Fransanın
Ermənistandakı səfiri Conatan Lakot Dağlıq Qarabağ problemini
dondurulmuş münaqişələr kateqoriyasına aid edib. Diplomat vurğulayıb ki,
münaqişə ətrafında baş verənlər Fransada ən yüksək səviyədə izlənir:
"Fransa
ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həlli sahəsində öz
vəzifəsini qətiyyətlə yerinə yetirmək niyyətindədir. Ərazi bütövlüyü,
güc tətbiq edilməməsi və xalqların müqəddəratını təyin etməsi
danışıqların əsas prinsiplərdir. Reallıq isə odur ki, məsələni yalnız
tərəflər tənzimləyə bilər. İndiki halda danışıqlar prosesinin mahiyyəti
barədə heç nə danışa bilmərəm”.
Lakot 2018-ci ilin oktyabrında Farnsa prezidenti Emanuel Makronun Ermənistana səfər edəcəyini də bildirib.
Fransız
səfirin dedikləri ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Əli Orucov
diplomatın "dondurulmuş münaqişə” ifadəsini qəbul etməyib. Onun
sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq aləmdə ən mürəkkəb
münaqişəyə çevrilib:
"Münaqişənin
tərəfləri üzdə Ermənistan və Azərbaycan olsa da, reallıqda prosesdə bu
və ya digər şəkildə Türkiyə, Rusiya kimi regional və beynəlxalq güclər
də iştirak edir. Eyni zamanda regiona maraqları olan digər Qərb
dövlətlərinin də prosesləri diqqətdə saxlaması açıq-aydın görünür.
Zahirən Dağlıq Qarabağ münaqişəsi dondurulmuş sayıla bilər. Çünki
1995-ci ildə Bişkək protokolu ilə tərəflər arasında atəşkəs imzalanıb.
Lakin təmas xəttində silahların bir an belə susmaması, təlafatların
olması, xüsusən də ötən ilin aprelindəki qısa müddətli və ildırım
sürətli müharibə göstərdi ki, bu münaqişə heç də dondurulmuş deyil.
Üstəlik, təkcə region üçün deyil, beynəlxalq aləm üçün də çox təhlükəli
münaqişədir”.
Analitik Fransanın mövqeyi ilə bağlı bunları deyib:
"Fransanın
mövqeyi bəllidir. Rəsmi Paris, o cümlədən digər həmsədr dövlətlər
Ermənistanı işğalçı dövlət kimi tanımırlar. Sülh prossesində beynəlxalq
hüquq normalarına, BMT-nin TŞ-nın işğalla bağlı qəbul etdiyi qətnamələrə
və digər sənədlərə istinad etmirlər. Fransa düşmən Ermənistanı öz kiçik
bacısı kimi qəbul edir. Bu azmış kimi qondarma "erməni soyqırımı”nını
rəsmən tanımaqla və bunu kriminallaşdırmaqla işğalçıya yaşıl işıq
yandırır. Odur ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransanın
neytrallığı mümkün deyil”.