Milli vətənpərvərlik hər zaman qarşı tərəfdən üstün olub

Əli Orucov: "Bunu nəinki biz, digər dövlətlər də bilir"

"Fərarilik halı ona görə qeydə alınmadı ki, Azərbaycan Ordusunda milli vətənpərvərlik hər zaman qarşı tərəfdən üstün olub"

Son döyüşlər bir daha göstərdi ki, müharibə meydanında reallığı dəyişə bilən yalnız güc faktorudur. Dövlətin gücü öz əsgərinin gücündən başlayır.

Əsgərin gücü onun vətən sevgisində, şərəfində, döyüşçü məharətindədir. Son döyüşlər bir daha Azərbaycan əsgərinin hünərini ortaya qoydu. Bu döyüşlərdə əsgərimiz komandirlərinin də cəsarətini gördü, zabitlər sinəsini güllə qabağına verərək əsgərini vuruşmağa ruhlandıra bildi. Məlum oldu ki, əsgərlərlə bərabər komandirlər də böyük cəsarətlə döyüşə atılır.

Son döyüşlərdə düşmən əsgərləri vahiməyə düşüb qaçdılar. Bu özünü elə ilk vaxtlardan göstərməyə başladı. Nəticədə vəziyyət o həddə gəlib çatdı ki, döyüşdən qaçdığı üçün 17 erməni əsgəri güllələnib.
Ancaq bundan fərqli olaraq biz tərəfdən heç bir fərarilik halı qeydə alınmadı. Bunun özü əsgərlərimizin mənəvi-psixoloji üstünlüyünün ciddi göstəricisidir. Qısamüddətli bu döyüşlərdə ölkəmiz müasir silah sistemlərini, zirehli texnikaları, aviasiya vasitələrini döyüş sınağına çıxardı və cəmləşdirilmiş zərbə taktikasını işə saldı. Belə taktika uzunmüddətli müdafiədən hücuma keçid məqamı baxımından özünü doğrultdu. Son iki ilin təlimləri döyüşdə öz bəhrəsini verdi. Beləliklə, irəliyə doğru çətin və şərəfli yolun başlanğıcı olan anları yaşadıq. Azərbaycan əsgəri atəşkəsdən sonra 22 ildir ermənilərin formalaşdırdığı stereotipləri 4 gün ərzində darmadağın etdi.

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun fikrincə, son döyüşlərdə Azərbaycan Ordusunda heç bir fərarilik halının qeydə alınmaması gözlənilən idi: "Çünki neçə illərdir Silahlı Qüvvələrimiz qisas hissi ilə yaşayır. Məlum döyüşlər bunu bir daha sübut etdi. Fərarilik halı ona görə qeydə alınmadı ki, Azərbaycan Ordusunda milli vətənpərvərlik hər zaman qarşı tərəfdən üstün olub. Çünki biz öz torpağımız uğrunda vuruşuruq.
Digər dövlətin ərazisinə iddialı deyilik. Baxmayaraq ki, hazırkı Ermənistan bizim ata-baba torpaqlarımız üzərində qurulub. Rusiyanın bilavasitə yardımı sayəsində həmin torpaqlar Azərbaycandan qoparılaraq ermənilərə verilib.

Ermənistanın, başda Rusiya olmaqla, məlum havadarları olmasa, çox qısa bir vaxt ərzində Azərbaycan Ordusu torpaqları işğaldan azad etməyə qadirdir. Bunu nəinki biz, digər dövlətlər də bilir. Sadəcə, dünyada mövcud olan ikili standartlar buna imkan vermir. Azərbaycan Ordusu birinci Qarabağ müharibəsində də rəşadət göstərib. Baxmayaraq ki, ordu yeni yaranırdı, çox mürəkkəb dövr idi. Sadəcə, o vaxt Rusiyanın yardımı hesabına torpaqlar işğal edildi".
Vidadi ORDAHALLI