Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucov Əvəz Zeynallının müəllifi olduğu
"Qaynar Qazan” verilişinin son hissəsində Azərbaycanın Rusiyadakı sabiq səfiri
Hikmət Hacızadənin Etibar Məmmədov haqqında səsləndirdiyi fikirlərə cavab
verib:
"Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə "Qaynar Qazana” verdiyi müsahibəsində həmişə olduğu kimi yenə yalan və böhtan danışmaqla cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd edib. Jurnalistin istiqamətləndirici suallarını cavablandıran H.Hacızadə AMİP Lideri Etibar Məmmədov haqqında da bəzi suçlamalarda bulunub. Onun dediklərinə görə, E.Məmmədov, N.Pənahlı, R.Qazıyev cəbhədən ayrılıb Ə.Vəzirovla müdafiə komitəsi yaradıblar.
H.Hacızadə yəqin unutmayıb ki, dediyi həmin komitə 1990-ci ilin yanvarın 13-də onun özünün də üzvü olduğu və lehinə səs verdiyi İdarə Heyətinin qərarı ilə yaradılıb və sədri də Ə.Elçibəy olub. Adı da Müdafiə Komitəsi yox, Müdafiə Şurası olub. İkinci Müdafiə Şurası isə 1991-ci ilin oktyabrında yaradılıb və dövlətin adından yaranıb. A.Mütəllibov da təmsil olunub.
Bu adam hələ də elə düşünür ki, Bakıda 20 Yanvar faciəsini ruslar törətməyib. Bu faciənin də günahkarlarını başından böyük səhv edərək xalq hərəkatının liderlərinin üzərinə atmağa çalışır. Hikmət Hacızadənin özü kollaborasionistdir. Yəni işğalçılarla əməkdaşlıq edən şəxslərdəndir. 20 Yanvar faciəsindən bir ay keçməmiş xalq şəhidlərimizin matəmini saxladığı günlərdə Vilnüsdə ermənilərlə əməkdaşlıq sazişi imzalayan da H.Hacızadə olub. Yeri gəlmişkən, onu da xatırladım ki, İkinci Dünya müharibəsi zamanı Fransada işğalçılarla əməkdaşlıq edən və onlara işləyən H.Hacızadə kimi kollaborasionistləri xalq çox ağır və rüsvayçı şəkildə cəzalandırıb.
H.Hacızadə iddia edir ki, o, Moskvaya – ağalarına göndərdiyi "donos”ları güya AXC rəhbərliyi ilə razılaşaraq verib. Bu da tamamilə yalan və iftiradır. Çünki 20 Yanvar qırğınlarından sonra cəbhənin idarə heyəti bir aydan sonra toplanıb və həmin vaxtdan çox-çox əvvəl E.Məmmədov Moskvada mətbuat konfransından dərhal sonra Azərbaycanın Rusiyadakı nümayəndəliyinə edilən basqın zamanı həbs edilərək Lefortovo həbsxanasına salınmışdı. H.Hacızadə bu "işverəniyi” ilə hətta, Bakının komendatı Dubinyakın "spasibo”sunu və"rəğbətini” qazanmışdı. Dubinyak da bu xəyanətkarın və xainin "xidmətlərindən” faydalanmışdı.
Özünün də dediyi kimi, rus dilində danışan və rusca düşünən bu zavallı insan milli ruhun, mübarizənin, milli oyanışın ən qəddar tiranlara və imperiyalara, siyasi rejimlərə qalib gəldiyini dərk edə bilmir, adını da demokrat qoyub. 20 Yanvarda əliyalın, "mantirovka” ilə tankın qabağına çıxıb şəhid olan qəhrəmanlarımızın hesabına bu gün Azərbaycan beynəlxalq aləmin bərabərhüququlu subyektinə cevrilib, müstəqilliyinə qovuşub. Özünü də vacib fiqur sayaraq deyir ki, guya gəlib anasının qarnına avtomat dirəyib bunu soruşublarmış. Axı Hikmət Hacızadə kim idi, indi kimdir ki? Bu cür yalanlar uydurmaqla elə bilir ki, hər şey unudulub, yaddan çıxıb.”