Hakimiyyətdə olanlar məsuliyyətdən qaçmağa can atırlar


Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov 20 Yanvar hadisələrinin 27-ci ildönümü ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.

-Etibar bəy, sabah 20 yanvar hadisələrinin 27-ci ildönümü olacaq. Eks-prezident Ayaz Mütəllibov Modern.az-a müsahibəsində 1990-cı il yanvarın 16-dan sonra ölkədə hakimiyyətin AXC-nin və Moskvadan gələn qrupun əlində olduğunu deyib. Doğrudanmı, rus qoşunlarının Bakıya gəlməsində o zamankı AXC məsuliyyət daşıyır?

-1990-cı ildən bu yana Ayaz Mütəllibov və o zaman onunla bərabər hakimiyyətdə olanlar məsuliyyətdən qaçmağa can atırlar. Bir şeyi başa düşmürlər ki, o zaman yüksək vəzifə tutan şəxslər xalqın həyatına, təhlükəsizliyinə görə məsuliyyət daşıyırdılar. Bunlar məsuliyyətlərini dərk etməyərək həmin hadisələrin baş verməsində birbaşa məsuliyyətli olan şəxslərdir. Bu da ötən illər ərzində dəfələrlə sübut olunub. Onların məsuliyyətinin nədən ibarət olduğu bu illər ərzində dəfələrlə sübut olunub. Buna baxmayaraq, Ayaz Mütəllibovun həmin hadisələrin baş verməsində və rus qoşunlarının Bakıya dəvət edilməsində birbaşa məsuliyyəti var. Çirkab atmaqdansa, indiyə qədər bir suala cavab versin ki, niyə görə o, Moskvaya teleqramla müraciət edib və Azərbaycana qoşun dəvət edənlərin siyahısında olub? İndiyə kimi bu suala cavab verməyib. Ona görə də o suala cavab verməyən, o zaman hökumətdə vəzifə tutan və vəzifə borcuna görə də xalqın təhlükəsizliyini təmin etməyə borclu olan bir adamın indi nə mənəvi, nə də siyasi hüququ var ki, başqalarını ittiham etsin.

-20 yanvar hadisələrindən sonra Ayaz Mütəllibov bir neçə AXC lideri ilə görüşərək, onların bəzilərinə vəzifə verdiyini bildirib. Bu nə dərəcədə doğru fikirlərdir?

-İndi o kiməsə vəzifə verib, ya da təklif edib, hansısa formada danışıqlar aparıb, onlardan xəbərim yoxdur. O zaman vəzifəyə gedənlər də, Mütəllibovla əməkdaşlıq edənlər də məlumdur. 20 yanvar hadisəsinin baş verməsinə bunların heç bir aidiyyatı yoxdur. 20 yanvar 1990-cı ilin əvvəlində baş verib. 20 yanvara qədər məsuliyyət daşıyan adamlar da məlumdur, həmin dövrdə vəzifədə olan şəxslər də məlumdur. Ayaz Mütəllibov da o zaman Nazirlər Kabinetinin sədri idi. İkinci şəxs hesab olunurdu. Deyəndə ki, Moskvadan gələnlər buranı idarə edirdilər, adamdan soruşarlar ki, bəs sən hara baxırdın ki, onlar idarə edirdi?! Niyə etirazını bildirmədin?! Həmin hadisələr baş verəndən sonra niyə proseslə bağlı çıxış etmədin?! Bunların heç biri olmayıb. Hətta, onlara haqq qazandırıb və həmin hadisədən sonra da onun əsas mübarizəsi birinci katib postunu ələ keçirmək olub. Artıq 27-ci ildir bunlar təkrar olunur. Hamı da bilir ki, məsuliyyəti kim daşıyır. Azərbaycan siyasətində ən pis şey odur ki, hansısa məsuliyyəti olan adamlardan heç kəs indiyə qədər etiraf etməyib ki, "mənim məsuliyyətim var”. Günahı bir kənara qoyaq. Sadəcə, məsuliyyətini etiraf edən olmayıb.

-Ayaz Mütəllibov o zamankı DTK sədri Vaqif Hüseynovla, özünün 20 yanvar cinayətinin ört-basdır edilməsinə cəhdlər göstərdiklərini ağ yalan adlandırıb. Həmçinin, Vaqif Hüseynovun professional çekist olmasını da xüsusi qeyd edib.

-Vaqif Hüseynov professional çekist kimi enerji mərkəzinin partladılmasının təşkilatçısı olub. Bakıda ayrı-ayrı insanlara, xalq hərəkatının rəhbərlərinə qarşı sui-qəsdlərin təşkilatçısı olub. Hətta Heydər Əliyevin tərəfdarlarından bir neçəsinin öldürülməsinin təşkilatçısı olub. Bunların hamısı istintaqla sübut olunmuş məsələlərdir. Vaqif Hüseynovu Azərbaycan xalqının düşməni elan edərdim. Düşmən olan bir adamı, bütün fəaliyyəti boyu xeyir verməyən bir şəxsi indi şahid kimi irəli çəkmək Ayaz Mütəllibova yaraşmaz. Ümumiyyətlə, heç kəsə yaraşmaz. Vaqif Hüseynovun kim olduğunu hamı bilir.

-Bildiyiniz kimi, 20 yanvar hadisələri öncəsi rus qoşunlarının Bakıya gəlməsi üçün indiki Baş nazir Artur Rəsizadənin də Moskvaya teleqram vurduğu deyilir. Həmin dövrlərdə, Artur Rəsizadə Nazirlər Kabineti sədrinin müavini vəzifəsində çalışıb. Amma eks-prezident Ayaz Mütəllibov bu sualı heç bir məlumatının olmaması kimi cavablandırıb.

-Əlbəttə, Moskvaya Artur Rasizadə də, Əbdürrəhman Vəzirov da, Ayaz Mütəllibov da teleqram vurub. Hətta, Mərkəzi Komitənin də, Nazirlər Kabinetinin də adından teleqram vurublar. Bunların hamısı faktdır. İstintaq materiallarında var.

-Amma Ayaz Mütəllibov bundan məlumatsız olduğunu deyir.

-Necə ola bilər ki, Sovet dövründə sədr müavininin mərkəzə teleqram vurmasından xəbərdar olmasın. Bu cür cavab "uşaq başı aldatmaqdan” başqa bir şey deyil. Ayaz Mütəllibov 20 yanvar hadisələrinə görə birbaşa məsuliyyət daşıyanların içərisindədir. Bu yaşa qədər gəlib çatıb. Necə deyərlər, müdriklik yaşını da keçib. Heç olmasa, özündə bir cürət tapıb uzun illərdən sonra hansısa məsuliyyəti etiraf etsin. Günahı başqalarının boynuna atmaqdansa, başqalarını ləkələməkdənsə unutmasın ki, vəzifəsinə görə məsuliyyət daşıyır. Ona görə də etiraf etsin ki, özünün də məsuliyyəti var. Azərbaycan xalqının ən böyük problemi odur ki, o zaman bu hadisələrə görə məsuliyyət daşıyanlardan indiyə qədər bir nəfər də olsun etiraf etməyib.


Namidə BİNGÖL