Afsəddin Nəbiyev: "Ölkə başçısının sözügedən fikirləri həmsədrlərə ciddi mesaj sayılmalıdır”
Prezident İlham Əliyev "Twitter" hesabında paylaşım edib. Paylaşımda ölkə başçısı qeyd edib ki, vasitəçilər beynəlxalq hüququn normalarına və bitərəfliyə riayət etmək baxımından bitərəf və qərəzsiz olmalıdır. Əks halda onlar, sadəcə, vasitəçi olmaq imkanını itirərlər.
O da məlumdur ki, sentyabrın 27-də hərbi əməliyyatlar başlayandan sonra Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunda təmsil olunan bəzi dövlətlər tərəfsiz mövqe ortaya qoymur. Söhbət Minsk Qrupunun həmsədrlərindən gedir. Hansı ki, döyüş əməliyyatlarının ilk günlərində Fransa tərəfsiz vasitəçi missiyasına sadiq qalmadı. Ondan sonrakı dövrdə də digər vasitəçi dövlətlərin fəaliyyətində tərəfsizliklə bağlı problemlər bu və ya digər formada özünü göstərir.
Bu gün beynəlxalq hüququn özünümüdafiə prinsipinə əsaslanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycana atəşkəs çağırışı edən dünya birliyi Qarabağdakı etnik ermənilərin təhlükəsizliyindən narahatlıq keçirir. Lakin dünya bir milyondan çox qaçqın-köçkünün taleyinə biganə qalmaq bir yana, onların varlığını belə unudub. Dağlıq Qarabağda etnik cəhətdən ermənilər azərbaycanlılara nisbətdə çoxluq təşkil etsələr də, işğal edilən ətraf yeddi rayonun əhalisinin 100 faizi azərbaycanlılardan ibarətdir. Dağlıq Qarabağ və 7 rayonun bir milyondan çox əhalisi bu gün də köçkün həyatı yaşayır. Təəssüf ki, beynəlxalq birlik 30 ildə bu insanların hüquqlarının bərpası istiqamətində gərəkən addımları atmayıb.
Bütün bu deyilənlərlə yanaşı, Prezidentin vasitəçilərlə bağlı məlum açıqlaması nə deməkdir?
"Bu dövlətlərin münaqişənin həllinə necə "töhfə” verdiklərini açıq şəkildə görmək mümkündür”
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər”lə bölüşən AMİP sədrinin müavini Afsəddin Nəbiyev bir sıra məqamlara toxundu: "Vətən müharibəsinin başlandığı ilk gündən Ali Baş Komandan Prezident İlham Əliyevin xarici dövlətlərin informasiya kanallarına müsahibələrinin əksəriyyətində ən diqqətçəkən məqamlardan biri də həmsədrlərlə bağlı çağırışıdır. Ölkə başçısı münaqişənin ədalətli həlli üçün həmsədrlərin bitərəf və qərəzsiz olmaları ilə bağlı dəfələrlə çağırışlar edib. Həqiqətən də həmsədr dövlətləri bir daha nəzərdən keçirməli olsaq görərik ki, ABŞ, Rusiya və Fransa üçlüyü münaqişənin ədalətli həll olunması yolunda bitərəfliyini qoruyub saxlamadı. Hər bir dövləti ayrıca nəzərdən keçirsək, bu dövlətlərin münaqişənin həllinə necə "töhfə” verdiklərini açıq şəkildə görmək mümkündür. ABŞ-dan Ermənistan və Dağlıq Qarabağa indiyədək 800 milyon dollar məbləğində yardım edilib. Belə olan halda, işğalçı Ermənistana yardım və havadarlıq etməsilə ABŞ-ı necə bitərəf kimi qiymətləndirmək olar? Rusiyanın Ermənistana verdiyi bir neçə milyard dollar həcmində silah-sursatın son bir ayda Azərbaycan Ordusunun rəşadəti sayəsində məhv edilməsi faktı da bu ölkənin həmsədrlik məsələsində hansı rola malik olduğunu bir daha sübut etdi. Bir tərəfdən də Rusiyanın Ermənistanı himayəsinə götürməsi, eyni zamanda, münaqişənin sülh yolu ilə həll olunması üçün vasitəçilik missiyası tamamilə absurddur. Fransanın mövqeyi də açıq şəkildə hər birimizə məlumdur. Münaqişənin başlandığı dövrdən bu günə qədər bütün vasitələrlə Fransa Ermənistana hər bir sahədə dəstək olub, indi də davam etməkdədir. Məhz buna görə də Prezident İlham Əliyevin "Twitter” hesabında toxunduğu məsələ çox aktualdır. Düşünürəm ki, həmsədrlər bu münaqişənin həll olunmasını arzu edirlərsə, vasitəçilik missiyasına hörmətlə yanaşaraq, beynəlxalq hüquq normalarına əməl edərək, bitərəf və qərəzsiz olmalıdırlar. Əks halda, həmsədrlik institutu öz əhəmiyyətini itirmiş olacaq. O üzdən, ölkə başçısının sözügedən fikirləri həmsədrlərə ciddi mesaj sayılmalıdır”.
Sədr müavini hesab edir ki, vasitəçilər bundan ciddi nəticə çaxarmalıdırlar. /Bakı Xəbər/