Həmin sənəddə digər vacib məqamlar da yer alıb

Elşən Mustafayev: "Artıq Avropanın əksər ölkələrində ictimai rəy yaranacaq ki, doğrudan da Azərbaycan işğala məruz qalıb"

"Reallığın etirafı digər müstəvilərdə ciddi zəminin yaranmasına səbəb ola bilər"

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarılmasına çağırıb.

Bu barədə noyabrın 5-də AŞPA-nın Demokratiya və Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Valterin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair" hazırladığı hesabat əsasında bu komitədə qəbul olunan qətnamə layihəsində deyilir.
AŞPA, həmçinin, Minsk prosesi çərçivəsində həmin ərazilər üzərində Azərbaycanın tam suverenliyini tanımağa çağırıb.
Komitə etimad tədbirlərinin möhkəmləndirilməsinə, eləcə də Naxçıvana çıxış üçün dəhlizin yaradılmasına çağırıb.
Təmas xəttinə yaxın mülki yaşayış məntəqələrinə qarşı bilərəkdən edilən hərəkətləri qətiyyətlə pisləyən komitə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin digər bir sıra beynəlxalq böhranlar sırasına daxil olmasından təəssüflənir. Qətnamə layihəsində deyilir: "Bundan sonra da təxirəsalma 2014-cü ilin əvvəlindən 100-dən artıq insan ölümü ilə nəticələnən və Avropa Şurasının iki üzv dövləti arasında əsl müharibəyə çevrilə bilən bu "dondurulmamış" münaqişənin nizamlanmasını yalnız çətinləşdirir".

Ermənistan və Azərbaycanın 2001-ci ildə Avropa Şurasına daxil olarkən Dağlıq Qarabağ regionunda münaqişənin nizamlanması üçün yalnız sülh vasitələrindən istifadə edəcəklərinə dair öhdəlik götürdüklərini xatırladan komitə hər iki ölkə rəhbərliyini silahlı qüvvələrin istifadəsindən çəkinməyə çağırıb.

Komitə, həmçinin, Dağlıq Qarabağda və digər işğal edilmiş ərazilərdə təhlükəsizliyin dəstəklənməsi, yerini dəyişmiş insanların təhlükəsiz qayıdışını və köçürülməsini təmin etmək üçün ATƏT-in beynəlxlq sülhməramlı qüvvələrinin yaradılmasına, eləcə də atəşkəs rejiminin pozulmasının araşdırılması və dayandırılması mexanizmlərinin yaradılmasına çağırıb.

Məsələyə münasibət bildirən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Avropa Şurası Parlament Assambleyasının Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarılmasına çağırışı Azərbaycan iqtidarının, Azərbaycan Prezidentinin apardığı xarici siyasətin birbaşa nəticəsidir.

S.Seyidov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi, bu problem ətrafında olan məsələlərlə bağlı daim ermənilər yalan, reallıqdan uzaq sənədlər yayırdı: "Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə hücum diplomatiyasının aparılması ilə bağlı tövsiyələri mütləq şəkildə həyata keçirilməli idi. Biz daim bu istiqamətdə reallığı, qanunun aliliyinin Avropada bərqərar olunmasını istəyən bir tərəf kimi çıxış edirik".

S.Seyidov vurğulayıb ki, Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı belə bir sənədin AŞPA-nın Demokratiya və Siyasi Məsələlər Komitəsində səs çoxluğu ilə qəbul edilməsi çox vacib və əhəmiyyətli bir məsələdir: "İşğalçının işğalçı adı ilə adlandırılması, Azərbaycana qarşı törədilmiş cinayətlərin çox vacib bir sənəddə əks olunması və beynəlxalq təşkilat tərəfindən qəbul olunması özlüyündə çox əhəmiyyətli və təsiredici bir hadisədir. Əminəm ki, Azərbaycan Prezidentinin və iqtidarının apardığı bu siyasət gec-tez Azərbaycan torpaqlarının işğaldan azad olunmasına gətirib çıxaracaq. Biz bu prosesin şahidiyik. Noyabrın 1-də keçirilən parlament seçkilərinin ədalətli və demokratik tanınması, Dağlıq Qarabağ məsələsinin bu şəkildə və obyektiv formada Avropa Şurasında təqdim olunması ona dəlalət edir ki, Azərbaycanın apardığı siyasət çox düzgün, ağıllı, düşünülmüş və Azərbaycan maraqlarını əks etdirən bir siyasətdir".

Bir çox beynəlxalq təşkilatların acı reallığı dilinə gətirməkdan çəkindiyi bir dönəmdə AŞPA tərəfindən belə bir qətnamənin qəbul edilməsi hansı anlama gələ bilər?

Azərbaycan Milli İstiqlal Partiyasının katibi Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanın köklü problemi olan Dağlıq Qarabağla bağlı qəbul edilən istənilən müsbət sənədi biz alqışlamalıyıq:

"AŞPA tərəfindən qəbul edilən məlum sənədin icra mexanizmi olmasa da, sevindirici hal saymaq olar. Çünki indiyə kimi bəzi qurumlar erməni işğalı adını belə çəkməkdən çəkiniblər. Reallığın etirafı digər müstəvilərdə ciddi zəminin yaranmasına səbəb ola bilər. Məlumdur ki, AŞPA-da Avropa Birliyinə daxil olan ölkələrin parlament nümayəndələri rotasiya qaydasında dəyişir. Bu da həmin ölkələrdə Dağlıq Qarabağla bağlı həqiqətin ortaya çıxmasına rəvac verir. Həmin sənəddə digər vacib məqamlar da yer alıb. Xüsusilə də Naxçıvana yolun açılması məsələsinin tələb edilməsi bizim üçün olduqca önəmlidir. Artıq Avropanın əksər ölkələrində ictimai rəy yaranacaq ki, doğrudan da Azərbaycan işğala məruz qalıb. Bizim bəzi ərazilərimiz isə blokada şəraitində saxlanır. Digər bir tərəfdən isə, Avropa institutları Rusiyanın bölgədəki fəallığını görərək belə addımlar atırlar. Ümumən Azərbaycan diplomatiyasının uğuru sırasına aid edilə biləcək bir məsələdir".
Məhəmmədəli QƏRİBLİ