İranda “soyqırım”a və separatçılara dəstək törəni

Erməni mənşəli vətəndaşların küçələrə çıxıb, qondarma rejimin bayrağını da dalğalandırması ciddi suallar və təəssüf  doğurur
Amerika prezidenti Co Baydenin yalançı “soyqırımı” tanıması fonunda İranda yaşayan ermənilər növbəti dəfə qondarma “soyqırımı” yad ediblər. Din xadimi qiyafəsinə bürünmüş şəxslər də daxil olmaqla, tədbirdə iştirak edən ermənilər öz separatçılıqlarından da geri qalmayıblar.

Onların hər birinin üzündə quldur rejimin əski parçasını (“bayrağını”) xatırladan maskalar olub. Görünən odur ki, 30 milyondan çox azərbaycanlının yaşadığı, Türkiyə ilə birlikdə özünü İslam dünyasının liderlərindən hesab edən İranda ermənilər sərbəst şəkildə Ankara və Bakıya qarşı təxribat törədə biliblər. Vətən müharibəsi günlərində minlərlə azərbaycanlının “Qarabağa dəstək” aksiyalarının qarşısını amansızlıqla alan İran nədənsə ermənilərə münasibətdə “humanizm” mövqeyini tutub.

İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur. İşğal dövründə iranlıların sərhədə yaxın bölgələrdəki ərazilərimizdə torpaqları “icarəyə götürməsi”, orada əkin-biçinlə məşğul olması yeni fakt deyil. Azərbaycan Prezidenti bir neçə dəfə erməni vəhşiliyindən danışarkən torpaqlarımızdakı məscidlərə göstərilən münasibəti yada salıb, müsəlman ölkələrini bunu unutmamağa çağırıb. Üstəlik, son səfərlərində İranla sərhədi “dost ölkə sərhədi” adlandırıb.

İndi sanki Tehran özünə düşmən bildiyi ABŞ-ın saxta soyqırımı tanımasına bir növ dəstək vermiş olaraq, Türkiyə və Azərbaycan kimi qonşuları ilə münasibətlərinə kölgə salmış olur. Bu da haqlı olaraq Azərbaycan tərəfdə ciddi etirazlar doğurmaqla yanaşı, çoxlu sayda suallar yaradır. İranda erməniləri kimlər himayə edir? Saxta soyqırım bir yana, cənub qonşumuz separatçılığa dəstək kimi keçirilən mərasimə niyə susqunluq göstərir?

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev sonda uduzan tərəfin İran olacağını qeyd etdi: “ABŞ prezidenti Co Baydenin ”soyqırım" ifadəsini işlətməsi mənə üçün nə qədər təəccüblü gəldisə, İran rejiminin öz ölkəsində yaşayan ermənilərin “soyqırım” tədbirlərinə şərait yaratması, yaxud göz yumması məni təəccübləndirmədi. Müstəqilliyimizin ilk günlərindən gördüyümüz o olub ki, adında İslam sözü olsa da, İran üçün siyasi maraqları çərçivəsində din anlayışı yoxdur. Yəni maraqları üçün ermənilərlə də iş görərlər, hətta imkan verilsə, İsraillə də anlaşarlar. O, anlar üçün Türkiyə və Azərbaycanla səmimi yaxınlıq, qardaşlıq anlayışı qəbuledilməzdir. Elə bil beyinlərinə salıblar ki, bu iki dövlət onların düşmənidir və imkan düşdükcə onların zəifləməsinə çalışmaq lazımdır. Əslində isə çox böyük yanlışlıq içindədirlər. Məhz on illərdir ki, belə yanlışlıqları səbəbindən hazırkı duruma düşüblər. Heç kimə sirr deyil ki, ABŞ və İsrail İran rejimini dəyişmək üçün bütün vasitələrdən maksimum istifadə edir və edəcək. Belə bir məqamda regiondakı qonşuları Türkiyə və Azərbaycanla isti münasibətlər saxlamaq əvəzinə, Ermənistanla yaxınlıq etmək sonun başlanğıcı deməkdir. Rusiyaya arxayın olub sağa-sola meydan oxumaq isə tarixin dərslərindən nəticə çıxarmamaqdır. Səddamın və digərlərinin taleyini unutmaq lazım deyil. İranda yaşayan ermənilərin “soyqırım” tədbirlərini keçirməsinin, yaxud separatçı rejimi təbliğ etməsinin Azərbaycana və Türkiyəyə yaxından uzaqdan elə bir təhlükəsi yoxdur. Amma bu addımlara şərait yaradan İran dövlətinin qonşuları ilə aralarında yaranacaq problem səbəbindən itirəcəkləri çox ola bilər. Sabah Türkiyə və Azərbaycanda İran əleyhinə qüvvələrin açıq şəkildə fəaliyyəti olarsa və hər iki dövlət bunları görməzlikdən gələrsə, İranın heç bir haqqı olmayacaq ki, buna etirazını bildirsin. Bu gün İran maraqlı olmalıdır ki, Türkiyə və Azərbaycanla münasibətlər üst səviyyədə olsun və buna xələl gətirəcək hər hansı səbəbin yaranmasına imkan verilməsin. Bunun əksini edəcəksə, dediyim kimi, sonda onsuz da uduzan tərəf olacaq". “

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev narahatedici durumun yarandığını söylədi: “İran Türkiyə ilə bərabər İslam dünyasına liderlik etmək iddiasında olan ölkədir. Bu ölkə Azərbaycanın qonşusudur. Orada 30 milyona yaxın Azərbaycan türkü yaşayır. İranın gözü qarşısında ermənilər Qarabağ bölgəsini yerlə yeksan edib. Cənub qonşumuzun da namaz qıldığı məscidlərdə ermənilər donuz saxlayıb. Bununla İslam dinini təhqir ediblər. Dini abidələrimiz məhv olunub. Belə bir halda İran dövlətinin erməni mənşəli vətəndaşlarının ”soyqırım" iddiası ilə küçələrə çıxıb, qondarma rejimin bayrağını dalğalandırması, rəsmi orqanların bu məsələyə susqun qalması ciddi suallar doğurur, narahatlıq yaradır. Burada əsaslı suallar yaranır. Orada yaşayan azərbaycanlılar hər hansı bir etiraza qalxanda, yaxud Qarabağla bağlı erməni işğalına son qoyulmasını tələb edəndə, İran üzərindən Ermənistana silah daşınmasına soydaşlarımız ayağa qalxaraq təpki göstərəndə onlara qarşı zorakı hallara yol verilmişdi. Amma ermənilərə qarşı bu təpki göstərilmir, hətta deyərdim ki, onlara şərait də yaradılır. Son hadisə İran-Azərbaycan dostluğuna kölgə sala bilər. Ölkə Prezidenti bir neçə dəfə İrana xoş olan mesajlar səsləndirib, Xudafərini dostluq körpüsü adlandırıb. Biz hər zaman İrana qarşı bu jestləri edirik. Cənub qonşumuzda ermənilərə olan bu münasibət bizi incitməyə bilməz. Onları başa düşə bilmirik, düşə də bilməyəcəyik. Düşünürəm ki, son baş verənlər İran-Türkiyə, İran-Azərbaycan münasibətlərinə kölgə salır. Bunu o dövlətə yaraşdırmırıq".Yeni Müsavat”