və bolşevik kollaborasionistlərinin yaratdıqları oyuncaq qrumlarla əvəz edilmiş, nəticədə Azərbaycan xalqı böyük qurbanlar bahasına qazandığı istiqlaliyyəti itirmişdir. RSFSR və Azərbaycan SSR arasında « Hərbi iqtisadi ittifaq haqqında » 30 sentyabr 1920-ci il Müqaviləsi, «SSRI-nin təşkili haqqında» 30 dekabr 1922-ci il Müqaviləsi Azərbaycan Respublikasının Ilhaqı aktları idi. Beləliklə, Azərbaycanın SSR Ittifaqına daxil olması xalqın iradəsini ifadə etmirdi, könüllü deyildi. Yetmiş ildən çox sürən müstəmləkə əsarəti, kütləvi terror və azad fikrin boğulması ilə, təbii ehtiyatların amansızcasına talanı və əhalinin həyat səviyyəsinin aşağı düşməsi ilə, ətraf mühitin görünməmiş dərəcədə çirklənməsi və Respublikanın ərazi bütövlüyünə vaxtaşırı qəsdlərlə müşayət olunmuşdur. Bütün bunlar onu göstərir ki, belə vəziyyətin davam edəcəyi təqdirdə Azərbaycan heç vaxt öz suveren hüquqlarını həyata keçirə bilməyəcək. Bu bir daha onunla təsdiqlənir ki, SSR Ittifaqının müvafiq konstitusiya öhdəliklərinə baxmayaraq, qonşu respublikanın süni qurum olan DQMV ilə bağlı ərazi iddialarının qarşısı alınmamış, ağır siyasi və milli böhranla qarşılaşmış Azərbaycan xalqı özü öz torpağının müdafiəsinə qalxdıqda isə ona qarşı nizami ordu tətbiq edilmiş, nəticədə yüzlərlə dinc vətəndaş həlak olmuş və yaralanmış, bir çox mülki obyektlər zərər çəkmişdir.

Ancaq bütün bunlar Azərbaycan xalqının azadlıq istəyini qıra bilməmişdir. 1991 - ci il avqustun 30 - da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə elan edildi. Bununla da, beynəlxalq birliyin bərabər hüquqlu üzvü olmaq və dünya xalqları ailəsində öz yerini tutmaq uğrunda Azərbaycan xalqının arzusu gerçəkləşməyə başlamışdır.Azərbaycan Respublikasının Ali Soveti göstərilənlərə əsasən, Azərbaycanın Istiqlalı haqqında 28 may 1918 - ci il Bəyannaməsinin ideya və prinsiplərinə varisliyini qoruyub saxlayaraq, Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında 30 avqust 1991 - ci il bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Qanunu qəbul və elan edir.

Ümumi Müddəalar

M a d d ə 1. SSRI-nin təşkili haqqında Müqavilə barədə.

SSR Ittifaqının təşkili haqqında 30 dekabr 1922-ci il tarixli Müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan hüquqi etibarsız sayılsın.

M a d d ə 2. Azərbaycan Respublikasının Dövlət-hüquqi statusu haqqında.
1.Azərbaycan Respublikası müstəqil demokratik unitar dövlətdir.

2.Azərbaycan Respublikası 1918 - ci il Mayın 28 - dən 1920 - ci il aprelin 27 - nə qədər mövcud olmuş eyni adlı dövlətin hüquqi xələfidir.

3.1920-ci il aprelin 28-dən Azərbaycan SSR adlandırılan, 1991-ci il fevralın 6-da adı özünə qaytarılan Azərbaycan Respublikasının ərazisi 1920-ci il aprelin 28-dən 1922-ci il dekabrın 30-na qədər RSFSR-in və 1922-ci il dekabrın 30-dan 1991-ci il avqustun 30-na qədər SSRI–nin müstəmləkəsi sayılsın və SSRI Azərbaycan Respublikasının birbaşa hüquqi sələfi hesab edilsin.

M a d d ə 3. Azərbaycan Respublikasının ali suverenliyi haqqında.

1.Azərbaycan Respublikasında suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur. Xalq bu hakimiyyəti ali dövlət hakimiyyəti orqanı olan məclis vasitəsilə həyata keçirir.

2.Məclis üzvləri seçkilərin nəticələrinin saxtalaşdırılmasını istisna edən şəraitdə ümumi, birbaşa, bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə seçilirlər. Bu zaman proporsional nümayəndəlik sistemi tətbiq edilir.

M a d d ə 4. Milli Şura.

Məclis çağırılana qədər Azərbaycan Respublikası ərazisində ali hakimiyyət, tərkibi Ali Sovet tərəfindən müəyyənləşdirilən Milli Şura tərəfindən həyata keçirilir.
M a d d ə 5. Azərbaycan xalqı

«Azərbaycan xalqı» dedikdə, bu qanunda Azərbaycan Respublikası ərazisində və onun hüdudlarından kənarda yaşayan bütün Azərbaycan vətəndaşları nəzərdə tutulur.

II hüquqi varislikdən doğan məsələlər.

M a d d ə 6. SSRI-nin Beynəlxalq müqavilələri.

1.Azərbaycan Respublikası SSRI-nin iştirakçısı olduğu Beynəlxalq müqavilələrlə yalnız varislik anına, yəni 30 avqust 1991-ci ilə qədər Azərbaycan ərazisində qüvvədə olduğu üçün bağlı deyildir.

2.Azərbaycan Respublikası varislik anına qədər ərazisində qüvvədə olan hər hansı çoxtərəfli müqavilənin iştirakçısı kimi əgər başqa müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa özü öz statusunu müəyyən edə bilər.

3.Göstərilən anda hələ qüvvəyə minməmiş çoxtərəfli müqavilənin iştirakçısı kimi Azərbaycan Respublikası eyni qaydada öz statusunu müəyyənləşdirə bilər.

4.Azərbaycan Respublikasının SSRI-nin ikitərəfli müqavilələrində iştirakı məsələləri də Beynəlxalq hüquqa uyğun şəkildə həll edilir.

M a d d ə 7. Azərbaycan Respublikasının ərazisi və dövlət sərhədləri.

1. Azərbaycan Respublikasının ərazisi bölünməzdir. Tarixən müəyyənləşmiş hüdudlar da özgəninkiləşdirilə bilməz.

2. Azərbaycan Respublikasının sərhədləri müvafiq dövlətlərlə qarşılıqlı saziş üzrə məclisin qərarına əsasən Respublikanın bütün ərazisində keçirilən referendumda 138 138 Azərbaycan Xalqının razılığı ifadə olunduqda dəyişdirilə bilər.

M a d d ə 8 . SSRI-nin dövlət borcu haqqında.

Hüquqi varislik anı SSRI-nin mövcud dövlət borcunun keçməsinin başqa bir zəruri şərti onun Azərbaycan Respublikasına keçən əmlak və hüquqi mənafelərlə bağlı yaranmasıdır.

M a d d ə 9. SSRI dövlət mülkiyyəti haqqında.

1.Hüquqi varislik anı SSRI Ittifaqının Azərbaycan Respublikası ərazisində yerləşən bütün daşınar və daşınmaz mülkiyyəti Azərbaycan Respublikasının mülkiyyətidir. Daşınar mülkiyyətin Beynəlxalq hüquqa üyğun olaraq müqavilə əsasında digər dövlətlərə veriləcək hissəsi bu qaydadan istisna təşkil edir.

2.Hüquqi varislik anı Azərbaycan Respublikası ərazisindən kənarda olan, lakin yaranmasında SSRI - nin tərkibində olarkən Azərbayan xalqının və ərazisinin iştirak etdiyi mülkiyyət verdiyi töhfəyə uyğun həcmdə müqavilə əsasında Azərbaycan Respublikasına keçə bilər.

M a d d ə 10. Azərbaycan Respublikasının SSR Ittifaqı və onun subyektləri ilə münasibəti.

Azərbaycan Respublikasının SSR Ittifaqının və onun subyektləri ilə (o cümlədən keçmiş subyektləri ilə) münasibətləri onun dövlət hüquqi statusuna təsir göstərməmək şərti ilə müqavilələrlə nizama salınır.

M a d d ə 11. Azərbaycan Respublikasının qanunvericiliyi.

1.Azərbaycan Respublikasının ərazisində ancaq Azərbaycan Respublikasının qanunları fəaliyyət göstərir.

2.Hüquqi varislik anı fəaliyyət göstərən Azərbaycan Respublikasının bütün qanunları və başqa qanunvericilik aktları bu Qanuna zidd olmadıqda hüquqi varisini saxlayır.

3.Azərbaycan Respublikasının müvafiq qanunları qəbul edilənə qədər onun ərazisində Milli Şuranın müəyyənləşdirdiyi siyahıda nəzərdə tutulan SSRI Qanunları öz hüquqi qüvvəsini saxlayır. Bu qanunlara Azərbaycan Respublikası qanunları statusu verilir.

4.Azərbaycan Respublikasının Konstitusiyası (Əsas Qanunu) Respublikanın bütün ərazisində keçirilən referendum yolu ilə qəbul edilir.

M a d d ə 12. Azərbaycan Respublikasının xarici siyasəti.

Azərbaycan Respublikası hamılıqla qəbul olunmuş beynəlxalq hüquq normalarına uyğun olaraq başqa dövlətlərlə, o cümlədən SSR Ittifaqı və onun subyektləri ilə öz münasibətlərini aşağıdakı prinsiplər əsasında qurur: dövlətin suveren bərabərliyi; zor işlətməmək və ya zor işlətməklə hədələmək; dövlət sərhədlərinin toxunulmazlığı; mübahisələrin dinc yolla nizama salınması; başqa dövlətlərin daxili işlərinə qarışmamaq; insan hüquqlarına və əsas azadlıqlara hörmət; xalqların bərabərliyi və onun öz müqəddaratını təyin etmə hüququ; dövlətlərin əməkdaşlığı, beynəlxalq hüquq üzrə götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsi.

M a d d ə 13. Azərbaycan Respublikasının müdafiəsi

1.Müdafiə Azərbaycan dövlətinin ən vacib funksiyalarındandır və bütün xalqın işidir.

2.Vətənin müdafiəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının müqəddəs borcudur.

3.Azərbaycan Respublikasının ordusu və başqa silahlı qüvvələri qanunla müəyyən edilmiş qaydada həm könüllülük, həm də ümumi mükəlləfiyyət prinsipləri üzərində qurulur.

III Yekun müddəalar

M a d d ə 14. Insan hüquqları və vətəndaşlarının hüquqi bərabərliyi.

İnsan hüquqları və əsas azadlıqları üzrə beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası irqindən, millətindən, dilindən, dinindən, əqidəsindən, mənşəyindən və digər hallardan asılı olmayaraq hər bir insana mülki, siyasi, sosial, iqtisadi və başqa hüquq və azadlıqlar təmin edir.

M a d d ə 15. Qanunun fəaliyyəti haqqında.

1.Bu qanun qəbul edildiyi andan qüvvəyə minir.

2.1978-ci il Azərbaycan SSR Konstitusiyası bu qanunun 11-ci maddəsinin 2-ci bəndinə uyğun fəaliyyət göstərir.

Layihəni hazırlayıblar:
E.Məmmədov, F.Ağayev.
«Millət» qəz., 16 oktyabr 1991 – ci il