İsrailin ən vacib planı ondan ibarətdir ki...

“İsrail hazırkı vəziyyətdən maksimum şəkildə istifadə etməyə cəhd göstərir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O, İsrailin Livan ərazisində hərbi əməliyyatlar keçirmək istəməsi ilə bağlı yayılan informasiyaları şərh edib.

Siyasi təhlilçi əmindir ki, ABŞ-dəki prezident seçkiləri kampaniyası öncəsi Birləşmiş Ştatların İsrailə təzyiq imkanları minimuma enib:

“Çünki yəhudi lobbisinin ABŞ-dəki təsir imkanlarının kifayət qədər yüksək olduğunu bilirik. Seçkilərə qədər olan dövrdə ABŞ İsrailə hərbi əməliyyatların bu və ya digər istiqamətdə dayandırılması üçün aktiv təzyiqlər etməyəcəksə, Təl-Əviv administrasiyası maksimum şəkildə problemlərini həll etməyə çalışacaq”.

R. Bayramova görə, İranın proksi qüvvələri ilə İsrail arasındakı gərgin münasibətləri, eyni zamanda, Təl-Əvivə endirilən zərbələrin “Hizbullah” tərəfindən həyata keçirildiyini nəzərə alsaq, istənilən ehtimal mümkündür ki, İsrail hazırda maksimum şəkildə Livan istiqamətində quru əməliyyatları həyata keçirsin:

“Amma İsrailin ən vacib planı ondan ibarətdir ki, bu əməliyyatlar nəticəsində İranı birbaşa müharibəyə cəlb etsin. Çünki İsrailin “Hizbullah”a aktiv quru əməliyyatları fonunda İranın sakit dayanacağını söyləmək mümkün deyil. İran maksimum şəkildə hansısa formada cavab verməyə cəhd göstərəcək”.

Onun fikrincə, İsrail bu gün özünün anti-İran koalisiyasını fakt qarşısında qoymaq istəyir:

“Bu əməliyyatlarla İranı müharibəyə cəlb etmək və həmin koalisiyanın İsraili müdafiə adı altında İrana zərbələr endirilməsini istəyir. İndiki halda “Hizbullah”a qarşı əməliyyatların keçirilməsi İsrailə həm də ona görə sərfəlidir ki, hazırda İranda qarışıq dövrdür. Ona görə ki ölkə prezident seçkilərinə hazırlaşır. Qısacası, bugünkü vəziyyət İsrailə öz istəklərini həyata keçirmək üçün münbit şərait yetişdirib ki, Təl-Əviv hökuməti də bundan maksimum şəkildə yararlanmaq istəyir”.