“Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçirilib

"Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçirilib
Naxçıvanda "Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən "Millət"ə daxil olan məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq AMEA-nın Naxçıvan Bölməsinin təşkilatçılığı ilə keçirilən konfransda Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti və Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları, ölkənin tanınmış alimləri, o cümlədən Türkiyənin Naxçıvan şəhərindəki baş konsulu və türkiyəli elm adamları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli liderin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, Heydər Əliyev muzeyi ilə tanış olublar.

Naxçıvan Universitetində keçirilən konfransı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid açaraq orta əsrlərdə yaşamış, türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, təsəvvüf və təfsir alimi Nemətullah Naxçıvaninin Naxçıvanda doğulduğunu, burada görkəmli alimlərdən təhsil aldığını deyib. O, Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun "Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 29 oktyabr 2018-ci il tarixli sərəncamını xatırladıb, bu istiqamətdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Qeyd olunub ki, sərəncam ilə təsdiq olunan Tədbirlər planına uyğun olaraq Naxçıvan Bölməsində Nemətullah Naxçıvaninin yaradıcılığının öyrənilməsi üçün tədqiqat qrupu yaradılıb, "Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” layihəsi çərçivəsində Türkiyənin Konya vilayətinin Ağşəhər bölgəsinə səfər təşkil edilib. Səfər çərçivəsində beynəlxalq konfrans keçirilib, Nemətullah Naxçıvaninin məzarüstü abidəsinin bərpası üçün layihə hazırlanıb. Ağşəhərdə alimin adını daşıyan dini məktəb və məscidin fəaliyyət göstərdiyi söylənilib.

Vurğulanıb ki, Tədbirlər Planına əsasən, alimin "Əl-Fəvatih-Ül-İlahiyyə-Vəl-Məfatih-Ül-Qeybiyyə” (Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi) üçcildlik əsərinin birinci və ikinci cildi Azərbaycan dilinə tərcümə olunaraq çap edilib. Bundan əlavə, "Nemətullah Naxçıvani XV əsrin görkəmli təsəvvüf və təfsir alimi” adlı monoqrafiya, "Nemətullah Naxçıvani: Taleyi və sənəti” adlı məqalələr toplusu nəşr olunub. Eyni zamanda, bölmədə Nemətullah Naxçıvaninin bir sıra əsərlərinin toplanıldığı "Hidayətül-ixvan” (Qardaşların hidayəti) kitabı tərcümə olunub. Vurğulanıb ki, türk, ərəb və fars dillərində əsərlər yazan görkəmli alimin Türkiyə kitabxanalarında saxlanılan 12 əlyazmasının nüsxəsinin elektron variantı Türkiyənin Naxçıvan şəhərindəki baş konsulu tərəfindən bölməyə təqdim edilib.

Tədbirdə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev "Nemətullah Naxçıvani və Naxçıvan” mövzusunda çıxışında isə Nemətullah Naxçıvaninin həyat və fəaliyyətindən, onun İslam aləminin görkəmli alim kimi formalaşmasında Naxçıvanın ictimai-mədəni mühitinin böyük rolundan danışıb. Qeyd edib ki, Naxçıvan diyarı öz görkəmli yetirmələri-ziyalıları, alimləri, siyasətçiləri, mütəfəkkirləri ilə həmişə diqqəti cəlb edib. Orta əsrlər dövründə bu diyarın onlarla yetirməsi dünyanın müxtəlif ölkələrində təhsil alıb, orada yaşayıb fəaliyyət göstərib, yaradıcılıqları ilə tanınıb və şöhrət qazanıblar.

Məlumat verilib ki, həyatının 50 ilə yaxın bir dövrünü Naxçıvanda keçirən, İranda və Türkiyədə yaşayan, təsəvvüf və təfsir sahəsində əsərlərini də burada qələmə alan, fəlsəfi məzmunlu məktəblərinin nümayəndəsi, görkəmli sufi şeyxi və filosof Nemətullah Naxçıvani XV-XVI əsrlərdə yaşayıb-yaratmış Naxçıvanın böyük elm adamlarındandir. Lakin təəssüf ediləsi haldır ki, sovetlər birliyi dövründə islam dini ilə bağlı tədqiqat işləri aparan elm adamlarına imkan verilmədiyi kimi, əvvəlki əsrlərdə bu istiqamətdə fəaliyyət göstərmiş alim və ziyalılarımızın adı və əməlləri də yasaq edilib. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün bu qadağalar aradan qaldırıldı, görkəmli ziyalılar və elm adamları xalqımıza tanıdılmağa başlanıldı. Bu sırada qürur duyduğumuz görkəmli şəxsiyyətlərimizdən biri olan Nemətullah Naxçıvani xüsusi yer tutur.

Nemətullah Naxçıvaninin elmi yaradıcılığında qədim türk sivilizasiyası ilə İslam dini dünyagörüşü vəhdət təşkil etdiyini deyən İsmayıl Hacıyev bildirib ki, əsərləri onu böyük türk-İslam alimi kimi tanıdıb, hətta öz dövründə alimlərin ən fəzilətlilərindən biri olduğunu göstərib.

Qeyd olunub ki, dərin biliyi, yüksək mənəvi keyfiyyətləri ilə məşhurlaşan Nemətullah Naxçıvani ciddi yaradıcılıqla məşğul olub və nəticə olaraq "Quran”ın kəlmə və hikmətlərini açıqlayan "Qeybin açarı və İlahi fəthi” əsərini yazıb. Bildirilib ki, Nemətullah Naxçıvaninin yazdığı "Hidayətül-İxvan”, "Şərhi-əsrarin nöqtə” əsərləri, Şeyx Mahmud Şəbüstərinin "Gülşəni-raz” əsərinə yazdığı şərh, İbn-Ərəbinin məşhur "Füsus əl-hikam” əsərinə yazdığı "Hasiyə” və risalələri onun yaradıcılığının mühüm nümunələridir.

İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbova görkəmli filosof və alimin həyat və fəaliyyətinin öyrənilməsi və tədqiq edilməsi üçün sərəncam verdiyinə görə dərin minnətdarlığını bildirib.

Konfransda, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Nemətullah Naxçıvaninin elmi irsi və müasirlik”, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu "Nemətullah Naxçıvaninin "Gülşəni-raz” əsəri klassik şərhçiliyinin dəyərli nümunəsi kimi” və Türkiyənin Samsun 19 Mayıs Universitetinin professoru Yaşar Kurt "Tarixi və təsəvvüfi bir şəxsiyyət kimi Nemətullah Naxçıvani” mövzusunda çıxış ediblər.
Sonra tədbir iştirakçıları "Təfsir alimi” sənədli filimini izləyib.

Naxçıvan Bölməsində davam etdirilən konfransda "Nemətullah Naxçıvani: dövrü və mühiti”, "Nemətullah Naxçıvaninin irsi və tərcümə məsələləri”, "Nemətullah Naxçıvani və təsəvvüf fəlsəfəsi” və "Nemətullah Naxçıvani yaradıcılığında fəlsəfə və din” adlı bölmələr üzrə elm adamlarının müxtəlif mövzularda məruzələr dinlənilib. Məruzələrdə Nemətullah Naxçıvaninin elmi fəaliyyəti, təsəvvüflə bağlı dərin düşüncələri, alimin qələmə aldığı fəlsəfi məzmunlu müxtəlif əsərlərinin tədqiqi ilə bağlı çıxışlar yer alıb.

Konfrans iştirakçılarının Qarabağlar Türbə Kompleksinə, Duzdağ Fizioterapiya Mərkəzinə, Naxçıvan Duz Muzeyinə, "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə, "Xan Sarayı” Tarix-Memarlıq, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksinə və Yusif Küseyir oğlu Türbəsinə gəzintisi təşkil edilib.