İkiüzlü

Həqiqəti başqasında tapa bilərsən, ancaq başqasından asılı olacaqsan.

*** Həqiqəti özündə tap – özündən asılı ol.

*** Həqiqət – ikiüzlünü sevmir, ona görə ikiüzlü – həqiqətsizliyi sevir.

*** İkiüzlülük – ikiüzlüdə olan üzlərin ən az sayı, göstəricisidir: ikiüzlü – minüzlüdür, mindillidir.

*** İkiüzlü – hamıya üz verən, hər üzə düşən, ona görə də üzsüz qalandır.

*** Hamıya üz verən – hamı üçün öz üzündən keçəndir.

*** Hamıya yarayan – özünə yaramayandır.

*** İkiüzlü hamıya "yarayır” – ona görə kimsəni yarıtmır.

*** İkiüzlü – faydaçıdır, ona görə həm xeyirçi, həm şərçidir.

*** Üzə düşmək – başqasının üzünə uyğunlaşmaqdır.

*** Birüzlü – kimsəyə üz verməyən, üzünü qoruyandır.

*** İkiüzlü – özünü söyür ki, başqasını söyə bilsin, özünü öyür ki, başqasını öyə bilsin.

*** İkiüzlü – hər kəsə, duruma görə dəyişəndir, hər sayaq ləyaqətsizliyi qəbul edəndir.

*** Ən sıradan anti-insani işlər, sözlər – ikiüzlülükdür.

***

Öz üzünü başqasının üzünə güzəştə gedirsən – ikiüzlülük yaranır.

*** Öz üzünü başqasının üzünə güzəştə getmirsən – birüzlülük yaranır.

*** Bütün ikiüzlülər – yalançıdır, yaltaqdır; bütün yalançı və yaltaqlar – ikiüzlüdürlər.

*** İkiüzlülük – inamsızlıqdır, qorxaqlıqdır, qətiyyətsizlikdir, iradəsizlikdir, deyingənlikdir, dayanıqsızlıqdır.

*** Hər kəs öz üzünə uyğun olana inanır. Ona görə ikiüzlülərə inananları, onları qəbul edənlərə yazığınız gəlsin.

*** Hər kəs öz ləyaqətinə uyğun olana inanır. Ona görə ləyaqətsizlərə inananları, onları qəbul edənlərə yazığınız gəlsin.

*** Hər kəs öz əxlaqına uyğun olana inanır. Ona görə əxlaqsızlara inananları, onları qəbul edənlərə yazığınız gəlsin.

*** Atamız var olsun!

23 Solğun 36-cı il.