32 illik hakimiyyəti dövründə stabil ölkə, qanuna söykənən demokratik dövlət idarəçiliyi qura bilməyibsə, o zaman onun üstünlüyü nə imiş?
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin taleyi barədə dəqiq məlumat olmasa da, onun 32 illik hakimiyyətinin başa çatdığını dəqiq söyləmək mümkündür. Azərbaycanda bəziləri hələ də iddia edir ki, guya Nursultanın 32 illik hakimiyyətinin sonu ilə qazax xalqı bədbəxt oldu, ölkə ondan sonra az qala müstəmləkə olacaq, hələ xalq bu adamın xiffətini çox çəkəcək və sair...
Nazarbayev keçmiş partnomenklatur məmur, ölkəsində yarımqapalı sərt rejim qurmuş, xüsusi idarəçilik parametrləri yaratmış təcrübəli dövlət adamıdır. Nursultan 32 illik hakimiyyəti dövründə stabil ölkə, qanuna söykənən demokratik dövlət idarəçiliyi qura bilməyibsə, o zaman onun üstünlüyü nə imiş? Sabun köpüyü kimi partladı “stabil dövləti”, onun güc strukturları...
Ölkə silahlılarla mübarizə üçün KTMT-dən dəstək istəməyə məcbur oldu. Məlumdur ki, Nazarbayev SSRİ-nin “şinelindən çıxıb” və həmişə də o dövrün xiffətini çəkən dövlət adamı olub. Onun təklifi ilə yaradılan Avrasiya Birliyi əslində SSRİ-nin iqtisadi potensialını bərpa etmək cəhdi idi. Nazarbayev üçün müstəqillik SSRİ pəncərəsindən həmişə daha təntənəli, hətta etibarlı görünüb. Onun təkliflərində bir gerilik, bir geriyəqayıtma istəyi həmişə olub.
Nazarbayev erasının sonu Qazaxıstana nə vəd edir? Ölkə qaynayacaq, yoxsa stabillik və rifah yolunda irəliləyəcək?
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Nazarbayevin müdafiəsinə qalxdı: “Əvvəla onu deyim ki, korrupsiya ilə real mübarizə aparmasan, ciddi siyasi islahatlara getməsən, total şəkildə rüşvətxor məmurlarını həbs etməsən, iqtisadi azadlıqlara imkan yaratmasan, inhisarçılığa son qoymasan 30 illik hakimiyyətini 3 günə devirərlər. Qazaxıstan hadisələri də buna bariz nümunədir. O ki qaldı SSRİ-nin qayıtmasına və guya bunu Nazarbayevin də istəməsinə, bu, demaqoqiyadan başqa heç nə deyil. Durub ciddi-ciddi müzakirə etmək ki, artıq olmayan SSRİ-nin 100 illiyində, Putin yenidən SSRİ-ni bərpa edəcək, heç kəsin xətrinə dəyməsin, bu ancaq abtal fikrin məhsulu ola bilər. Lap tutaq ki, 2022-də Rusiya-Belarus-Qazaxıstan ittifaqı quruldu, nə olsun? MDB, Avrasiya İttifaqı, KTMT quruldu, nə oldu ki? Kremlin eqosunu təmin edən ”birlik" lap qurulsa belə nə olacaq ? Heç nə olan deyil. Qarabağ müharibəsindən sonra daha heç kəs ciddi-ciddi Rusiya ilə heç bir ittifaqa girməz. Tacikistan belə müstəqilliyindən nəinki imtina, heç müstəqilliyinin məhdudlaşmasına belə getməz. 30 ildir Rusiya ilə Belarus ittifaq elan ediblər, amma nəinki vahid dövlətdə birləşə bilməyiblər, heç vahid valyutada belə birləşə bilməyiblər. Qazaxıstanda gedən son proseslər bu qardaş ölkəmizi Rusiyaya müvəqqəti yaxınlaşdıra bilər.
AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov Nazarbayevin tarixin arxivinə göndərilməsi barədə fikirlərlə razılaşmır: “Mən Nursultan Nazarbayev erasının bitməsi haqqında fikirlərlə razı deyiləm. Hətta onun 32 illik hakimiyyəti sona çatsa belə, bu, Nazarbayevin artıq tarixin arxivinə göndərildiyini deməyə əsas vermir. Bu, yalnız Nazarbayevin fiziki olaraq yoxluğu halında mümkündür ki, onunla bağlı da hər hansı məlumat mövcud deyildir. Razıyam ki, dövlət idarəetməsində avtoritar idarəçiliyə üstünlük verən liderlərin aqibəti gec-tez acı sonluqla bitir. Amma onu da unutmaq olmaz ki, Nazarbayev Qazaxıstanda qazaxların milli kimliyinin özünə qayıtması, kiril əlifbasından imtina, rus dilinin Qazaxıstanın dövlət dili kimi statusunun ləğvi və ümumilikdə Türk Şurasının formalaşması və ən nəhayətdə Türk Dövlətləri Təşkilatının elan olunması istiqamətində əvəzsiz xidmətləri olan bir liderdir. Məhz bu xidmətlərinə görə 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. Zaman keçdikcə Qazaxıstanda baş verənlərlə bağlı və Nazarbayevin özünün baş verənlərə münasibəti ilə bağlı dəqiq informasiyalar əldə etmək mümkün olacaq. Bu günə isə görünən ondan ibarətdir ki, Nazarbayev özünü təcrid edərək və ya təcrid olunaraq faktiki olaraq KTMT-nin dəvəti ilə bağlı biabırçı qərarda iştirak etmədi və faktiki olaraq öz xalqına qarşı silah işlətmədi. Odur ki, deyilənlərin əksinə olaraq, düşünürəm ki, baş verənlərdən sonra qazax xalqı Tokayev kimilərdənsə, Nazarbayevə daha çox etibar edəcək. Amma nə olmasından asılı olmayaraq, ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarının Qazaxıstan uğrunda mübarizəsinin bundan sonra da davam edəcəyi və bu baxımdan da vəziyyətin belə tezliklə sabitləşməyəcəyi qənaətindəyəm”.“Yeni Müsavat”