“Qanunverci Palata”nın fəaliyyətinin əsasları, hüquq və vəzifələri
Qeyd: Gəlin, bir anlığıa təsəvvür edək ki, Azərbaycanda (Qərbi Xəzər Türk Dövlətində) konstitusiyalı parlamentli monarxiya qurulub. Dövlətin əsasları haqqında yeni konstitusiya qəbul olunub. “Ümumxalq Məclisinin Rəyasət Heyəti”ndən dövlətin “Təhlükəsizlik Şurası” və “Kral Taxt-tac Şurası” formalaşır. “Kral Taxt-tac Şurası”nda həmçinin Məclisin hər iki palatasından da nümayəndələr təmsil olunurlar. Şurada ictimai birliklərdən də təmsil olunanlar mövcud olur. “Təhlükəsizlik Şurası”nın sədri Kraldır (yaxud da Kraliçadır, yəni qadın dövlət başçısıdır). “Təhlükəsizlik Şurası”nın tərkibində “Rəyasət Heyəti”ndə (Kral Saray nümayəndəliyi) təmsil olunan aidiyyatı nazirlər, Krallığın Baş prokuroru, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Konstitusiya Məhkəməsinin sədri, Ali Məhkəmənin sədri, Baş nazir və digər şəxslər təmsil olunurlar. “Təhlükəsizlik Şurası”nın katibi vəziifəsi olur.
“Kral Taxt-tac Şurası”nda ölkənin adlı-sanlı ictimaiyyət nümayəndələri və siyasət xadimləri iştirak edirlər. Partiyalardan da nümayəndələr var. Onlar Konstitusiya və qanunlara uyğun olaraq Regenti (Kralı, yaxud da Kraliçanı əvəzləyən müvəqqəti şəxsi) müəyyən edirlər və təyinatını həyata keçirirlər. Şura üzvləri Kralın (yaxud da Kraliçanın) tacqoyma mərasimini təşkil edirlər. Onu Taxt-taca əyləşdirirlər. And içməsini təmin edirlər. Tacqoyma və andiçmə mərasimi “Ümumxalq Məclisi”ndə həyata keçirilir. “Kral Taxt-tac Şurası”nın sədri Krallığın Konstitusiya Məhkəməsinin Sədridir.
Şuraların fəaliyyətlərinin əsasları haqqında əsasnamələr “Qanunverici Palata” tərəfindən təsdiq olunur. Qeyd: Azərbaycanda mövcud qanunvericiliyə görə ali və mərkəzi icraedici dövlət qurumlarının, orqanlarının əsasnamələri dövlət başçısının fərmanı ilə təsdiq edilir. Konstitusiyalı Parlamanter Monarxiyaya keçid olarsa, belə halda qanunvericiliyin tərkibi olan əsasnamələr bir qayda olaraq “Qanunverici Palata” tərəfindən təsdiq oluna bilər. Əsasnamələrə əlavələr və tərkibində olan dəyişikliklər də “Qanunverici Palata”nın qərarları ilə təsdiqlənə bilər. Bununla yanaşı, dövlət mükafatları və fəxri adlar haqqında olan əsasnamələr də dövlət başçısı tərəfindən təsdiqlənir. Dövlət mükafatları və fəxri adları dövlət başçısının qərarı ilə təsis olunur. Parlamentli monarxiyada isə bu kimi aktlar “Qanunverici Palata” tərəfindən təsdiqlənə bilər. Yəni, təsisedici və təsdiqləyici tərəf kimi “Qanunverici Palata” çıxış edə bilər. “Ümumxalq Məclisinin Rəyasət Heyəti” (Ali orqan kimi) lazım gəldikdə təsdiq olunmuş əsasnamələri ləğv edə bilər. Əsasnamələri isə bir qayda olaraq Nazirlər Şurası hazırlaya bilər. Bəzi əsasnamələri “Ümumxalq Məclisinin Rəyasət Heyəti” təsdiqləyə bilər. Məsələn, Kral Təhlükəsizlik Xidmətinin və onun Milli Qvardiyasının (Kralı qoruyan silahlı dəstə) əsasnamələrini Nazirlər Şurası və Kral Saray Xidməti birlikdə hazırlaya bilərlər. Təsdiqini isə “Rəyasət Heyəti” təmin edə bilər. Kral Saray Xidmətinin özünün əsasnaməsini isə Nazirlər Şurası hazırlayır və “Qanunverici Palata” təsdiqləyir. Qeyd: ali və mərkəzi qurumlar bir qayda olaraq icra hakimiyyətinin mahiyyətini əks etdirir. Bütün orqanlar fəaliyyət həyata keçirirlər, aktları icra edirlər. Ali və mərkəzi orqanların, qurumların təsis olunması konstitusiya müəyyənliyindən və səlahiyyətindən irəli gələrək, qanunlarla, digər qanunvericlik aktları ilə həyata keçirilir. Səlahiyyətlərdən irəli gələrək, dövlət başçısı və “Qanunverici Palata”, həmçinin Nazirlər Şurası müəyyən orqanların təsis edilməsi səlahiyyətinə malik olurlar. Belə qəbul edək ki, Kral Sarayı, “Kral Taxt-tac Şurası” konstitusiya ilə təsis olunub, təsdiqini tapıb. Bu kimi qurumların fəaliyyətinin əsaslarını müəyyən edən hüquqi sənədlər, aktlar artıq aidiyyatı səlahiyyətli qurumların qərarları ilə təsdiq olunur. Məsələn, mərkəzi icra hakimiyyəti qurumlarını “Qanunverici Palata” təsis edir. Nazirlər Şurası əsasnamələrini hazırlayır. “Qanunverici Palata” əsasnamələri təsdiqləyir. Lazım gəldikdə əlavə və dəyişikliklər edir. Alilik prinsipindən irəli gələrək, “Ümumxalq Məclisi Rəyasət Heyəti” lazım gəldikdə mərkəzi icra hakimiyyətləri qurumlarının təsisi haqqında “Qanunverici Palata”nın qərarını ləğv edir. Bununla da əsasnamə də öz qüvvəsini itirir. Kral Sarayını “Rəyasət Heyəti” təsis edir, əsasnaməsini Nazirlər Şurası hazırlayır, təsdiqini isə “Qanunverici Palata” həyata keçirir. Parlamentli monarxiyada qanunvericiliyin yükü, hüquqi fəaliyyətin, vəzifə və səlahiyyətlərin hüquqi əsasları daha çox parlamentdə müəyyən olunur və təsdiqini tapır. Prinsiplər hüquqi nəzəri prizmadan konkret olaraq özündə qaydaları ifadə edən hüquqi normativ müstəviyə keçidlər edir. Kollegiyanın qərarı, hüquqları müəyyən edərək təsdiq etməsi xalqın hakimiyyətinin hüquqi əsaslarını təsbit etmiş olur. Xalq öz hakimiyyətini seçilmişləri vasitəsilə həyata keçirir. İnstitutsional demokratiya formalaşmış olur. İnstitutlar arasında hakimiyyət bölgüsü və qarşılıqlı nəzarət ondan ibarətdir ki, “mən hazırlayıram, sən bax, sən hazırla mən baxım”, prinsipi mühüm şərtdir. Bu kimi şərtlər tarazlı idarəçiliyin əsaslarını özündə ehtiva edir.
Onu qeyd etmək yerinə düşər ki, dövlət idarəçiliyi və hakimiyyət qolları seçilmişlərdən formalaşır. Dövlət hüququnun fəlsəfəsində də bu kimi tezislər, amillər qərarlaşır. Xalqın hakimiyyətini ali və mərkəzi mərhələdə, həmçinin yerli özünüidarəetmə strukturlarında məhz seçilmişlər ifadə edirlər. Onlar vəkillər, nümayəndələr olaraq xalqın iradəsini dövlətə çatdırırlar və xalqı təmsil edirlər. Seçilmişlərin demokratiyası elə özlüyündə xalqın demokratiyasıdır. Onlar xalqın mədəni, ictimai və siyasi imzalarıdır. Seçim bir təsdiqdir. İradənin əsasıdır. Qayəsi və məzmunudur. “Ümumxalq Məclisi” başlıca olaraq seçimlə formalaşır. Seçkili qurum da öz növbəsində dövlət başçısının statusunu, fəaliyyətinin hüquqi əsaslarını, məhkəmələrin formalaşmasını və icra hakimiyyətinin təşkilini təmin edir. Seçilmişlər xalqın sifarişlərini hakimiyyətə, hakimiyyətin siyasətini də xalqa çatdırırlar. Bununla da dövlətin və siyasətin xarakterik cizgilərini müəyyən edirlər. Bu aspektdə hesab etmək olar ki, seçilmişlərin mərkəzi qurumu olan Parlament xalqın hakimiyyətini daha da dəyərli edir. Konstitusiyalı Parlamentli monarxiyalar daha səmərli, “doyumlu”, həm də birgə razılığa söykənən idarəçilik forması və quruluşudur. Dövlət başçısı dövlət idarəçiliyində əsas ilhamı onun seçilmiş nümayəndələrindən qəbul edir. Dövlət idarəçiliyində kollegiallıq artır. Düşüncə, fikir yükü çoxalır. İstiqamətlərin sayı artır və şəbəkənin genişlənməsi baş verir.
Qanunlar və “Qanunverici Palata” haqqında. Palatada xalqın seçilmişləri yığışır və qanun layihələri hazırlayırlar, qərarlar qəbul edirlər. Konsensus meydana gəlir. Birgə razılaşma konsepsiyası formalaşır. Sözügedən Palatanın hüquq və vəzifələri başlıca olaraq konstitusiya ilə müəyyən olunur. Dövlət qanunvericilk aktları ilə özünün varlığını, mövcudluğunu sübuta yetirir. Dövlərtin canlılığı konstitusiya ilə təmin olunur. Dövlətin mövcudluğu qanunların, digər hüquqi aktların hazırlanmasını və icrasını yerinə yetirən siyasət institutları ilə müəyyən edilir, sübuta yetirilir. Siyasət institutlarının mexanizmisi elə özlüyündə dövlətin fəaliyyətinin əsaslarını əks etdirir. Dövlətin cari və strateji fəaliyyəti onun qanunvericilik aktlarının hazırlanmasında və yerinə yetirilməsində əsasını tapır. Xalqın hakimiyyəti onun qanunvericilik aktlarında öz nəzəri və təcrübi əsaslarını müəyyən edir. Dövlət hüququ qanunvericilikdəki normalarla müəyyən olunur. Dövlətin hüquq və səlahiyyətləri qanunvericilik aktlarınn icrası zamanı əks olunur. Aktlar hüquq və səlahiyyətləri özündə saxlayır. Hüququn faktlılığını müəyyən edir, hər addımında aşkarlayır. Aktlar siyasətin layihələri, yolları, istiqamətləri rolunda çıxış edirlər, vasitələr kimi əhəmiyyət kəsb edirlər.
Qeyd: ictimai və siyasi proseslər daha çox “İctimai Palata”da hazırlanırsa, müəyyən olunursa, bu proseslərin qanun halına, imperativ normalar və qaydalar sistemi halına, salınması əsasən “Qanunverici Palata”da həyata keçir. Hər iki palatanın tərkibi xalqı təmsil edənlərdən formalaşır. Deməli, onlardan bir qismi qanun qəbul edir, digər qismi isə nəzarət və müşahidə funksiyasını yerinə yetirir. Məsələn, Nazirlər Şurası və Baş nazir vəzifəsi “Qanunverici Palata”da müəyyən olunur. Şura həm hər iki Palata önündə məruzə edir, hesabatla çıxış edir.
Dövlətin xalqın maraqlarını tənzim etmək funksiyası məhz qanunvericilik aktları ilə müəyyən edilir, yerinə yetirilir. Qanunvericilik aktları zərurəti, məcburiyyəti, həll olunası məsələləri ümumi prinsiplər və sahələr üzrə müəyyən edir, həllini təmin edir. İcra hakimiyyətinin fəaliyyətinə start verir. Aktlar sahələri bir-birinə bağlayır. Qanunlar və digər qanunvericilik aktları dövlətçilik nəzəriyyəsinin əsaslarını özündə ifadə edir. Dövlətçilik prinsiplərini əks etdirir. Dövlətçiliklə bağlı qaydaları və aktları özündə təcəssüm etdirir. Müəyyən olunmuş qaydaları qanunlar özündə təsbit edir. Qanunlar parlamentdə qəbul olunur. Dövlət başçısının imzası ilə dövlət sənədi statusunu alır. Parlament qanunvericilik təşəbbüsü qaydasında (dövlət rəhbərindən, icra və məhkəmə hakimiyyətindən gələn təşəbbüslər əsasında) da qanunlar qəbul edir. Sənədlər cəmiyyətin sifarişi və təşəbbüsü əsasında, tələbləri ödəməklə qəbul olunur. Eləcə də beynəlxalq aləmin tələbi və vəziyyətinə uyğun əsaslarda aktlar şəkilində qəbul edilir. Beynəlxalq sənədlər qanunla və qərarla təsdiq olunur. Hüquqi akt qüvvəsini alır. Reyestrdə qeydiyyatdan keçir. İnformasiya vasitələrində, o cümldən mətbuatda dərc olunur. Qanunvericilik aktları sahələrdə münasibətləri və əlaqələri tənzim edir. Məkanda atılan addımların əsaslarını müəyyən edir. Belə qəbul edək ki, “Ümumxalq Məclisinin İctimai Palatası”nın da tələbləri və sifarişi ilə “Qanunverici Palata” qanun layihələri qəbul edir. Eləcə də dövlət başçısının səlahiyyətlərini müəyyən edir. Məsələn, Krallıq Sarayının səlahiyyətləri və xidmətlərinin əsasları məhz konstitusiya və digər qanunvericilik aktları ilə (Əsasnamə) müəyyən olunur. Kral Sarayının statusu qanunlarla (Konstitusiya qanunu, qanun) və qərarlarla təsdiqini tapır. . Sarayın fəaliyyət prinsipləri və əsasları qanunlarla tənzimlənir. Qanun qanundan, qanun qərardan, qərar da qanundan törəyir. Şaxələmnə meydana gəlir və bununla da hüquq normaları sistemi meydana gəlmiş olur. Hüquq normaları sistemi də şəbəkə xarakterlidir və dövlətin maraqları sahələrinin tənzimlənməsi üçün addımların əsaslarını, görüləcək işlərin prinsip və sahələrini əks etdirir. Qanunlar özlüyündə imperativliyi ehtiva edir. Tələblər ödənilməlidir. Maddələr, normalar icra olunmalıdır. Qanunlar ictimai maraqların təmin olunması funksiyasını yerinə yetirir. İnsanlar arasında ümumilik və bərabərlik yaradır. Bu aspektdə cəmiyyəti hakimiyyətə, onu da dövlətə bağlayır. Qanunlar və digər hüquqi aktlar imkan verir ki, hakimiyyət və onun strukturu dövlətə işləsin. Xalqa xidmətlərə yönləndirilsin.
Qanunun aliliyini dövlət başçısı təmin edir. Bu, onun konstitusiya səlahiyyətlərindən irəli gələn bir öhdəlikdir. Kamboca Krallığının 21 sentyabr 1993-cü ildə qəbul edilmiş Konstitusiyası diqqəti çəkir. “Suverenlik” adlanan Birinci başlıqda, Birinci maddədə yazılır ki, Kamboca Kralın başçılığı ilə Krallıqdır. Kral çoxpartiyalılıq və liberal demokratiya prinsipləri ilə Konstitusiya əsasında çarlıq edir. Kamboca Krallığı daimi bitərəflik və qoşulmama siyasətini müdafiə edən müstəqil, suveren və sülh dövlətidir. Dördüncü Maddəyə görə Kambocanın şüarı “Xalq, Din və Kral”dır. Yeddinci maddə qeyd edir ki, Kral çarlıq edir, idarə etmir. Kral dövlətin ömürlük başçısıdır. Kralın şəxsiyyəti toxunulmazdır. Səkkizinci maddəyə əsasən, Kamboca Kralı birliyin və xalqın ölməzliyinin (əbədiliyinin) rəmzidir. Kral milli müstəqilliyin, Kamboca Krallığının ərazi bütövlüyünün zəmanətçisidir, bütün vətəndaşların hüquq və azadlıqlarının müdafiəçisidir, həmçinin beynəlxalq müqavilələrin zəmanətçisidir. Doqquzuncu maddəyə görə, Kral dövlət hakimiyyətinin ədalətlə yerinə yetirilməsində tərəfsiz (qərəzsiz, obyektiv) məhkəmənin əlahəzrət rolunu oynayır. On beşinci maddəyə görə Kralın həyat yoldaşı Kamboca Kraliçası titulunu daşıyır. On altıncı maddəyə görə, Kraliça siyasətlə məşğul olmaq hüququna malik deyil, dövlət başçısının, ya da hakimiyyət başçılarının funksiyalarını yerinə yetirmir, digər inzibati və siyasi funksiyalar həyata keçirmir. Krallığın Kraliçası sosial, humanitar və dini sferada öhdəliklər yerinə yetirir, Kralın diplomatik və protokol funksiyalarını yerinə yetirir. İyirminci maddəyə əsasən, Kral ayda iki dəfə Baş nazir və Nazirlər şurası ilə görüşlər təşkil edir, ölkədəki işlər barəsində hesabatları dinləyir.
Kamboca Konstitusiyasının Yeddinci Başlığı Milli Yığıncaq adlanır. Konstitusiyanın 76-cı maddəsinə görə, Milli yığıncaq ən azı 120 deputatdan ibarətdir. Deputatlar azad, ümumi, bərabər, birbaşa və gizli səsvermə yolu ilə seçilirlər. 80-ci maddəyə görə Milli yığıncağın deputatları parlament immunitetinə malikdirlər. Milli yığıncağın səlahiyyətlərinə aiddir: inzibati xərcləri təsdiq edir; ümumi amnistiya haqqında qanun qəbul edir; beynəlxalq müqavilə və sazişləri, həmçinin beynəlxalq konvensiyaları təsdiq və ləğv edir; müharibə elan olunması haqqında qanun qəbul edir. Hökumətə etimadsızlıq məsələsi barədə qərar qəbul edə bilir. Kamboca Konstitusiyasının Doqquzuncu başlığı Senat adlanır. Senat qanunverici orqandır.
İordaniya Haşimilər Krallığının 1952-ci ilin yanvar ayının 8-də qəbul edilmiş Konstitusiyasının 25-ci maddəsində qeyd edilir ki, qanunverici hakimiyyət Milli yığıncaq və Kral vasitəsilə həyata keçirilir. Milli yığıncaq senat və deputatlar palatasından ibarətdir. 26-cı maddəyə görə icraedici hakimiyyət Krala məxsusdur, hansı ki, onu öz nazirləri və mövcud konstitusiyanın qətnamələri vasitəsilə həyata keçirir. 28-ci maddəyə görə İordaniya Haşimilər Krallığının Tacı Kral Abdulla İbn Əl Hüseynin ailəsində irsidir və onun kişi cinsindən olan birbaşa irsi davamçısına (vərəsəsinə) keçir. 30-cu maddəyə görə Kral dövlətin ali başçısıdır, toxunulmazdır və heç bir məsuliyyət daşımır.
İordaniyada Kralın səlahiyyətlərinə aid olur: qanunları təsdiqləmək; sərəncamlar vermək; müharibə elan etmək; sülh bağlamaq; müqavilələri ratifikasiya etmək; seçkilərin keçirilməsi haqqında sərəncamlar vermək. O, Milli yığıncağı çağırır, açır, təxrirə salır, bağlayır; deputatlar palatasını buraxır; Nazirlər Şurasının sədrini təyin edir, istefaya göndərir; mülki və hərbi ordenlər, fərqləndirici nişanlar və ordenlər təsis edir və digər səlahiyyətlərə malik olur. Ölüm hökmü yalnız Kralın icazəsi ilə verilir. Kral əfv edir, cəzanı yüngülləşdirir. Kral yerüstü, dəniz və hava qüvvələrinin Ali Baş Komandanıdır. Kral Milli yığıncağın fövqəladə sessiyasını çağırmaq səlahiyyətinə malikdir.
Qeyd: bəzi monarxik quruluşlu ölkələrdə dövlət başçısı icraedici hakimiyyətin başçısı ola bilir. Məsələn, İordaniyada bu görünür. Həmçinin Monako Knyazlığının Konstitusiyasının Üçüncü maddəsində yazılır ki, icraedici hakimiyyət Knyazın Ali hakimiyyətinə tabedir. İkinci maddəyə görə, ölkədə idarəetmə prinsipi irsi və konstitusiyalı monarxiyadan ibarətdir. Knyaz toxunulmazdır. Ölkə Konstitusiyasına görə, Monako beynəlxalq hüququn ümumi prinsipləri çərçivəsində və Fransa ilə məxsusi sazişi olan suveren və müstəqil dövlətdir. Qanunverici hakimiyyət Knyaz və Milli sovet vasitəsilə həyata keçirilir.
Qeyd: buradan görünür ki, konstitusiyalı monarxiyalarda dövlət başçısı parlamentdən çox asılı olur. Parlament həm də dövlət başçısı üçün bir dayaqdır. Xalqa güvənən yeridir.
Qeyd: Konstitusiyalı monarxiyalarda belədir ki, dövlətin başçısı ali idarəetməni, rəhbərliyi özündə saxlayır, lakin hakimiyyətini bölüşür. Sanki konstitusiya səlahiyyətlərindən və vəzifə bölgüsündən irəli gələrək, məsuliyyətlərin bölgüsünü tətbiq edir. Bu fakt da özlüyündə mütləq monarxiyanın zəiflədilməsini şərtləndirir.
Bruney Darussalam dövlətinin (islam monarxiyasının) 1959-cu il 29 sentyabr tarixli Konstitusiyasında qeyd olunur ki, Ali icraedici hakimiyyət Zati Aliləri Sultana məxsusdur. Zati Aliləri Sultan Baş nazirdir. (Konstitusiyanın III Hissəsi. Maddə 4.1). Zati Aliləri Sultan Bruney Silahı Qüvvələrinin Ali Baş komandanıdır. İcraedici hakimiyyət Zati Aliləri Sultan tərəfindən həyata keçirilir. (4.2). Zati Aliləri Sultan Bruney Vətəndaşlarından istənilən sayda nazir və nazir müavinləri təyin edə bilər. Onlar şəxsən öz vəzifələrinin yerinə yetirilməsində Sultan qarşısında məsuliyyət daşıyırlar. Qanunverici Şura qanun layihələrini qəbul edir. Şuranın spikerini Sultan təyin edir. Sultan Qanunverici şuraya müraciət edir. İstənilən vaxt şuranın fəaliyyətində fasilə elan edir və onu buraxmaq səlahiyyətinə malikdir.
Qeyd: Teokratik, mütləq monarxiyalarda monarxın icraedici hakimiyyət və qanunverici hakimiyyət üzərində təsiri çox böyük olur.
“Qanunverici Palata”nın səlahiyyətlərinə aid olur:
-“Qanunverici Palata” qanunvericilik məsələsində konstitusiya səlahiyyətinə malikdir və qanunverici hakimiyyətin vəzifələrini yerinə yetirir. Qanun layihələrinin qəbulu üçün məsuliyyət daşıyır. İcrası vacib olan qərarlar qəbul edir. Krallıqda, konstitusiyalı parlamentar monarxiyada ( gələcək Azərbaycan üçün) Palatanın deputatları majoritar və proporsional seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilir;
-Palatanın səlahiyyət müddəti mövcud olur. Müharibə şəraitində (hərbi əməliyyatlar seçkilərin keçirilməsini mümkün etmədikdə) səlahiyyət müddəti seçkilərin keçirilməsi üçün əlverişli şəraitin yaranması müddətinə qədər uzadılır. Yəni, təxirə salınır. Həmçinin fövqəladə vəziyyətlərdə (ölkədə ciddi fəsadlara yol açan zəlzələlər, dağıntılar, karantin rejimləri, ciddi iqtisadi böhranlar yaranarsa) də vəziyyət aradan qalxana qədər seçkilərin keçirilməsi təxirə salınır. Ümummilli matəm günlərində, vətəndaş müharibəsi zamnı və ölkə daxlində silahlı üsyanlar, qiyamlar zamanı da seçkilər keçirilmir;
-İcra hakimiyyəti sisteminin, strukturunun üzvləri Palataya deputat seçilə bilir. Məsələn, nazirlər və mərkəzi icra hakimiyyətinin stukturlarında təmsil olunan digər mərkəzi icra hakimiyyətinin nümayəndələri deputat seçilə bilirlər. Onlar başlıca olaraq seçkilərdə təmsil etdikləri partiyaların namizədləri olurlar. Hökumət üzvləri (Nazirlər Şurasının üzvləri) həm də Qanunverici Palatanın deputatları ola bilirlər. Qanunverici Palatanın səlahiyyət (çağırış) müddətinin başa çatması deputat seçilmiş şəxsin icra hakimiyyəti sistemində (mərkəzi icra hakimiyyəti qurumunun rəhbərləri nəzərdə tutulur) işinin başa çatmasına və vəzifəsinin xitamına əsas verir. Şəxsin deputat səlahiyyətlərinə xitam verilir. Nazirlər Şurasının səlahiyyəti “Qanunverici Palata”nın səlahiyyət (çağırış) müddəti ilə eynilik təşkil edir. “Qanunverici Plata” başlıca olaraq, partiyaların namizəd çoxluğu ilə formalaşır. İcra Hakimiyyəti də başlıca olaraq siyasi partiyalardan (tək olaraq və kollektiv, koalisiya yaratmaq yolu ilə) formalaşır. Məhkəmə hakimiyyətinin rəhbəri (burada Ali Məhkəmənin sədri) də namizəd kimi Palatada qalib gəlmiş partiyanın (siyasi koalisiyanın) namizədi ola bilir. “Qanunverici Palata” Ali Məhkəmənin sədrini təyin edir. Sədr dövlət başçısı tərəfindən “Etimad Fərmanı” ilə işinə başlayır. Ali Məhkəmənin Sədri “Qanunverici Palata”nın üzvü olmur. Lakin “İctimai Palata”nın üzvü olur, “Rəyasət Heyəti”ndə təmsil olunur. Kral Sarayında təmsil olunur. “Kral Tax-tac Şurası”nın üzvü ola bilir.
-Məhkəmə hakimləri “Qanunverici Palata”da deputat ola bilməzlər. Lakin Məhkəmə hakimiyyəti öz nümayəndələrini “İctimai Palata”ya göndərə bilər;
-Konstitusiya Məhkəməsi “ Qanunverici Palata”ya keçirilmiş seçkilərin nəticələrini yoxlayır və təsdiq edir; (Azərbaycanın indiki konstitusiyasına müvafiq qaydada);
-“Qanunverici Palata” növbəti və növbədən kənar sessiyalar çağıra bilir. “Rəyasət Heyəti”nin (Kralın, yaxud da Kraliçanın), Palatanın spikerinin və deputatların müəyyən əksəriyyətinin tələb və təşəbbüsü əsasında növbədən kənar sessiya çağrıla bilər. Gündəliyi də sessiyanı çağıranlar müəyyən edirlər;
-İclaslar açıq və deputatların böyük əkəsriyyətinin tələbi ilə qapalı da keçirilə bilər;
-Krallıq dünyəvi dövlət olduğuna görə din xadimləri “Qanunverici Palata” da deputat ola bilməzlər. Lakin “İctima Palata”da təmsil oluna bilərlər; Din xadimləri ictimaiyyət nümayəndələri statusunda “Kral Taxt-tac Şurası”nda təmsil oluna bilərlər.
-“Qanunverici Palata”nın deputatlarının şəxsiyyətləri toxunulmazdır. Deputat toxunulmazlığına xitam verilməsinə ölkənin Baş prokurorunun təqdimatı əsasında Palata tərəfindən baxılır və müvafiq qərar qəbul edilir. Palatanın spikerinin toxunulmazlığına gəldikdə isə, Baş prokurorun təqdimatı ilə, Konstitusiya Məhkəməsi qərar çıxardır və çıxarılan qərar Palata tərəfindən qəbul edildikdən sonra toxunulmazlığa xitam verilir;
-“Qanunverici Palata” öz sədrini və müavinlərini seçir. Komitələr və komissiyalar yaradır. Hesablama Palatasını yaradır. Palata Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir; (Azərbaycan Konstitusiyasında səlahiyyətlər təsbit olunub);
“Qanunverici Palata”bu kimi məsələlərə dair ümumi qaydalar müəyyən edir: insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı; “Ümumxalq Məclisinin Rəyasət Heyəti”nin tərkibinin və “Ümumxalq Məclisinin İctimai Palata”sının tərkibinin müəyyən edilməsi qaydaları; “Qanunverici Palata”ya seçkilər və deputatların statusu; referendumun keçirilməsi qaydaları; məhkəmə quruluşu və hakimlərin statusu, prokurorluq, vəkillik və notariat; məhkəmə icraatı, məhkəmə qərarlarının icrası; bələdiyyələr, fövqəladə və hərbi rejimlər; dövlət təltifləri; fiziki və hüquqi şəxslərin statusu; mülki hüquq obyektləri; əqdlər, mülki müqavilələr, nümayəndəlik və vərəsəlik; mülkiyyət hüququ, ailə münasibətləri; öhdəlik hüququ; maliyyə fəaliyyəti, vergi və rüsumlar, əmək münasibətləri və sosial təminat; cinayət və inzibati, mülki məsuliyyət məsələləri; müdafiə və hərbi qulluq; dövlət qulluğu; beynəlxalq müqavilələrin təsdiqi; gömrük, bank, sığorta işi və s. Ümumiyyətlə, qanunların qəbul edilməsinin zəruriliyini əks etdirən sahələr üzrə məsələləri müəyyən edir. (Azərbaycan Konstitusiyasında geniş yazılıb). Əlavə olaraq “Qanunverici Palata” bu kimi məsələləri müəyyən edir, konstitusiya tələblərindən irəli gələrək qanunlar qəbul edir, əsasnamələri təsdiq edir: Kralın (yaxud da Kraliçanın) statusu, Krallığın Taxt-tacına əyləşdirilmək və imtina qaydaları; dövlət atributları və dövlət rəmzləri; Taxt-tac üçün irsi vərəsəliyin müəyyən olunması qaydaları; Kral Sarayının fəaliyyətinin əsasları, Kralın hüquq və vəzifələri (Konstitusiyadan irəli gələn); Dövlət Təhlükəsizlik Şurasının fəaliyyəti, mərkəzi icra hakimiyyətinin əsasnamələrinin təsdiqi, Konstitusiya qanunları ilə “Qanunverici Palata”nın müəyyən etdiyi məsələlər və sahələr genişləndirilə bilər. Dövlət proqramlarının, doktrinaların, digər strateji konsepsiyaların layihələrinin hazırlanması da “Qanunverici Palata” tərəfindən həyata keçirilə bilər.
“Qanunverici Palata”nın səlahiyyətlərinə aid olan konkret məsələlər:
-ümumi və sahəvi əsaslı qanun layihələrinn hazırlanması və qəbulu;
-proqram layihələrinin qəbulu;
-qanunvericilik təşəbbüsü qaydasında Palataya daxil olan layihələrin müzakirəsi və qəbulu;
-ölkənin hazırladığı və imzaladığı beynəlxalq müqavilələrin və beynəlxalq sazişlərin təsdiqi;
-ölkənin qoşulduğu beynəlxalq müqavilələrin ratifikasiyası;
-xarici ölkələrdə səfirliklərin, elçiliklərin və beynəlxalq hökumət təşkilatlarında diplomatik nümayəndəliklərin təsis edilməsi;
-mərkəzi icra hakimiyyəti və yerli icra hakimiyyəti qurumlarının təsisi;
-nazirliklərin və digər mərkəzi icra hakimiyyəti səlahiyyətinə malik olan qurumların əsasnamələrinin təsdiqi, ləğvi və dəyişikliyi;
-Baş nazirin, onun müavinlərinin və nazirlərin, mərkəzi icra hakimiyyəti statusunda olan qurumların rəhbərlərinin vəzifələrə təyini və vəzifələrdən azad edilmələri;
-Baş nazirin, onun müavinlərinin və nazirlərin və mərkəzi icra hakimiyyəti statusunda olan qurumların rəhbərlərinin təyinatlarının dövlət başçısı tərəfindən təsdiqi üçün “Etimad Fərmanları” verilməsi məqsədilə Rəyasət Heyətinə təqdimat verilməsi;
-Rəyasət Heyətinin təqdimatına əsasən, dövlət büdcəsinin layihəsinin qəbul olunması. Təsdiq olunmuş dövlət büdcəsinin icrasına nəzarət.
-Baş nazir tərəfindən irəli sürülən Hökumət Şurasının say tərkibinin təsdiqi;
-Məhkəmə-hüquq Şuarsının tərkibinin təsdiqi. Şuranın fəaliyyətinin əsaslarının hüquqi tənzimləmnməsi;
-Rəyasət Heyətinin təqdimatına əsasən İnsan hüquqları üzrə müvəkkilin seçilməsi;
-Rəyasət Heyətinin təqdimatı ilə hərbi doktrinanın, milli təhlükəsizlik konsepsiyasının layihəsinin müzakirəsi və qəbulu; Qeyd: doktrina və konsepsiya ümumilikdə “Ümumxalq Məclisi” tərəfindən müzakirə olunur və qəbul edilir. Lyihə Qanunvercici Palatada müzakirə edilib qəbul olunduqdan sonra “İctimai Palata”nın müzakirəsi və səsverməsi ilə yekunlaşır. Rəyasət Heyəti tərəfindən təsdiqini tapır.
-Baş nazirin imzası ilə Hazirlər Şurasının təqdimatına əsasən, İnkişaf konsepsiyalarının, dövlət elm, mədəniyyət, sosial proqramlarının layihələrinin müzakirəsi və qəbulu;
-Baş nazirin imzası ilə Nazirlər Şurasının təqdimatına əsasən dövlət inkişaf layihələrinin müazkirəsi və qəbulu;
-Rəyasət Heyətinin təqdimatına əsasən ölkənin Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Appelyasiya məhkəməsinin hakimlərinin təyin edilməsi;
-Rəyasət Heyətinin təqdimatına əsasən hakimlərin vəzifədən uzaqlaşdırılması, səlahiyyətlərinə xitam verilməsi;
-Rəyasət Heyətinin təqdimatına əsasən (Rəyasət Heyətinin sədr müavini-Konstituysiya Məhkəməsinin sədrinin imzası ilə) dövlət başçısının vəzifədən uzaqlaşdırılması üçün razılıq bildirilməsi. Qeyd: belə qəbul etmək olar ki, dövlət başçısı vəzifədən o halda uzaqlaşdırılır ki, Qanunverici Palata razılıq bildirir. Növbəti və son addım olaraq “İctimai Palata” da məsələ müzakirə olunur və müvafiq qərar qəbul edilir;
-Rəyasət Heyətinin təqdimatına əsasən, Nazirlər Şurasına etimad məsələsinin həll edilməsi;
-Rəyasət Heyətinin təqdimatına əsasən, Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
-Rəyasət Heyətinin təqdimatına əsasən Baş prokurorun vəzifəyə təyin edilməsi və vəzifədən azad olunması;
-Rəyasət Heyətinin müraciətinə əsasən, müharibə elan olunması və sülh bağlanmasına ilkin razılıq bildirilməsi. Qeyd: müharibə və sülh məsələsinə “Ümumxalq Məclisi” tam tərkibdə baxır. İlkin olaraq “Qanunverici Palata” müvafiq qərar qəbul edir. Sonra bu qərar “İctimai Palata” tərəfindən müzakirə olunur və səs çoxluğu ilə qəbul edilir. Rəyasət Heyəti nəticəni təsdiq edir;
-Referendumun təyin olunması üçün ilkin qərarın qəbul edilməsi. Qeyd: referendum “Qanunverici Palata”da qərar şəkilində qəbul edildikdən sonra “İctimai Palata”da müzakirəyə çıxarılır və qərarın təsdiqlənməsi üçün səsvermə həyata keçirilir;
-Amnistiya haqqında qanun layihəsinin qəbul edilməsi;
-Bələdiyyələrin hesabatlarının dinlənilməsi;
-Orta səviyyəli dövlət mükafatlarının, orden və medalların verilməsi;
-Ali səviyyəli orden və medalların, mükafatların verilməsi üçün “Rəyasət Heyəti” önündə məsələ qaldırması və təqdimat verməsi. Qeyd: “İctimai Palata” da eyni təşəbbüslə çıxış edə bilər. Bu məqsədlə aidiyyatı qurumlar hər iki Palat önündə məsələ qaldıra bilərlər. Təqdimat ünvanlaya bilərlər.
- “Qanunverici Palata” “Fəxri adlar”ın verilməsi ilə bağlı “Rəyasət Heyəti” önündə məsələ qaldıra bilər. Qeyd: “İctimai Palata” da eyni təşəbbüslə çıxış edə bilər;
-Yerli, birinci instansiya məhkəmələrinin seçilmiş hakimlərinin və sədrlərinin təsdiqi;
-Birinci İnstansiya məhkəmələrinin fəaliyyətinin hüquqi əsaslarının tənzimlənməsi;
-Appelyasiya Məhkəmələrinin fəaliyyətinin hüquqi əsaslarının tənzimlənməsi;
-İnzibati-iqtisad məhkəmələrinin fəaliyyətlərinin hüquqi əsaslarının tənizmlənməsi;
-Ali Məhkəmənin, -Konstitusya Məhkəməsinin, Hərbi məhkəmələrin və digər ixtisas ;məhkəmələrinin fəaliyyətlərinin hüquqi əsaslarının tənizmlənməsi;
-Ali Məhkəmə hakimlərinin və Sədrinin “Ümumxalq Məclisi Rəyasət Heyəti”nin təsdiqinə (“Etimad Fərmanı” üçün) təqdim edilməsi;
-Appelyasiya məhkəmələri hakimlərinin və sədrlərinin vəzifələrə təsdiqi;
-Yerli icra hakimiyyətlərinin təsisi haqqında qərarların qəbulu;
-Yerli icra hakimiyyətləri haqqında Əsasnamələrin təsdiqi; Qeyd: Nazirlər Şurası yerli icra hakimiyyətləri haqqında əsasnamələri hazırlayır və təsdiq üçün “Qanunverici Palata”ya təqdim edir. Palata əsasnamələri qərarla təsdiq edir.
-“Qanunverici Palat” Nazirlər Şurasına verilmiş “Etimad Fərmanı”nın qüvvəsinin dayandırılması üçün Rəyasət Heyəti önündə məsələ qaldırır. Palata hökuməti tam tərkibdə və qismən olaraq istefaya göndərmək səlahiyyətinə malik olur.
Ardı var..
Elşən Misir oğlu Nəsibov
Siyasətşünas-alim. Yazıçı-publisist. “ARDIC” Hərəkatının təsisçisi. Qərbi Azərbaycan İcmasının üzvü