"Təbii ki, Vaşinqtonun da, NATO-nun da, digər Qərb İnstitutlarının da əsas marağı Rusiyanı cilovlamaqdan və zəiflətməkdən ibarətdir. Odur ki, adını çəkdiyim dairələr Ukrayna və Rusiya arasındakı gərginlikdən maksimum istifadə edərək öz maraqlarını təmin etməyə çalışırlar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov qeyd edib.
Onun sözlərinə görə, ABŞ tərəflər arasında müharibə olacağı halda Avropa dövlətlərinin də prossesə qoşulmasında və nəticənin nə olacağından asılı olmayaraq Rusiyaya qarşı olduqca sərt sanksiyalar tətbiq etməkdə maraqlıdır: "Avropa ölkələrinin isə bir qismi Rusiyadan qaz asılılığı səbəbilə münaqişəyə cəlb olunmaq istəmir və seyrçi mövqe nümayiş etdirərək gərginliyin nə ilə bitəcəyini gözləyirlər. Digər bir qismi isə Ukraynadan sonra Rusiya müdaxiləsinin onlara da çatacağı düşüncəsi ilə aktiv şəkildə Ukraynanı müdafiə edirlər.
Göründüyü kimi tərəflərin hər birinin öz marağı var və onları Ukraynadan daha çox öz maraqlarını təmin etmək düşündürür. Məlumdur ki, rəsmi Vaşinqton Moskva qarşısında Ukrayna ərazilərinin azad edilməsini, bu ölkə sərhədləri yaxınlığında topladığı qoşunları kazarmaya qaytarmasını, NATO-dakı müttəfiqlərini təhdid etməməsini və bu kimi tələblər irəli sürüb. Rusiya isə ABŞ və NATO-dan təhlükəsizliyinə təminat, keçmiş sovet respublikalarında fəaliyyətini genişləndirməmək, ilk növbədə, Ukrayna və Gürcüstanı Alyansa üzv qəbul etməməsini istəyir. ABŞ da, Rusiya da NATO–nun şərqə doğru genişlənməsini özləri üçün qırmızı xətt elan ediblər. Başqa sözlə ABŞ NATO-nun genişlənməsini davam etdirmək, Rusiya isə qarşısını almaq istəyir. Buna tərəflərin maraqlarının toqquşduğu xətt də demək olar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, onlar qoşunlarını öz ərazilərindən kazarmaya qaytarılmasına dair ABŞ-ın qəbuledilməz tələblərini hətta müzakirə etməyə belə hazır deyillər. ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman isə qeyd edib ki, öz yolunu seçmək hər dövlətin suveren hüququdur.
Başqa sözlə rəsmi Vaşiqton da rəsmi Moskvada gərginlikdən istifadə edərək maksimum şəkildə öz maraqlarını təmin etməyə çalışır, ortada qalan isə Ukraynadır. Məlumdur ki, Ukraynada 2013-cü il noyabrın 21-dən 2014-cü il fevralın 22-dək davam edən Maydan hərəkatından sonra 2014-cü ilin mart ayının əvvəllərindən etibarən Ukraynanın Donetsk və Luqansk vilayətlərində rusiyayönümlü qruplaşmaların fəaliyyəti nəticəsində regionda separatçılar baş qaldırdı və tanınmayan iki “respublika” elan olundu. İndiyədək Rusiyanın onlara yardımı və dəstəyi davam edir. Qərb dövlətlərinin rəsmiləri isə bu hadisələri Ukraynanın Rusiya tərəfindən işğalı kimi təqdim etsə də bəyanat verməklə kifayətləndi. İndi də Qərb bloku yenə oxşar bəyanatlar səsləndirir, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyi ilə hədələyir. Yəni bu deməkdir ki, sən vuruş, müharibə apar, nəticənin nə olmasından asılı olmayaraq mən istəyimə çatım və Rusiyanı çökdürmək üçün sanksiyalar tətbiq edim. Bu isə o anlama gəlir ki, qərb Ukrayna münaqişəsindən Rusiyaya qarşı vasitə olaraq istifadə edir. ABŞ və onun Qərbdən olan müttəfiqləri bu kimi hallarda qarşı tərəflə hibrid müharibəsi aparır. Odur ki, Donbassız qalan Ukraynaya müxtəlif istiqamətlərdə yardımlar edilsə də, əsas məsələ öz həllini tapmayıb. Oxşar hadisə Gürcüstanda da baş verib. Bu ölkənin Avropa İttifaqı və NATO üzvlüyünə qəbul olunacağı vədləri verilir. Nəticədə isə Gürcüstan öz ərazilərini itirir. Rusiya Cənubi Osetiya və Abxaziyanın “müstəqilliyini” tanıyır.
Gözləntilərim tərəflərin müharibədən qaçacağı yönündədir. Çünki nə Ukrayna, nə Rusiya, nə ayrı-ayrı Avropa dövlətləri müharibədə maraqlı deyil. ABŞ özü də müharibəyə qoşulmaq fikrindən uzaqdır. Baxın, Hazırda NATO-nun 30 üzvü var. İki dünya müharibəsindən maddi, mənəvi və hərbi ziyanla çıxmış Almaniya Rusiyaya qarşı üçüncü dəfə də vuruşmaq istəmir. Quru qoşunlarının sayına görə NATO-nun ikinci hərbi qüvvəsi olan qardaş Türkiyə ilə Rusiya arasında hazırda yaxşı münasibətlər, 100 milyard dollarlıq ticarət dövriyyəsi mövcuddur və Türkiyənin də Rusiyaya qarşı müharibədə yer almayacağı gün kimi aydındır. Elə Ərdoğanın Ukrayna və Rusiya arasında vasitəçilik təklifi ilə çıxış etməsinin kökündə də Türkiyəni bu münaqişədən uzaq tutmaq istəməsi dayanır. Böyük Britaniya da hər nə qədər də Rusiyaya qarşı sanksiyalara qoşulsa da hərbi münaqişədə maraqlı deyil, belə ki, Böyük Britaniyanın Rusiya ilə sarsılmaz iqtisadi-mədəni əlaqələri var. Böyük Britaniyanın baş naziri Boris Consonun “Heç bir NATO ölkəsi Ukraynaya qoşun göndərməyə hazır deyil” bəyanatı da bu ölkənin mövqeyini açıq şəkildə ortaya qoyur. Fransanın isə başı hal-hazırda özünə qarışıb və apreldə keçiriləcək seçkiyə hazırlaşır. NATO-ya daxil olan Yunanıstan, Lüksemburq, Latviya, Litva, Estoniya, İslandiya, Xorvatiya, Şimali Makedoniya, Çernoqoriya və digər ölkələrin isə Rusiya ilə müharibəyə başlayacağını düşünmək qətiyyən real görünmür. Ukraynanı aktiv şəkildə silahlandıran ABŞ isə indiki vəziyyətdə Ukrayna və Rusiya arasında müharibənin olmasını Rusiyaya əlavə sanksiyalar tətbiq etmək imkanı kimi görür amma onun dəstəyi də yalnız silah göndərməklə məhdudlaşır. NATO-nun baş katibi Yens Stoltenberqin “NATO Ukraynaya qoşun yeritməyəcək” bəyanatı da Ukrayna ilə Rusiya arasında baş verə biləcək müharibə halında bu qurumun müdaxilə etməyəcəyinin ən bariz sübutudur.
Odur ki, mən Ukrayna ətrafındakı gərginliyin böyük müharibəyə gətirib çıxaracağını düşünmürəm. Əsas məsələ Rusiyanı çox sərt sanksiyalarla çökdürməkdən ibarətdir. Amma məsələ burasındadır ki, bütün bunları bilə-bilə vəziyyəti gərginləşdirməklə həm ABŞ-a, həm də Rusiyanın çökməsində maraqlı olan digər qüvvələrə bəhanəni verən də elə məhz Rusiyanın özüdür. Çünki əgər sən ölkənin təhlükəsizliyi bəhanəsi ilə bütün dünyaya meydan oxuyursansa, bütün post-sovet məkanını öz ərazilərin kimi görərək harda gəldi separatizmi stimullaşdırıb ora qoşun yeridirsənsə bunun nə vaxtsa acı nəticələrə gətirib çıxaracağını da göz önünə almalısan".
Millət