Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan parlamentdə çıxışında bəyan edib ki, iqtisadi nöqteyi-nəzərdən Ermənistan və Gürcüstanın regional strateji əhəmiyyət kəsb edən layihələri həyata keçirmək üçün birgə işləməsi ilə bağlı razılaşmaların əldə olunması çox vacibdir:
“Gürcüstanın iştirak etdiyi və mühüm rol oynadığı Qara Dəniz Kabel layihəsi bizim üçün çox vacibdir. Biz həmçinin gürcü tərəfdaşlarımızın dəstəyinə ümid edirik ki, Ermənistan bu layihənin bir hissəsi olsun. Texniki cəhətdən layihənin bir hissəsi olmaq üçün Ermənistan Respublikası enerji infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi ilə bağlı müəyyən ev tapşırıqlarını yerinə yetirməlidir. Bununla bağlı müvafiq tapşırıqlar verilib və iş aparılır”.
O da məlumdur ki, Qara dənizin dibi ilə Avropaya elektrik kabeli dəhlizinin çəkilməsi ideyasını Azərbaycan verib. O üzdən, Azərbaycanın əsasını qoyduğu bu dəhlizə Bakının icazəsi olmadan Gürcüstan kimdi Ermənistanı qoşa?
“Sülh müqaviəsi imzalanandan sonra Ermənistanın Qara Dəniz Kabel layihəsinə qoşulması real görünür”
Sözügedən məsələyə aydınlıq gətirən AMİP funksioneri Əli Orucov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın razılığı olmadan bu mümkün deyil: “Bu, istənilən layihədə belədir. Layihənin əsasını kim qoyubsa, həmin dövlətin razılığı olmadan başqa bir ölkə ona qoşula bilməz. Məsələn, hansısa silahı istehsalçı ölkənin razılığı olmadan üçüncü ölkəyə satmaq mümkün deyil. Ermənistan neçə vaxtdır Qara Dəniz Kabel layihəsinə qoşulmaq istəyir. Bir neçə dəfə erməni rəsmiləri bunu bəyan ediblər. Fikir versək görərik ki, V.Kostanyan açıqlamasında buna tam əmin deyil, sadəcə ümid edir. Bu, həm də o deməkdir ki, Ermənistan tərəfi bu məsələdə bütün səlahiyyətin Gürcüstanın əlində olmadığının fərqindədir. Şübhə etmirəm ki, qapalı danışıqlarda gürcü rəsmiləri Azərbaycan tərəfinin razılığının vacib olduğunu onların nəzərinə çatdırır. O da məlumdur ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində təmaslar artır. Ola bilsin ki, noyabra qədər iki ölkə arasında bununla bağlı çərçivə sazişi imzalansın. O baxımdan erməni rəsmilərinin bundan çıxış edərək layihə ilə bağlı ümidverici mövqe sərgələməsi mümkündür. Yəni onlarda əminlik var ki, sülh sazişi uzaqda deyil. Sülh müqaviəsi imzalanandan sonra isə Ermənistanın Qara Dəniz Kabel layihəsinə qoşulması real görünür. Yoxsa iki ölkə münasibətləri yaxşılaşmadan, tərəflər arasında sülh müqaviləsi imzalanmadan Ermənistanın bu layihəyə qoşulması real görünmür. O üzdən, yaxşı olardı ki, sülh məsələsində Ermənistan üzərinə düşən işləri yerinə yetirsin”.