Arzuxan Əlizadə: Mülki insanların qətlə yetirilməsi tək bir dövlətə və onun vətəndaşlarına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı həyata keçirilən terror aktıdır
“Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan mütəmadi olaraq minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi ilə əlaqədar çağırışlar etsə də erməni tərəfi bu çağırışlara məhəl qoymur.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə söyləyib.
Partiya sədri qeyd edib ki, məsələnin ən xoşagəlməz və absurd hesab oluna biləcək tərəfi isə odur ki, bəyanata imza atan Rusiya tərəfi də bu məsələdə faktiki olaraq susqunluq nümayiş etdirərək bölgədə dayanıqlı sülhün bərqərar olması istiqamətində üzərinə götürdüyü sülhməramlı missiyanı layiqincə yerinə yetirmir: “Hətta bütün bunlar azmış kimi, erməni diversiya qruplarının müharibədən sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərə daxil olaraq terror aktları həyata keçirmək cəhdlərinə də bir çox hallarda göz yumulur. Nəticə isə göz qabağındadır- Üçtərəfli bəyanatın imzalandığı gündən keçən dövr ərzində işğaldan azad olunmuş ərazilərimizdə 140 mülki şəxs minaya düşüb, onlardan da 27 nəfəri həlak olub.”
Həmsöhbətimiz vurğulayıb ki, erməni tərəfinin təxribatları isə davam edir: “Ötən ilin dekabr ayında Azərbaycanın Xocavənd rayonunda Ermənistan silahlı qüvvələrinə məxsus 62 nəfərdən ibarət diversiya-təxribat qrupu diversiya törətməyə cəhd göstərərkən qəhrəman əsgərlərimiz tərəfindən ələ keçirildikdən sonra, bu ilin may ayının 27-də ermənilərin 24 nəfərən ibarət növbəti kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində keçərək artıq minalardan təmizlənmiş və mülki insanların istifadə etdiyi yolları yenidən minalamağa cəhd göstərmiş və görünən əməliyyat tədbirləri nəticəsində 6 erməni hərbi qulluqçusu saxlanılıb, digərləri isə qaçmağa müvəffəq olmuşdular.”
A.Əlizadənin sözlərinə görə, mülki əhaliyə qarşı yönəlmiş bu kimi terror aktlarının nəticəsidir ki, bir neçə gün öncə, 4 iyun tarixində öz xidməti vəzifələrini icra edən və işğaldan azad olunmuş ərazilərdən reportaj hazırlamağa gedən mətbuat nümayəndələrini daşıyan maşın Kəlbəcər rayonu ərazisində minaya düşdü və biz dəyərli media mənsublarımızı, Sirac Abışov və Məhərrəm İbrahimovu, eləcə də jurnalistləri müşayət edən icra nümayəndəsi Arif Əliyevi itirdik, bir neçə soydaşımız isə müxtəlif dərəcəli bədən xəsarətləri aldılar.
Partiya sədri əlavə edib ki, bütün bunlar əslində elə də təəccüblü deyil, çünki biz neçə onillərdir ki, necə xəyanətkar və yaramaz bir düşmənlə üz-üzə olduğumuzun fərqindəyik: “Məsələnin ən hiddət doğuran tərəfi ondan ibarətdir ki, baş verənlərə baxmayaraq, Fransa başda olmaqla bir sıra dövlətlər, o cümlədən, guya fəaliyyət, əslində isə fəaliyyətsizlik göstərdiyi 30 ilə yaxın müddət ərzində problemin həllinə heç bir yardımı dəyməsə də, hazırda hər vəchlə özünü yenidən dirçəltməyə çalışan ATƏT-in Minsk qrupunun həmsədrləri, Avropa Parlamenti və ayrı-ayrı beynəlxalq təşkilatlar bir dəfə də olsun erməni tərəfinin mina terrorunu, mülki əhalimizi qətl etməyə yönəlmiş fəaliyyətini qınamır və baş verənlərə göz yumur. Bütün bu terror aktlarına görə bilavasitə məsuliyyət daşıyan və Azərbaycan ordusu tərəfindən zərərsizləşdirilərək həbs edilən cinayətkarların azad olunması ilə bağlı çağırışlar etməklə isə faktiki olaraq təcavüzkara dəstək nümayiş etdirirlər.”
Sonda müsahibimiz bildirib ki, belə ədalətsiz mövqe sərgiləyən “cənablar” anlamalıdırlar ki, çubuğun iki başı var və edilən hər bir haqsızlıq nə vaxtsa bumeranq effekti ilə geri qayıdır: “Bu “cənablar” unudurlar ki, mülki insanların hədəfə alınaraq qətlə yetirilməsi, tək bir dövlətə və onun vətəndaşlarına qarşı deyil, bütövlükdə bəşəriyyətə, sivilizasiyaya və insanlığa qarşı həyata keçirilən terror aktıdır.”