Livan və Suriyadan Azərbaycan ərazilərinə muzdlu terroristlər gətirilir

Elşən Mustafayev: "Xüsusilə də münaqişənin nizama salınması ilə məşğul olan həmsədrlər bu məsələyə konkret münasibət bildirməlidir"

"Azərbaycan bir dövlət olaraq həm işğala məruz qalıb, həm də beynəlxalq terrorizmin hədəfinə tuş gəlib"

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin bütün qoşun növlərinin iştirakı ilə keçirilən irimiqyaslı təlimlərin yekunlarına dair müşavirədə komandir-rəis heyəti qarşısında çıxışında bildirib ki, ermənilər hərbi əməliyyatlara Livandan, Suriyadan muzdluları cəlb edir.
Nazir işğal olunmuş ərazilərin tezliklə azad olunacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində regionun ən güclü ordusuna çevrilib: "Ordumuzun silahlanmasında yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir və dəqiq məhvetmə qabiliyyətinə malik silah-sursat və döyüş texnikası var. Şəxsi heyətin döyüş ruhu və qələbə əzmi gündən-günə artır. Son təlimlərdə biz bunun əyani şahidi olduq".
Düşmən tərəfinin hazırkı vəziyyətini qiymətləndirən müdafiə naziri son döyüşlərdə canlı qüvvə sarıdan xeyli sayda itki verən ermənilərin təxribat törətmək planlarının tam alt-üst olduğunu diqqətə çatdırıb: "Düşmənin mövqelərimiz istiqamətində dəfələrlə təxribat xarakterli əməliyyatlar keçirmək cəhdi ayıq-sayıq əsgərlərimiz tərəfindən elə ilk anda alınıb. Bu həmişə belə olub və gələcəkdə də bu cür olacaq. Ermənilər itkilərini ciddi-cəhdlə gizlətməyə çalışırlar. Amma biz işğal olunmuş ərazilərdəki vəziyyətdən tam məlumatlıyıq. Müxtəlif mənbələrdən, o cümlədən elə düşmənin daxilindən əldə etdiyimiz məlumatlara görə, Ermənistanda və işğal olunmuş ərazilərdə vəziyyət həddən artıq acınacaqlıdır. Düşmən ordusunda əsgər çatışmazlığı elə bir həddə çatıb ki, erməni tərəfi postlarda keşik çəkməyə mülki şəxsləri yerləşdirir. Bundan əlavə, hərbi əməliyyatlara müxtəlif ölkələrdən, eyni zamanda, Yaxın Şərq regionundan - Livandan, Suriyadan olan muzdluları cəlb edir.

Azərbaycan əsgəri erməni xalqına qarşı deyil, Ermənistanın cinayətkar, kriminal hərbi-siyasi rejiminə, onun əlləri günahsız dinc əhalinin qanına bulaşmış rəhbərliyinə qarşı müharibə aparır".
Göründüyü kimi, Azərbaycanın mötəbər informasiyaya malik olan bir rəsmisi Ermənistan hakimiyyətinin terrorist mahiyyətini açır, ortaya konkret faktlar qoyur. Belə olduğu təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həllilə məşğul olan beynəlxalq qurumlar niyə bu məsələyə reaksiya vermir?
Millət vəkili Azay Quliyev Milli Məclisin plenar iclasında müdafiə naziri Zakir Həsənovun Ermənistanın Livan və Suriyadan muzdlu döyüşçü cəlb etməyi haqqında verdiyi bəyanatı şərh edib. Deputat qeyd edib ki, Ermənistanın əsgər çatışmazlığı səbəbilə bu cür addımlar atmağı yeni hal deyil: "Azərbaycan Ordusu cəbhədə erməni təxribatının qarşısını lazımi şəkildə alır. Bununla belə, müdafiə nazirinin bu bəyanatı bizi ciddi şəkildə narahat etməlidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri də bunu araşdırmalı, məsələyə münasibət bildirməlidirlər. Ermənistanın qanunsuz hərəkətlərinə siyasi qiymət verilməlidir. Bu gün Suriya, Livan və ümumilikdə Şimali Afrikadan gələn ermənilər qanunsuz şəkildə Azərbaycanın işğal altında olan ərazilərinə yerləşdirilir"
.
Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, müdafiə naziri kifayət qədər ciddi bir fakta toxunub: "Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, işğal olunmuş ərazilərdən ermənilər kriminal, terror məqsədilə istifadə edir. Həmin nəzarətsiz ərazilərdə narkoplantasiyalardan tutmuş, terroristləri yetişdirən düşərgələrə qədər var. Zakir Həsənov əminliklə vurğulayır ki, Livan və Suriyadan Azərbaycan ərazilərinə muzdlu terroristlər gətirilir.
Artıq beynəlxalq aləm üçün bu, ciddi bir siqnal olmalıdır. Deməli, Azərbaycan bir dövlət olaraq həm işğala məruz qalıb, həm də beynəlxalq terrorizmin hədəfinə tuş gəlib. Xüsusilə də münaqişənin nizama salınması ilə məşğul olan həmsədrlər bu məsələyə konkret münasibət bildirməlidir"./Bakı Xəbər/