Gürcüstanda ciddi siyasi kataklizmlərin baş qaldıracağını təxmin edə bilərik

Gürcüstanın hakim "Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyasının V qurultayında təşkilatın qurucusu Bidzina İvanişvili yekdilliklə hakim partiyanın sədri seçilib. Qurultayda Siyasi Şuranın yeni üzvləri də təsdiq olunub.

B.İvanişvili qurultayda çıxış edib, ölkənin ictimai-siyasi həyatında yeni dəyişikliklərin olacağını bildirib: "İnanıram ki, vaxtımızı və enerjimizi boş-boş mübahisələrə xərcləməməliyik. Ölkə qarşısında mövcud olan çağırışların fonunda, partiya daxilindəki şəxsi mübahisələrə yer verilməməlidir. Mən hiss etdim ki, yaratdığım partiya xalqdan uzaqlaşmağa başladı, bəli, ona görə də siyasətə geri qayıtdım. Bu gün biz ölkəmiz üçün tarixi anları yaşayırıq və belə bir zamanda ümidsizliyə və xəyal qırıqlığına yer verilməməlidir. İndi qələbə vaxtıdır”.

B.İvanişvilinin partiyası faktiki olaraq hakimiyyətdədir. Onun qəfildən siyasətə qayıtmaq qərarını verməsi nə ilə bağlı ola bilər? Bu hadisə Gürcüstanın ictimai-siyasi həyatına nə kimi yenilik gətirəcək?

Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, son 6 ilə Gürcüstanın daxili və xarici siyasətini müəyyən edən, ölkənin bütünlükdə idarə olunmasını saxlayan şəxs İvanişvilidir: "Bu müddətin qısa bir hissəsini rəsmi olaraq Baş nazir kimi, qalan hissəsini isə qeyri-rəsmi olaraq fəaliyyət göstərib. Əslində, bunu ölkə daxilində və xaricində hamı bilir. İvanişvilinin partiya rəhbərliyinə yenidən qayıtmağa razılıq verməsi yenidən rəsmi şəkildə siyasətə qayıtmaq anlamını daşıyır və bu təəccüblü görünməməlidir. Son vaxtlara qədər İvanişvili hazırkı statusu ilə özünü yaxşı hiss edirdi. Onun əsas müxalifəti olan Saakaşvilinin Birləşmiş Milli Hərəkatı (BMH) zəif durumda idi. Son parlament seçkilərindən sonra parlamentdə 150 yerə qarşı 27 yer alan BMH-də parçalanma baş verdi. Partiyaya rəsmi olaraq sədrlik edən keçmiş parlament sədri Davit Barkadze 21 deputatla birgə partiyadan gedərək, "Azadlıq üçün Avropa Gürcüstanı” hərəkatını yaratdı və "Gürcü arzusu”nu müdafiə etməsə də, parlamentdə, bir növ, loyal müxalifət rolunu aldı. Amma dünyada baş verən proseslərin gedişatı Cənubi Qafqaza da öz təsirini göstərib. Bu gün heç kimin gözləmədiyi halda Ermənistanda Moskvanın ən yaxın adamı olan Serj Sarkisyan istefaya göndərilirsə, Gürcüstanda da belə hadisələrin ola biləcəyini təxmin etmək elə də çətin deyil. Son vaxtlar Saakaşvilinin Gürcüstanla bağlı verdiyi bəyanatlar da "Gürcü arzusu”nu çox narahat etməyə başlayıb. Saakaşvilinin vətəndaşlığı ləğv olunsa da, partiyası 6 deputatla zəif duruma düşsə də, onun şəxsi keyfiyyətləri, əhali arasında nüfuzu istənilən vaxt siyasi proseslərə aktiv qarışmaq imkanlarının olmasından xəbər verir. Moskvanı və İvanişvilini də narahat edən bu faktorlardır. Sonuncu kütləvi etiraz tədbirlərinin miqyası və bunun daha da genişlənə biləcəyi ehtimalları da narahatlıq yaradır. Buna görə də belə qərara gəliblər ki, "Gürcü arzusu” hakimiyyətini ola biləcək təhlükələrdən qorumaq üçün hərəkatın şəriksiz lideri və sahibi İvanişvilini partiya rəhbərliyinə de-yure qaytarmaqla hakimiyyətin mövqelərini qorusunlar. Bu heç də onun hakimiyyətin başına gəlməsi anlamını daşımır. Bu gün o, qeyri-rəsmi olsa da, hakimiyyətdədir. Söhbət bu statusun rəsmiləşdirilməsindən gedirsə, Moskva da onun aktiv siyasətə qayıtmasını, dövlətə birbaşa rəhbərlik etməsini istəyir. Amma Gürcüstanda ola biləcək hadisələrin inkişafı o həddə çata bilər ki, onun qarşısını heç kim ala bilməz. Bir məsələni də unutmaq lazım deyil ki, İvanişviliyə münasibət, onun nüfuzu heç də "Gürcü arzusu”nun hakimiyyətə gəldiyi ildəki kimi deyil. Bu baxımdan da yaxın perspektivdə Gürcüstanda ciddi siyasi kataklizmlərin baş qaldıracağını təxmin edə bilərik”.