Hadisələrin hamısının öz tarixi var

Hatəm Cabbarlı: "Ermənilərin belə yalanları sürətli şəkildə tirajlaması münaqişənin sülh yolu ilə həlli istiqamətində atılan addımları heçə endirmək məqsədi güdür”

Dağlıq Qarabağdakı separatçı qurumun "xarici işlər nazirliyi” adından "Halqa” əməliyyatının 29-cu ildönümü ilə bağlı bəyanat yayılıb. Bəyanatda deyilir ki, güya Azərbaycan həmin vaxt Dağlıq Qarabağdan erməniləri tam qovmaq üçün mülki əhaliyə qarşı həmin əməliyyatı keçirib.

İddia olunur ki, məhz həmin əməliyyatdan sonra Dağlıq Qarabağ münaqişəsi hərbi müstəviyə keçmiş oldu. Bəs əslində o zaman nələr baş verib? Araşdırmalarımız göstərir ki, ermənilərin bu iddialarının heç bir hüquqi əsası yoxdur. Həmin vaxt Azərbaycan müstəqil olmayıb. Həm Ermənistan, həm də Azərbaycan SSRİ-nin tərkibində olan respublikalar idi. 1991-ci il aprelin 30-da SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Azərbaycan SSR-in Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəi (OMON) və ordu hissələri ermənilərin qanunsuz silahlı birləşmələrinə və terrorçulara qarşı "Halqa” əməliyyatına başlayıb. Əməliyyat keçmiş Şaumyan və Qasım İsmayılov rayonları (indiki Goranboy), Göygöl və keçmiş Ağdərə rayonlarının ərazisində azərbaycanlılara basqın edən, onları öldürüb, girov götürən, həmçinin, qonşu regionlar arasında nəqliyyat əlaqələrinə maneçilik törədən erməni terrorçularına qarşı idi. Əməliyyata daxili işlər naziri, mərhum Məhəmməd Əsədov şəxsən başçılıq edirdi. 1991-ci il aprelin 30-da "Halqa” əməliyyatının başlandığı gün keçmiş Şaumyan rayonunun Getaşen (indiki Çaykənd) kəndinə və Martunaşen (indiki Qarabulaq) daxil olan Daxili Qoşunlar və OMON dəstələri erməni silahlılarının müqaviməti ilə üzləşmişdi. Döyüşlərdə SSRİ Daxili Qoşunlarının Bakı alayının komandiri, polkovnik Maşkov əsir götürülmüşdü. Kəndin dinc sakinlərinin arxasında gizlənən silahlılara qarşı mübarizə çətinlik törətsə də, may ayı ərzində əməliyyat uğurla yerinə yetirildi. Mayın 6-da isə Ermənistandan Çaykəndə döyüşməyə gedən silahlı dəstənin 14 üzvü öldürülmüş, 10 nəfər isə əsir götürülmüşdü.

Siyasi elmlər doktoru Hatəm Cabbarlı "Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunu Ermənistan və qondarma qurumun təbliğat maşınının növbəti uydurması adlandırmaq olar: "Həmin vaxt əməliyyat olub, ancaq ermənilərin təsvir etdiyi şəkildə yox. Son günlər Azərbaycana qarşı qarayaxma kampaniyasının davam etməsi təsadüfi deyil. Bununla Ermənistan diqqəti artıq beynəlxalq qurumların dirəniş göstərdiyi danışıqlar prosesindən başqa istiqamətə yönəltmək istəyir. Saxta qurumun adından yayılan bəyanatda 1991-ci ildə keçirilən əməliyyatda SSRİ və Azərbaycan dövlətlərinin adı çəkilir. Həmin vaxt mülki əhaliyə qarşı yox, terrorçu qruplaşmalara qarşı əməliyyat keçirilib. Həmin vaxt Azərbaycan müstəqil dövlət olmayıb, keçirilən həmin əməliyyatdan SSRİ rəhbərliyinin məlumatı olub. 1988-ci ildən başlayaraq, ermənilər Dağlıq Qarabağda və ona yaxın ərazilərdə öz terrorçuluq fəaliyyətlərini genişləndirirdilər. 1991-ci ilə qədər onlar Dağlıq Qarabağda separatçılığın əsasını tam qoymuşdular. Müxtəlif terror aktları vasitəsilə onlar azərbaycanlı mülki əhalini qətlə yetirmişdilər. 1991-ci ilin yanvarında Laçın-Şuşa yolunda onlar jurnalist Salatın Əsgərova və iki hərbçini qətlə yetirmişdilər. "Halqa” əməliyyatı isə ermənilərin davam edən terrorçuluq hərəkətlərinə cavab olmuşdu. Bu baxımdan da qondarma rejimin verdiyi bəyanat hadisələri təhrif edib, öz mahiyyətindən çıxarmaq məqsədini güdür. Ancaq belə yalanlar yeridilə bilməz. Çünki hadisələrin hamısının öz tarixi var. Həmin vaxt ermənilər həm Azərbaycan hakimiyyətinə, həm də SSRİ mərkəzi hakimiyyətinə qarşı çıxırdılar. Bu da cavabsız qala bilməzdi. Bir daha xatırladıram ki, həmin əməliyyatdan heç bir mülki əhali zərər görməyib. Ermənilərin belə yalanları sürətli şəkildə tirajlaması münaqişənin sülh yolu ilə həlli istiqamətində atılan addımları heçə endirmək məqsədi güdür. Onlar hər nə qədər yalanları tirajlamağa çalışsalar da, Azərbaycandan layiqli cavablarını alırlar”.