İranda 22 yaşlı Məhsa Əmininin hicaba görə əxlaq polisi tərəfindən döyülərək öldürülməsi kütləvi etirazlara səbəb olub.
Ölkənin böyük şəhərlərindəki aksiyalarda etirazçılarla polis və təhlükəsizlik qüvvələri arasında toqquşmalar davam edir. Artıq hər iki tərəfədən öldürülənlər var. Qadınlar baş örtüsünü kütləvi çıxarıb yandırmaqla teokratik rejimə etiraz bildirir. Artıq aksiyalar Güney Azərbaycanda da baş qaldırıb.
Cebhe.info İranda baş verən proseslərin gözlənilən nəticələrinə Güney Azərbaycan Milli Oyanış Hərəkatının İdarə Heyətinin üzvü Ağrı Qaradağlı ilə müsahibəmizdə aydınlıq gətirməyə çalışıb:
- Ağrı bəy, etiraz aksiyaları bütün İranı bürüyüb. Ancaq bu aksiyaları digərlərindən fərqləndirən xüsusi bir məqam var. Əgər bundan əvvəlki etirazlar əsasən sosial-iqtisadi problemlərlə bağlı idisə, hazırda nümayişlər hicab qadağasının zorakı nəticələrinə, yəni insan hüquqlarının pozulmasına qarşı yönəlib. Dünyada insan hüquqlarının ən kobud şəkiləd pozulduğu ölkələrdən biri olan İranda bu hadisələrin baş verməsi rejimin siyasi çöküşünə səbəb ola bilərmi?
- Bəli, bu, insan haqları problemidir. Məhsa Əmininin öldürülməsi xalqın ayağa qalxması üçün bir qığılcıma çevrildi. Çünki uzun illərdir İranda yaşayan xanımlar başörtüsü məhdudiyyətindən əziyyət çəkirdilər. Qadınlar buna zaman-zaman etirazlarını bildiriblər. Amma son bir ildə hicaba nəzarət edən qüvvələr tərəfindən qadınlara qarşı güclü təzyiq göstərilir. Ona görə də İran vətəndaşları hüquqlarının pozulmasına etiraz olaraq küçələrə töküldü. Məhsa Əmini milliyyətcə kürd olsa da, onun ölümü insan haqlarının müdafiəsi üçün simvola çevrildi. Amma bu, Güney Azərbaycan məsələsi ilə bağlı problem deyil. Bunabənzər hadisələr Güney Azərbaycanda da baş verib. Zəhra Nəvidpur İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən işgəncəyə məruz qaldı, qətlə yetirildi. Amma Güney Azərbaycan Milli Hərəkatından başqa heç bir qurum- nə ərəblər, nə kürdlər, nə farslar paylaşım etdi, bu faciəni gündəmə gətirdi. Elnaz Babayi küçədə İran rejim qüvvələri tərəfindən döyülərək öldürüldü. Lakin buna da ciddi reaksiya verilmədi. Əlbəttə, iki il əvvəlki dövrlə müqayisədə indi vəziyyət fərqlidir. Biz aksiyaların davam etməsinin və İran rejiminə qarşı hərəkatın güclənməsinin tərəfdarıyıq. Millətimiz bu mübarizəyə hazır olmalıdır. Artıq Təbrizdə, Zəncanda, Qəzvində, Ərdəbildə başlayan etirazlar bu gün Urmuda davam edəcək. Amma biz insan haqları ilə yanaşı, milli kimliyimiz uğrunda mübarizə aparırıq. Bizim öz milli şüarlarımız var. Çünki biz milli hərəkatımızın kimlərinsə alətinə çevrilməsini istəmirik. İrançı qruplar iddia edir ki, bu aksiyalar onların gücüdür və milli hərəkata aidiyyəti yoxdur. Amma Təbrizdə insanlar “Azadlıq!”, “Ədalət!”, “Milli hökumət!”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq!” (sərbaz fars dilindən tərcümədə əsgər deməkdir-red.) şüarları səsləndirilir. Ona görə də biz milli kimlik ifadəmizi ortaya qoymaq üçün milli hərəkatı yönləndiririk. Bu aksiyaları belə həssas edən əvvəlki etirazlarla müqayisədə qadınların daha fəal olmasıdır. Hazırkı aksiyalarda qadınlar öncüllük təşkil edir. Əgər qadınlar fəal olarsa, etirazlar nəticə verə bilər.
- Ali lider Ayətullah Seyid Əli Xameneyinin səhhətinin pisləşməsi fonunda etirazların baş qaldırması, şəriət qaydalarından imtina rejimin sonunu yaxınlaşdıra bilərmi? Yoxsa hakimiyyət bu dəfə də aksiyaları zor gücünə yatıra biləcək?
- Biz aksiyaların davam etməsinin tərəfdarıyıq. Xüsusilə, İsfahan, Tehran, Şiraz şəhərlərində etirazlar nə qədər güclənsə, qüvvələr həmin tərəfdə cəmlənsə, bizim mübarizəmizə daha münasib şərait yaranar. İranın ən böyük qorxusu Azərbaycan bölgəsindəndir. İnqilabların hamısında ən böyük bədəli Güney Azərbaycan və Təbriz ödəyib. Biz bu dəfə bədəl ödəmək niyyətində deyilik. Biz nə İrançıyıq, nə də şahçıyıq. Biz millətçiyik. Məqsədimiz öz millətimizi qorumaqdır. Fikrimcə, aksiyaların qarşısı alıncaq. Bu da Xameneyinin səhhətinin ağır olması ilə bağlıdır. Ona görə də Xameneyinin oğluna iki ay bundan öncə tələm-tələsik Ayətullah titulu verdilər. Çünki Ayətullah olmayan dini rəhbər ola bilməz. Dini rəhbərliyin baş ofisini Seyid Əli Xameneyinin oğlu Müctəba Xameneyi idarə edir. Əgər Xamaneyi vəfat edərsə, onun postuna oğlu gətiriləcək. Ona görə də İran hakimiyyəti belə bir ərəfədə iğtişaşların olmasını istəmədiyinə görə aksiyaları zor gücünə yatızdıracaqlar. Eyni zamanda, hadisələrin nəzarətdən çıxması da mümkündür. Çünki etirazçılar arasında öldürülənlər var. Aksiyalarda 8 nəfər həyatını itirib. Onlardan biri Təbriz sakini olan Aysan adlı xanımdır. O, təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib. Belə davam edərsə, qarşıdurmalar uzun müddət davam edə bilər.
- Müctəba Xameneyini İranın bütün milli və dini sektaları ali rəhbər kimi qəbul edəcəkmi?
- Ali dini rəhbəri xalq deyil, Məsləhət Şurası seçir. Ali rəhbəri qoruyan qüvvə isə SEPAH-dır. İslam İnqilabı Keşikçiləri Korpusu öncə ali rəhbər vəzifəsinə indiki Prezident İbrahim Rəisini gətirməyi planlaşdırmışdı. Amma Rəisinin danışığında, davranışında kifayət qədər siyasi nöqsanlar müşahidə olundu. Ona görə də Xameneyinin oğlunun namizədliyi üzərində dayandılar və SEPAH-ın təzyiqi ilə ona Ayətullah titulu verib dini lider kimi yetişdirməyə çalışırlar.
- Təbrizdəki aksiyalarda xeyli insan iştirak edib və milli şüarlar səsləndirib. Bu şüarları davam etdirib, prosesi daha da irəli aparıb milli hərəkatı gücləndirmək, ümimi məqsədə çatmaq mümkün olmazmı?
- Əgər aksiyalar davamlı olarsa, elə bir səviyyəyə çatacaq. Hələlik prosesə çox müdaxilə etmək istəmirik. Çünki nümayişlərdə iştirak edənlərin əksəriyyəti milli hərəkatın üzvləri deyil. Aksiyaçılar arasında onların sayı azdır. Ona görə də milli hərəkat nümayəndələrinin bədəl ödəməsini istəmirik. Bizim məqsədimiz rejim dəyişikliyi deyil. Biz müstəqillik istəyirik. Bu məsələdə qərarı millətimiz verməlidir. Millət ayağa qalxarsa, xaricdə olan soydaşılarımız da ona istənilən dəstəyi verəcək. Ancaq etirazlar davam edərsə, məsləhətli şəkildə bunu milli qiyama çevirmək olar.
- İran Prezidenti İbrahim Rəisi mərhum Əmininin ailəsinə zəng etdi. Bu cür üsullar, yaxud onu öldürən polislərin cəzalandırılması, əxlaq polisinin ləğv edilməsi kimi vasitələrə əl atmaqla hakimiyyət aksiyaları sakitləşdirməyə nail ola bilərmi?
- Artıq problem Məhsa Əmininin öldürülməsindən daha geniş müstəviyə keçib. Qətlə yetirilənlərin sayı səkkiz nəfərə çatıb. Ona görə də İran rejimi əxlaq polisini ləğv etsə belə, etirazların qarşısını almaq mümkün olmayacaq. Problem başörtüsü, insan haqları ilə bağlıdır. Azad qadın məsələsi böyük amildir. Səudiyyə Ərəbistanında Məhəmməd bin Salman müəyyən islahatlar aparmaqla qadınlara azadlıq verdiyi kimi, İranda da oxşar addımlar atıla bilər. Yəni rejimi qoruyub saxlamaq üçün qadınlara qismən geyim azadlığı verilə bilər. O zaman aksiyalar səngiyər. Etirazların qarşısını ala bilməsələr, sonda bu varianta əl ata bilərlər. Amma rejim dəyişikliyinin baş verəcəyini gözləmirəm. Cebhe.info