Azərbaycan diasporunun Rusiyadakı tanınmış və nüfuzlu ictimai təşkilatlarından biri olan Ümumrusiya Azərbaycan Konqresinin bağlanması məsələsi aktual olaraq qalır. Məsələ ondadır ki, Rusiya Ali Məhkəməsinin apelyasiya instansiyasının sözügedən qərarı qüvvədə saxlaması bir sıra müzakirələrə səbəb olub.
Sözügedən məsələ ilə bağlı kasassiya şikayəti verilib. Bununla belə, Rusiyada sayı 2.5 milyon nəfərə çatan böyük Azərbaycan diasporu effektiv işləyən ictimai qurumu olmadan qala bilməz. Bunsuz Rusiyadakı həmvətənlərimizin hüquq və maraqlarını lazımi qaydada müdafiə etmək, demək olar ki, mümkün deyil. Ona görə də bağlanmış qurumun fəaliyyəti ya bərpa olunmalı, ya da alternativ digər bir qurum yaradılmalıdır.
Bu günlərdə Ümumrusiya Azərbaycan Konqresinin prezidenti, professor Fazil Qurbanov da mətbuata açıqlamasında bunu açıq bəyan edib: "Bizim əsas vəzifəmiz Ümumrusiya Azərbaycan Konqresini qoruyub saxlamaqdır. Əgər Rəyasət Heyətinin qərarı mənfi olsa, biz buna hazır olacağıq. 70-dən çox regionda nümayəndəliyi olan bir təşkilatı ləğv etmək asan məsələ deyil. 2,5 milyona yaxın azərbaycanlını təşkilatsız qoymaq mümkün deyil. Ona görə də əsas vəzifəmiz təşkilatı qoruyub saxlamaqdır. Əgər kassasiya şikayətindən mənfi nəticə çıxsa, o zaman təşkilatın adını dəyişməyi, ÜAK-ın bazasında yeni təşkilatın yaratmağı düşünürük. Bütün bunlar Ali Məhkəmənin Rəyasət Heyətinin qərarından asılıdır. Lakin biz ümidimizi itirmirik. Ümid edirik ki, ədalətli qərar çıxarılacaq”.
Maraqlıdır, sözügedən məsələ ilə bağlı ekspertlərin gözləntiləri və dəyərləndirmələri nədən ibarətdir? Proseslər hansı istiqamətdə inkişaf edə bilər?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, indidən birmənalı proqnoz vermək çətindir: "Ona görə ki, bu daha çox siyasi motivli qərardır. Yəni bu o deməkdir ki, Rusiya hakimiyyəti hansı qərarı versə, məhkəmə də həmin iradəyə uyğun olaraq qərar çıxaracaq. Odur ki, hər iki varianta hazır olmaq lazımdır. İstənilən halda, bu məsələ Rusiya hakimiyyətinin siyasi qərarından çox asılıdır. Onu da nəzərə almaq lazımdır ki, bu gün iki ölkə münasibətləri normal səviyyədədir. Ən azından, Tehranda keçirilən görüşdən sonra bu bir daha təsdiqləndi. Belə olan halda, sözügedən məsələ ilə bağlı Rusiyadakı müvafiq instansiyanın müsbət qərar çıxaracağı ilə bağlı müəyyən gözləntilər var. Ancaq bunu da birmənalı iddia etmək doğru olmaz. Bu olmasa belə, əlbəttə ki, ÜAK-ın yerində digər bir təşkilat yaradılmalıdır. Çünki Rusiya böyük dövlətdir və eyni zamanda orada milyonlarla soydaşımız yaşayır. Onların təşkilatlanması və diaspor fəaliyyətinin gücləndirilməsi olduqca vacibdir. Nəzərə almaq lazımdır ki, Rusiyada erməni diasporu çox güclüdür və hakimiyyətin bir sıra strukturlarında təsir imkanlarına malikdir. Bundan başqa, Rusiyanın Ermənistana verdiyi dəstək də göz qabağndadır. Ona görə də Azərbaycan diasporu daha yaxşı təşkilatlanmalı və güclənməlidir. Bunun üçün də diaspor fəalları aktivliyini artırmalı, əvvəlki səhvlərdən ciddi nəticə çıxarmalıdırlar. Çünki elə məsələlər var ki, bizdən asılıdır. Bizdən asılı olan nə varsa, onu etməliyik. Bu işdə hər kəs üzərinə düşən işi məsuliyyətlə yerinə yetirməlidir”.
Vidadi ORDAHALLI