Liderləri zaman özü yetişdirir

Amma təssüf ki, daha bu cəmiyyət köhnə kitabları oxumur

Azərbaycanın müxalifət düşərgəsinin geniş spektrli olması hər seçkidə özünü büruzə verir. Məhz bu səbəbdən də müxalifətdə hər hansı birliyin yaranması mümkün olmur. Demək olar ki, bütün seçki ərəfəsində bəzən ciddi, bəzən isə amorf və uzunmüddətli olmayan birliklər yaradılır. Ancaq yaradılan əksər birliklər və bloklar seçkidən dərhal sonra dağılır, partiyalar biri-birinə qarşılıqlı ittihamlar səsləndirməyə başlayırlar.

Təbii ki, biri-birini satqınlıqda, xəyanətdə ittiham edən partiya funksionerlərinin geniş birlik yarada bilməsi qeyri-mümkündür. Son seçkilərdə də ölkə müxalifətinin fəaliyyəti demək olar ki, hiss olunmadı. "Azadlıq-2015” adlı seçki bloku istisna olmaqla heç bir birlik formalaşmadı. Hansısa əməkdaşlıq nümayiş etdirilmədi. Məsələni şərh edən ekspertlərə görə, müxalifət sadə xalqla siyasi münasibətlərində, insanlarla əlaqələrində və əhali ilə iş prinsiplərində ciddi böhran dövrünü yaşayır. Ona görə də bu düşərgənin birləşməsi və özünə vahid lider tapması xəyal kimi görünür. Ancaq bunun əksini düşünən bəzi siyasi liderlər də var. Məsələn, AXP sədri, sabiq baş nazir Pənah Hüseyn hesab edir ki, siyasi müxalifətdə böhran özünün dibinə çatsa da, bundan sonrakı mərhələdə siyasi müxalifətin sosial dayaqları, fəaliyyət imkanları artacaq. P.Hüseyn iddia edir ki, siyasi müxalifət üçün əsas məsələ yeni mərhələnin liderlərini müəyyən etməkdir. Şəxsən AXP sədri bəyan edib ki, o, müxalifətin yeni mərhələsinin lideri olmağa iddialıdır. Lakin əksər siyasilər isə düşünürlər ki, hazırkı şəraitdə hansısa liderin müxalifət düşərgəsini ətrafına toplaması mümkünsüzdür...

REAL-ın icraçı-katibi Natiq Cəfərli də məsələyə pessimist yanaşıb: "Köhnə müxalifətdən kimlərsə liderlik iddiasında ola bilərlər. Elə Pənah bəyin özü də dəfələrlə bu cür qurumların idarə olunmasında önəmli rol oynayıb. Əgər Pənah Hüseynin liderə çevrilmək potensialı var idisə və o, aktiv proses yaratmaq iqtidarındaydısa, elə həmin vaxt istəyinə nail olardı. Halbuki o zaman sivil toplum indikindən daha maraqlı və istəkli idi. Amma bu, alınmadı. İndi yenidən Pənah bəyin belə bir iddiaya düşməsi sual doğurur. Fikrimcə, bu tipli bəyanatların altında ciddi fəaliyyət dayanmır. Belə iddialar sadəcə nəzər-diqqəti öz üzərinə çəkmək məqsədi daşıyır”. N.Cəfərlinin sözlərinə görə, artıq birlik modelləri iflasa uğrayıb: "Dəfələrlə müxtəlif adlarla bloklar yaradılıb. Hətta Azərbaycanda elə ad qalmayıb ki, həmin adda birlik qurulmasın. Ancaq sonda hamısı dağılıb. Çünki həmin bloklar ayrı-ayrı şəxslərin ətrafında meydana gəlib. Həmin şəxslərin öz aralarında olan münasibətlər fonunda da birliklər dağılıb və heç bir effekt verməyib. Əslində onlar səmərəsiz üsullarla Azərbaycan seçicisinə, vətəndaşına neqativ mesajlar veriblər. Çünki vətəndaşlar düşünür ki, ənənəvi müxalifətin ortaya qoyduğu birlik modelləri işlək olmur və qısa zamanda sıradan çıxır. Çox güman ki, gələcəkdə də buna bənzər faydasız birliklər meydana çıxacaq”. Ekspertin fikrincə, birliklər ideyalar, dəyərlər və qırmızı cizgilər ətrafında qurulmalıdır: "Burda şəxslər, liderlər ikinci planda olmalıdır və məqsədlər önə çıxmalıdır. Məhz dünya praktikası da sübut edir ki, belə siyasi birlik modelləri daha uğurlu olur. Amma tək liderin üzərində qurulmuş bütün sistemlər hər zaman məğlubiyyətə düçar olur. Biz də hesab edirik ki, tək lider ətrafında formalaşan birliklərin Azərbaycanda perspektivi yoxdur”.

AMİP-in Mərkəzi Şurasının üzvü Əli Oruclu
da bildirib ki, kimsə liderlik iddiası ilə müxalifətin başına gələ bilməz: "Liderləri zaman özü yetişdirir. Xatırlayırsızsa, milli azadlıq hərəkatı təzə başlayanda ortada lider yox idi. Heç liderliyə iddialı şəxslər də yox idi. Ancaq siyasi proseslərin gedişi güclü və nüfuzlu liderləri ortaya çıxardı. Həmin liderlər də bugünə kimi siyasi proseslərin episentrindədirlər. Liderlik məsələsi kiminsə istəyi ilə alınası şey deyil”. Ə.Oruclunun fikrincə, bizdə bloklara seçki dönəmində taktiki vasitə kimi baxırlar: "Müxalifətin birlikləri tələm-tələsik yaradılır, ona görə də nəticəsi arzuolunan olmur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Əslində birliklər yaranarkən partiyaların ideoloji yaxınlıqları nəzərə alınmalıdır. Mərkəzçilərlə solçuların bir dam altında toplaşması heç vaxt müsbət effekt verə bilməz”. Partiya rəsmisinin sözlərinə görə, köhnə düşüncəli siyasilər, zamanla ayaqlaşa bilməyən, dinamik fəaliyyət göstərə bilməyən partiya sədrləri siyasi səhnədən getmək məcburiyyətindədir: "Ancaq bununla bərabər gənc siyasətçilər də özlərini yetişdirməlidir. Gənc siyasətçilərin yetişməsi isə universitetlərdə politologiya təhsili almaqla olmur. Siyasətçi meydanlarda, siyasi mühitdə yetişməlidir”.