İrəvan Moskvanın təlimatı olmadan bu kimi addımlar ata bilməz

Xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Serj Sarkisyan aprelin əvvəllərində cəbhədə baş verənlərlə bağlı "Bloomberg” agentliyinə verdiyi müsahibədə indiki məqamda danışıqların bir mənası olmadığını bildirib və müharibənin hər an başlaya biləcəyini qeyd edib. Elə bu bəyanatın ardınca srağagün gecə cəbhədə növbəti təxribata əl atıblar.

Belə ki, erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi minaatanlardan, D-30 haubitsalarından və DM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub. Ölən və yaralananlar olmasa da, nəticədə rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib. Azərbaycan ordusu isə düşmənin atəş nöqtələrinə və hərbi obyektlərinə sarsıdıcı zərbələr vurub. 4 saata qədər şiddətli atışmadan sonra düşmən susdurulub.

Bəs, görəsən, Ermənistanın danışıqlar masasından imtina etməsindən sonra cəbhədə baş verən bu cür döyüşlər genişmiqyaslı əməliyyatların başlanmasına gətirib çıxara bilərmi?

Politoloq Əli Oruclu hesab edir ki, cəbhədə geniş miqyaslı əməliyyatlar aparılmayacaq. "Çünki regionda maraqlı dövlətlər var və eyni zamanda region ABŞ, Qərb üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan da müharibənin alovlanması, genişmiqyaslı hərbi əməliyyatların aparılması ehtimalı azdır”.

Bununla belə, burda Rusiya amilini də önə çəkən müsahibimizə görə, Rusiya Avropanın alternativ enerji ilə bağlı planlarına maneçilik törətməyə çalışır. Onun fikrincə, bu ayın əvvəlindən cəbhədə vəziyyətin gərginləşməsinin səbəblərindən biri də məhz budur.

Oruclu Sarkisyanın danışıqlardan imtina etməsini də şərh edərək bildirir ki, bu, təsadüfi sayıla bilməz: "Çünki bu bəyanat Lavrovun İrəvana səfərindən sonra baş verdi. Görünür, burda da həmişəki kimi ruslar ikibaşlı oyun oynayır. Rusiya bir tərəfdən özünü sülhpərəst dövlət kimi göstərmək istəyir, digər tərəfdən də münaqişəni qızışdırır, erməniləri silahlandırır. Yəni istər-istəməz bu oyunların arxasında Moskva dayanır. İrəvan Moskvanın təlimatı olmadan bu kimi addımlar ata bilməz”.

Ə.Oruclu bildirib ki, son zamanlar S.Sarkisyanın guya özünü müstəqil göstərməsi, Rusiyaya narazılıq ifadə olunması, erməni cəmiyyətində anti-rusiya əhval-ruhiyyəsi barədə yayılan məlumatlar hamısı görüntü xarakteri daşıyır. "Hər kəsə məlumdur ki, Ermənistan Rusiyanın forpostudur və Rusiyanın icazəsi olmadan hər hansı bir addım ata bilməz. Rusiya regional münaqişələri qızışdırmaqla müəyyən məsələlərdə əsas oyunçu kimi rol oynamağa çalışır. Burda, təbii ki, başqa dövlətlərin də marağı var, amma ilk növbədə münaqişənin qızışdırılması Rusiyanın maraqlarına xidmət edir. Rusiya Azərbaycandan keçən böyük layihələrə qısqanclıqla yanaşır” deyən politoloq hesab edir ki, Azərbaycan ordusu Rusiyanın arxasında durduğu Ermənistanın ölkəmizə qarşı bütün təxribat əməllərinə layiqli cavab verməyə hazırdır və ordumuz bunu 4 günlük müharibə günü sübut etdi.

Politoloq Elxan Şahinoğlu isə Serj Sarkisyanın məlum müsahibəsinə toxunaraq qeyd edib ki, onun "indiki şərtlər altında danışıqlar mümkün deyil” ifadəsinin elə bir əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, sabah Rusiya prezidenti Vladimir Putin prezidentləri danışıqlar üçün Moskvaya dəvət etsə, Sarkisyan qaça-qaça gedəcək: "Sarkisyanın "Bloomberq” agentliyinə verdiyi müsahibədə "biz 5 rayonu azad etməyə hazır idik, ancaq...” ifadəsi daha çox diqqətimi cəlb etdi. Bu, bütün həll planlarında yer alan şərtdir, ancaq Sarkisyan və digər erməni rəsmilər ictimaiyyət qarşısında heç zaman bu haqda danışmırdılar. İndi isə Sarkisyan "5 rayonun azad olunması” fikrini xatırlatmaqla faktiki cəmiyyətinə”Ermənistan bufer zonadan imtina etmək məcburiyyətində qalacaq” fikrini təlqin edir. Bu, 4 günlük döyüşün nəticəsidir. Növbəti döyüşlərdən sonra Sarkisyan başqa həqiqətlərdən də danışmağa başlayacaq, məsələn, deyə bilər ki, "Şuşa və Laçına azərbaycanlılar qayıdacaqlar, ancaq...” Bu cümlələrdə "ancaq” əhəmiyyətli deyil, cümlənin birinci hissəsində mesaj var”.

Sarkisyanın "hər an müharibə başlaya bilər” deməsindən sonra cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşməsini bildirən Şahinoğlunun sözlərinə görə, bunun iki səbəbi var. "Birinci səbəb odur ki, 2-6 aprel döyüşlərindən sonra beynəlxalq aləm danışıqları intensivləşdirməyib, rusiyalı rəsmilər isə şablon ifadə və səfərlərdən uzağa getməyiblər. Belə olan halda kimsə cəbhə bölgəsində sakitlik gözləməsin. İkinci səbəb isə odur ki, Ermənistan prezidenti Serj Sarkisyan itirdiyi yüksəklikləri geri qaytarmaq haqqında düşünür, çünki o hələ cəmiyyətinə "Ermənistan həmin yüksəklikləri niyə itirdi” sualına cavab verməyib, ona görə də bu sual aktuallaşmamış cəbhədə uğur qazanmaq haqqında alışıb-yanır. Əslində hər iki səbəb bizim xeyrimizə işləyir. İşğalçının təxribatlarına yeni ərazilərin ələ keçirilməsi ilə cavab vermək imkanı qazanırıq”, - deyə politoloq vurğulayıb.

Politoloq Qabil Hüseynli bu məsələdə Ermənistanın yenə də tək olmadığı qənaətindədir. O, "modern.az”a bildirib ki, dünənə qədər ermənilər dovşan kimi qorxurdularsa, özlərini itirmişdilərsə, bu gün ürəkli danışırlar. "Səbəb odur ki, Rusiya silah göndərib və deyib ki, get, arxanda dayanmışıq. Nə lazımdırsa, edəcəyik. Ondan ruhlanıblar. Rusiya əleyhinə də mitinqləri özləri təşkil etmişdi. Bir-biri ilə razılaşdırılmış, planlı şəkildə hərəkət edirlər. Rusiya ilə Ermənistan taktiki oyun oynayır. Azərbaycanı hər hansı qısa formada irimiqyaslı müharibəyə cəlb etmək istəyirlər. Belə görünür ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyindən qəzəblənib. Özünü buraların padşahı hesab edir. Ermənistan sürətlə silahlandırılır. Bütün bunlar onu göstərir ki, Rusiya "sülhü necə istəyərəm, o cür də bərqərar edərəm” mövqeyindən çıxış edərək bölgədə vəziyyəti yenidən məchul bir ssenari istiqamətinə doğru aparır”.

Politoloq qeyd edib ki, atəşkəs rejiminin mütəmadi olaraq pozulması ilə Azərbaycanı ruhən sarsıtmaq istəyirlər. Q.Hüseynliyə görə, Rusiya istəsə, burada irimiqyaslı müharibə də başlaya bilər: "Onlar bizi qızışdırırlar ki, guya mayın 8-də Azərbaycan güclü hücuma keçəcək. Azərbaycan onsuz da tutduğu ərazilərdə möhkəmlənir. Onların Azərbaycan cəmiyyətini qorxutmaq, cəmiyyətdə panika əhval-ruhiyyəsi yaratmaq istəkləri var. Əvvəla, güclü ordumuz var. Güclü ordu ilə ordusunda canlı qüvvə kasadlığı yaşayan Ermənistanı asanlıqla məğlub edə bilərik. İkincisi isə arxamızda güclü müttəfiqlərimiz var. Türkiyə, Pakistan, lazım gəlsə, müsəlman dünyasının digər ölkələri də yanımızda olacaq. Ermənistan və Rusiyanın birgə planı öz şərtləri əsasında Azərbaycanı sülh masası ətrafında əyləşdirməkdir”.

Rusiyanın meydanı qızışdıraraq burada xaos yaratmaq istədiyini deyən Hüseynlinin fikrincə, Rusiyanın hərəkətlərindən şikayət etmək lazımdır. "Vəziyyət gərgindir.Mütləq prosesə beynəlxalq təşkilatlar, birinci növbədə BMT-nin qoşulması tələb olunur. Azərbaycan diplomatiyası bu barədə iş aparmalıdır. ATƏT-ə sədrlik edən Almaniya bu işə təcili müdaxilə etməlidir”, - deyə Qabil Hüseynli vurğulayıb. /Ekspress qəzeti/

Aqil ASLAN