Münaqişənin həllinə ümid varmı?

Ermənistanın danışıqlar prosesini pozması, təxribatcı addımları Qarabağ münaqişəsinin həllini yubadır. Siyasi şərhçilər hesab edir ki, Ermənistan təxribat addımlarını birbaşa olaraq Rusiyadan aldığı dəstəklə edir. Bölgədə Azərbaycanın ən böyük strateji müttəfiqi isə Türkiyədir. Son günlər Rusiya Türkiyə yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllini yenidən gündəmə gətirdi. Türkiyənin baş naziri Binəli Yıldırımın Rusiyaya məlum səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlllində səylərin artırılması barədə tərəflər razılığa gəlib. Bəs Rusiya-Türkiyə yaxınlaşması fonunda Dağlıq Qarabağ probleminin həlli mümkündürmü?

"Bu yaxınlaşma sabitlik üçün önəmlidir”

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov qeyd edib ki, Rusiya-Türkiyə yaxınlaşması təbii ki, region üçün əhəmiyyətli və vacibdir. Onun sözlərinə görə, hər iki dövlətin də regionda öz maraqları və tərəfdaşları var:

"Bu baxımdan da bu dövlətlərin bir-birilə rəqabətə girməməsi və müəyyən məsələlərdə razılığa gəlməsi yaxşı haldır. Bu təhlükəsizlik və sabitlik baxımından da önəmlidir. Amma bu yaxınlaşma o demək deyil ki, Moskva və Ankara arasında bütün yanaşmalar, baxışlar eynidir. Hər bir dövlətin öz milli maraqları var. Bu istiqamətdə maraqlar üst-üstə düşmür və ziddiyyət təşkil edir. Dağlıq Qarabağ problemi də həmin o ziddiyyətli məqamlardan biridir. Dağlıq Qarabağ Rusiyanın yaratdığı bir problemdir və həlli də Rusiyadan asılıdır. Rusiyanın burda əsas məqsədi regionu öz təsiri altında saxlamaqdır. Buna görə də Rusiya heç vaxt bu güzəşti heç kimə getməz. Hesab etmirəm ki, Türkiyə Rusiya yaxınlaşmasında Dağlıq Qarabağ problemində ciddi irəliləyişə səbəb olacaq. Sadəcə olaraq biz öyrəşmişik ki, Dağlıq Qarabağ məsələsində hansısa dövlət nəsə etsin, biz də fikir yürüdək. Bu çox yanlış bir yanaşmadır. Bu problemi biz özümüz həll etməliyik. Hər iki dövlət bizim strateji müttəfiqimiz ola bilər, ancaq onların öz milli maraqları var. Bu yaxınlaşma stabilliyi artırsa da Qarabağ probleminin həllinə heç bir təsir göstərməyəcək”.

"Rusiya maraqlı deyil”

"Cümhuriyət” qəzetinə şərhində siyasi şərhçi Natiq Miri deyib ki, Türkiyə-Rusiya yaxınlaşması kontekstində Dağlıq Qarabağ məsələsi yenidən gündəmə gəlib. Onun sözlərinə görə, Rusiya tərəfi artıq etiraf edir ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində bilavasitə iştirakı vacibdir:

"Bunun özü müsbət haldır. Ancaq Türkiyə rəsmi qaydada ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri deyil. Minsk Qrupunun üzvüdür, ancaq prosesdə birbaşa iştirak etmir. Ancaq gələcəkdə Rusiya bu məsələyə ciddi və xeyirxah niyyətlə yanaşarsa, təbii ki, Türkiyənin bu müzakirəyə qatılması mümkündür. Ancaq Binəli Yıldırımın Rusiya siyasi elitası ilə Dağlıq Qarabağ məsələsinin həllində səylərin artırılması haqqında razılıq əldə olunsa da buna o, qədər də ciddi yanaşmaq lazım deyil. Rusiya bütün zamanlarda özünün geosiyasi maraqlarını əsas tutduğu üçün güvənli ölkə deyil. Digər tərəfdən Rusiyanın hələ ki, Dağlıq Qarabağ probleminin həllində maraqlı olduğu görünmür. Çünki indiki şəraitdə Dağlıq Qarabağ probleminin digər münaqişələrdən istisna hal kimi dəyərləndirilir. Bu məsələyə bir az ciddi yanaşmaq və açıq gözlə baxmaq lazımdır. Bunlar sadəcə olaraq siyasi oyunlardır. İndiki Rusiya-Türkiyə yaxınlaşmasında da ruslar Qarabağ məsələsindən səylərin artırılacağna söz verir. Ancaq bu cür səylərin artırılması fonunda buna uyğun ciddi davranışlar müşahidə olunmur”.

Ekspert hesab edir ki, Rusiya tərəfi ortaya ciddi səy qoysaydı, Ermənistan ilk növbədə danışıqlara razı olardı. Ancaq ATƏT-in Minsk Qrupunun razılaşdırdığı Xarici İşlər Nazirliyi səviyyəsində ikitərəfli görüş belə baş tutmadı:

"Halbuki bu görüş razılaşdırılmışdı və digər həmsədr dövlətlər də bu görüşdə Xarici İşlər Nazirliyi səviyyəsində iştirak etməli idi. Ancaq bu görüş bir yemək stolundan fikir mübadiləsi səviyyəsinə qədər endirildi. Bütün bunlara rəğmən Ermənistan Rusiya tərəfindən heç bir təzyiq görmür. Əksinə olaraq regionda hərbi balans bərpa olundu və Rusiya Ermənistana yeni müasir silahlar verdi. Digər tərəfdən Rusiya Ermənistanı öz hərbi qanadına almaqla bilavasitə hərbi təhlükəsizliyini təmin etdi. Bu konteksdə Rusiya- Ermənistan birgə hərbi qoşunları yaradıldı. Belə olduğu tədqirdə hansı səylərin artırılmasından söhbət gedir? Bunlar bir növ Rusiyanın Türkiyədən almaq istədikləri geosiyasi maraqlar kontekstində siyasi manevrlərdən başqa bir məsələ deyil. Ona görə də hesab etmirəm ki, Rusiya-Türkiyə yaxınlaşması Dağlıq Qarabağ məsələsinin həllinə ciddi şəkildə təsir edəcək. Bu məsələnin həllində mütləq mənada ciddi siyasi bazarlıqlardan asılıdır. Təbii ki, Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatları, Hələb məsələsində Türkiyə-Rusiya razılaşması və digər məsələlərdə ciddi bazalıq predmentidir. "Türk Axını” və "Akkuyu” məsələsi ciddi düşünülməlidir və bunların fonunda Dağlıq Qarabağ məsələsi gündəmə gətirilməlidir. Əks halda, Rusiya yenə də Türkiyəni aldadacaq. Necə ki, Rusiya illər boyu Azərbaycanı aldatmaqla məşğuldur”.



Vilayət Muxtar