İctimai Palatanın yaradılması gündəmə gətirilib

Milli Şuranın fəaliyyətinin zəiflədiyi zamanda, AMİP tərəfindən İctimai Palatanın bərpa olunması gündəmə gətirilib. Məsələyə AXP sədri Pənah Hüseyn də müsbət rəy verib və beləliklə də ictimaiyyətdə Milli Şuranın yaradılmasından sonra fəaliyyətinə xitam verilən qurumun yenidən bərpa edilməsi məsələsi müzakirə obyektinə çevrilib.

AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, söhbət müxalifətin və deputatlığa keçmiş namizədlərin 2010-cu il parlament seçkilərindən sonra yaratdığı İctimai Palatadan, yaxud da bu qurumun bərpasından getmir. "Bunun adı İctimai Palata da ola bilər, başqa cür də adlandıra bilər. Belə bir qurumun yaradılması çox vacib problemlərin həllində müstəsna rol oynaya bilər".

Müsahibimiz bildirir ki, bu qurumda vacib problemlərin həlli yolları müzakirəyə çıxarıla, siyasi düşərgələr arasında münasibətlərin tənzimlənməsində və ictimai nəzarətin gücləndirilməsində belə bir qurum kara gələ bilər. "Ad o qədər də əhəmiyyət kəsb etmir. Son parlament seçkilərindən sonra yaradılan İP-in funksiyaları və hədəfləri tamam başqa idi. Bu qurum seçkilərdə haqqı tapdalanmış mamizədlərin hüquqlarını bərba etmək, yeni parlament seçkiləri keçirmək və müxalifətin birliyini yaratmaq idi" deyən Orucovun sözlərinə görə, təklif olunan İP-in missiyası isə tamam fərqli olacaq. Dediyinə görə, bu ideyanın baş tutması siyasi düşərgələrin iradəsindən asılıdır. "Bu, hamı üçün cəlbedici və faydalı olardı. Bu həm də milli həmrəyliyə gedən yolun və qarşılıqlı etimad, inamın əldə olunması üçün bir başlanğıc olardı. Qonşu Rusiyada bu praktika mövcuddur və uğur da gətirməkdədir".

İctimai Palatanın bərpası barədə səslənən təklifə münasibət bildirən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı əməkdaşımızla söhbətində məsələnin onlara heç bir aidiyyatının olmadığını deyib: "İctimai Palata olub və bitib. Hazırkı məsələnin bizə aidiyyatı yoxdur. Və əlavə şərhə də lüzum yoxdur".

KXCP sədrinin müavini Xəzər Teyyublu isə bildirib ki, bu barədə heç bir məlumatı yoxdur.

İctimai Palatanın fəaliyyəti dövründə bu qurumu ən çox tənqid edənlərdən biri olan Vəhdət Partiyasının sədri Tahir Kərimli isə təkliflə bağlı "hafta.az"a açıqlamasında bildirib ki, İctimai Palatanın bərpa edilməsi təklifi, hardasa Milli Şuraya alternativin yaradılması məqsədi daşıyır. "Bu təklif AMİP-dən gəlsə də, Müsavat Partiyası ilə yaxın olan AXP sədri Pənah Hüseyn də bu təklifə müsbət yanaşıb. Əslində İctimai Palata dörd il fəaliyyət göstərməsinə baxmayaraq, hərəkətsiz birlik olmayıb. Onlar daha çox nəzəri məsələlərlə məşğul olublar. İctimai Palata dövründə Müsavatın öndərliyi ilə Düşüncə Mərkəzi adlanan qurum da yaradılmışdı. İctimai Palatanın yığışıb işinə son veriblər. İndi isə deyirlər ki, yox, bunu bərpa etmək lazımdır" deyən "Vəhdət" sədri hesab edir ki, bütün bunlar müxalifəti xilas etməyəcək. Onun fikrincə, əksinə, onlar artıq sosial bazalarını itirdiklərinə görə, real gücə çevrilə bilməyəcəklər.

İradə CƏLİL