AMİP sədri: "Azərbaycanda İctimai Palata təsis olunmalıdır”
Azərbaycanda kadr islahatlarına başlanacağı, eyni zamanda müxtəlif sahələrdə islahatlara start veriləcəyi barədə son günlər xəbərlər yayılır, yazılar və şərhlər verilir. Bildirilir ki, ölkədə kadr dəyişikliyi qaçılmaz görünür. Prezident İlham Əliyev komandasına qarşı tələblərini artırır. Ölkədə narazılığın əsas mənbəyi olan məmurları cəzalandırmaq prosesinə hər an start veriləcəyi söylənilir.
Ölkədə ciddi islahatlara, o cümlədən kadr islahatlarına gedilməsinin qaçılmaz olduğunu AMİP sədri Yusif Bağırzadə də "Yeni Müsavat”a açıqlamasında bildirib. Onun dediyinə görə, Avropa Oyunlarında olduğu kimi, bu il keçiriləcək parlament seçkilərində də dünya birliyinin diqqəti ölkəmizdə olacaq. Azərbaycan hakimiyyəti bunu nəzərə almalıdır. Ona görə də ilk növbədə ciddi, böyük islahatlar keçirilməlidir. Həm konstitusiya, həm seçki, həm hüquqi, həm siyasi, həm iqtisadi islahatlar olmalıdır: "Manatın devalvasiyasından, Binəqədidəki yanğından və Beynəlxalq Bank qalmaqalından sonra belə bir ideya qaldırıldı ki, Azərbaycanda ictimai nəzarət gücləndirilməlidir. İctimai nəzarəti yerinə yetirən bir təşkilat olmalıdır. Mən düşünürəm ki, bu təşkilat İctimai Palata olmalıdır. Azərbaycanda İctimai Palata təsis olunmalıdır və palatanın sədri dövlət başçısı olmalıdır. Bu model bir neçə dövlətdə var. Azərbaycanla bağlı Avropa Parlamentində, AŞ PA-da son vaxtlar bir neçə sənədlər qəbul olundu. Bu qətnamələrin ardı daha sərt addımlarla müşayiət oluna bilər. Ona görə də Azərbaycanda yuxarıda qeyd etdiyim mühüm sahələrdə təcili islahatlara gedilməlidir. İslahatlar sırasında ilk yerlərdə təbii ki, kadr islahatları da yer almalıdır. Məndə də informasiyalar var ki, kadr islahatlarına start veriləcək. Bunun parlament seçkilərindən əvvəl, yaxud sonra baş verəcəyini isə dəqiq söyləmək çətindir. Azərbaycanda bir çox nazirliklər, dövlət komitələri öz işlərinin öhdəsindən yetərincə gələ bilmir. Həmin qurumlarda rəhbərlikdən aşağıya doğru dəyişikliklər həyata keçirilməlidir. İslahatlar sırasında Azərbaycanda Açıq Hökumət naziri institutu təsis edilməlidir. Dünyanın bir sıra ölkələrində bu təcrübə uğur gətirib. Azərbaycan neft-qaz ölkəsindən sənaye, aqrar, tranzit dövlətinə çevrilməlidir. Gələcəyimizin təminatı üçün bunlar olmalıdır".
Y.Bağırzadə vurğuladı ki, bu islahatlara gedilməsə, ölkənin gələcəyi qaranlıqdır: "Siyasi məhbus hesab edilən şəxslərin işlərinə yenidən baxılmalıdır və ya onlar əfvlə azad olunmalıdır. Bütün bu məsələlər həllini gözləyir. Yoxsa Azərbaycana təzyiqlər azalmayacaq, biz təklənəcəyik.
Azərbaycanda seçki islahatları keçirilməlidir. 1995-ci ildə birinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçiriləndə Azərbaycanın əhalisi 7 milyon nəfər idi. İndi 2015-ci ildir və əhalimizin sayı 10 milyona yaxındır, ancaq hələ də parlamentdə 125 deputat yeri var. Əhalinin sayı 3 milyon nəfər artıb, dairələrin sayı əhali 7 milyon olanda nə qədər idisə elə də qalır. Seçki islahatları sırasında seçki dairələrinin sayı artırılmalıdır ki, parlamentdə deputat yerlərinin sayı artsın. Keçmiş SSRİ respublikaları var ki, imkanları Azərbaycanın imkanlarından zəifdir, ancaq parlamentlərində deputatların sayı bizdəkindən çoxdur, həmin ölkələrin əhalisinin sayı Azərbaycan əhalisinin sayından heç də çox deyil.
İqtisadi islahatlara daha ciddi önəm verilməlidir. Ümumiyyətlə, Azərbaycanda biznes ombudsmanı olmalıdır".
AMİP sədri Azərbaycanın xarici siyasətində də dəyişikliklər edilməsinin zəruriliyini söylədi: "Dünyanın böyük bir hissəsi bu gün Rusiyaya qarşıdır, Azərbaycan isə Rusiyanın yanındadır. Nəticədə Rusiyaya yönələn zərbələrin bir qismi Azərbaycanın üzərinə yönəlir. Kimsə fikirləşirsə ki, bununla Rusiya Azərbaycana münasibətini dəyişəcək və bizim xeyrimizə addımlar atacaq, bu, yanlış fikirdir. Kimsə düşünürsə ki, biz Rusiyaya bu qədər yaxınlaşmaqla, Qərbdən bu qədər uzaqlaşmaqla Qarabağı azad edə biləcəyik, bu da yanlış düşüncədir. Rusiya bu gün də Azərbaycanın xeyrinə olan bir sıra iqtisadi əhəmiyyətli layihələrin həyata keçməsinə mane olur. Avropada nəşr olunan Azərbaycan əleyhinə kəskin yazılar dərc edilən bir çox qəzetlərin sahibləri də rus oliqarxlarıdır. Azərbaycanın yolu Avropaya doğru olmalıdır, islahatlar yolu olmalıdır”.