Müxalifətdən İlqar Məmmədova qınaq

REAL sədri İlqar Məmmədovun “uşaqpulu” ilə bağlı qalmaqallı açıqlaması müxalifət düşərgəsində yeni narazılığa səbəb olub. Partiya sədrinin bu mövzuda danışan siyasi liderləri “yaramaz”, “debil” adlandırması sərt etirazlarla qarşılanıb.

İ.Məmmədov isə geri çəkilmək fikrində deyil. O, bir-birinin ardınca bu mövzuda statuslar yazır, canlı yayımlara çıxır, aşağı-yuxarı təhqirlərini davam etdirir.

AMİP sədri Arzuxan Əlizadə: “Uşaq pulunun verilməsi ilə bağlı müzakirələr bir neçə ildir ki, ictimaiyyətin diqqət mərkəzindədir. Milli İstiqlal Partiyası olaraq biz bu məsələnin həlli istiqamətində hökumətə təkliflər paketi təqdim etmişik. Hazırda bununla bağlı demək olar ki, bütün platformalarda müzakirələr gedir. Hesab edirəm ki, hökumət, nəhayət, ictimai rəyi nəzərə almalı, ən azından maliyyə qurumları vasitəsilə məsələ ilə bağlı ictimaiyyətə doğru-düzgün statistik məlumatlar verməlidir.

Bundan sonra dəqiq hesablamalar aparmaq mümkündür. Yoxsa kimin ağlına hansı rəqəm gəlirsə, onu ictimai müzakirəyə çıxarmağı da məsuliyyətsizlik kimi qiymətləndirirəm. Müzakirələrin fonunda siyasi spekulyasiya vasitəsi kimi opponentləri aşağılayacaq ifadələr işlədən siyasiləri isə məsuliyyətli olmağa dəvət edirəm. Ölkədə mövcud olan bu qədər problemin içərisində əlavə intriqalar yaratmaq yersizdir və heç kimə, xüsusən də siyasi təşkilat rəhbərlərinə baş ucalığı gətirmir. Bu səbəbdən də hər kəs opponentlərinə yönəlik ifadələr seçərkən diqqətli olmalıdır”.

AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”da məsələyə qısa şərh verdi: “Bu partiya və həmin partiyanın rəhbərliyini onlara cavab veriləcək qədər ciddi, məsuliyyətli hesab etmədiyim üçün reaksiya vermək istəmirəm”.

ALDP rəhbəri Fuad Əliyev bir filmdən sitat gətirdi: “”Münxauzen" filmində  Münxauzenin sözləri yada düşür: “Ağıllı sifət hələ ağıllı olmaq deyil, cənablar. Yer üzündəki bütün axmaq şeylər bu ağıllı sifət ifadəsi ilə edilir. Cənablar!” Görünür, həbsxanadan çıxandan sonra psixoloji yardım almayıb. Hətta ona psixoloji yardım yox, psixiator lazımdır. Çox ciddi patoloji xəstəlikdir. Bunun və ətrafında olan 1-2 nəfərdə narsisizm əlamətləri var. Bu həmin adamdır ki, təxminən bir ay bundan qabaq demişdi ki, korrupsiyaya qurşanmış məmurları həbs etmək lazım deyil, büdcədən, xalqın, oğurladığı pulların hesabına əldə etdiyi əmlakları müsadirə etmək lazım deyil...  Bu işlədiyi ifadələrlə öz səviyyəsini göstərdi. Onsuz da səviyyəsi çox da yüksək deyildi. Vaxtilə parlamenti “zoopark” adlandırıb indi özü, onun diliylə desəm, “zooparkda” təmsil olunur. Hamımız bilirik ki, bunun nümayəndəsi necə “deputat” olub. Amma uşaqpuluna gəlincə, bu pul az da olsa verilməlidir. Biz çalışmalıyıq ki, bu məbləğ yüksək olsun".

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev daha sərt mövqe sərgilədi: “O, satqın adamdır. Kimdir ki, bizi ”yaramaz" adlandırır? Gedib dövlətin 234 min pulunu aldı. Aldığı pulu uşaq bağçalarına versin, əgər xalqı belə düşünəndirsə. Cəhənnəm olub gündəmdən düşəcək. Avropaya satılmış birisidir. Türmədən çıxandan sonra jurnalistləri belə evinə buraxmadı. Xalqımıza həqarət edir, görün özünü nə qədər unudub. Onun kiməsə lağ etməyə nə haqqı çatır? Özü başdan-ayağa lağ obyektidir". "Yeni Müsavat"

Millət