Ölkə yeni dövrə qədəm qoyma ərəfəsindədir

Politoloq: "Bu seçkilər prezidentin sərbəst qərarlar qəbul etməsi üçün qarşısındakı bütün əngəlləri qaldırdı”

Ukrayna prezidenti Vladimir Zelenskini dəstəkləyən Xalq Xidmətçisi Partiyası iyulun 21-də keçirilmiş parlament seçkisində qalib gəlib. Seçkinin hələ rəsmiləşməmiş ilkin nəticələrinə görə 450 yerlik parlamentin 225 deputatının seçildiyi proporsional sistemdə Xalq Xidmətçisi Partiyası 42,5% səslə öndə gedir.

Ali Radaya düşmək üçün gərəkli 5 faizlik həddi daha dörd partiya dəf edib. Mərkəzi Seçki Komissiyasının ilkin hesabatına əsasən, deputat Yuri Boykonun Müxalif Platforma Partiyası 12,9%, sabiq prezident Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyası 8,5%, deputat Yuliya Timoşenkonun Batkivşina Partiyası 8,01%, musiqiçi Svyatoslav Vakarçukun Səs Partiyası 6,3% səs toplayıb.

Majoritar sistem üzrə səsvermənin nəticələrinə gəlincə, Xalq Xidmətçisi Partiyası azı 121 dairədə liderlik edir.

İlkin hesablamalara görə, prezident partiyası üst-üstə 255 mandat ala bilər. Ukrayna Konstitusiyasına əsasən, hökuməti parlamentdə azı 226 mandatı olan siyasi qüvvə qurur.

Vladimir Zelenski 1978-ci ildə doğulub. Siyasətə gələnədək şoumen kimi tanınıb. Prezident seçkisinə Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılan Vladimir Zelenski aprelin 21-də keçirilmiş ikinci turda 2014-cü ildən dövlət başçısı olan Pyotr Poroşenkonu udub, mayın 20-də səlahiyyətlərinin icrasına başlayıb.

Bəs Ukraynada keçirilən parlament seçkilərinin nəticələri bu ölkədə proseslərə necə təsir edəcək və ümumiyyətlə, postsovet respublikalarına da təsiri olacaqmı?

AMİP beynəlxalq katibi  Elşən Mustafayev "Yeni Müsavat”a bildirdi ki, Ukraynadakı parlament seçkilərinin ilkin nəticələri göstərir ki, ölkə yeni dövrə qədəm qoyma ərəfəsindədir. Bu dövr ərzində Ukraynadakı müxtəlif sahələrdə olan problemlərin həll olunub-olunmayacağını indidən dəqiq söyləmək mümkün olmasa da, əminliklə demək mümkündür ki, əvvəlki siyasi hakimiyyətdən tam fərqli bir siyasi komanda formalaşmaq üzrədir: "Öncədən də gözlənildiyi kimi, Zelenskinin Xalqın Xidmətçisi Partiyası seçkilərdə böyük fərqlə liderdir. Nəticədən asılı olaraq parlamentdə təkbaşına mütləq çoxluğu əldə etmək şansları var. Ən pis halda isə buna bir neçə səsi çatmayacaq ki, parlamentə baryeri keçən özünə yaxın hesab etdiyi yeni partiya olan ”Səs"lə koalisiyaya girməsi ehtimalı böyükdür. Bu seçkilər prezident Zelenskiyə rahat və sərbəst qərarlar qəbul etmək üçün qarşısındakı bütün əngəlləri qaldırdı. Maraqlı tərəfi odur ki, indiyə qədər Radada demək olar ki, bütün seçkilər zamanı təmsil olunmuş millətçi partiyaların heç biri parlamentə daxil ola bilməyiblər. Hətta Poroşenkonun partiyası belə 8 faizdən bir az artıq səs yığıb. Bununla da Ukrayna xalqı yeni siyasətə, yeni insanlara səs verib".

Politoloq hesab edir ki, bu nəticələrdən sonra yeni komanda ölkədə olan qütbləşməni maksimum azaltmağa çalışmaqla insanlar arasında ümumi bir anlayışa gətirəcək siyasətin formalaşmasına çalışacaq. Eyni zamanda iqtisadi sahədə aparacağı islahatlar siyasətini tam öz inhisarına almaqla kənardan ora hər zaman müdaxilə etmiş oliqarxların əksəriyyətini neytrallaşdıracaq: "Bütün bunlara rəğmən, bəzilərinin ümid etdiyi kimi, Rusiya ilə yaxınlaşma, Aİ-dən uzaqlaşmaqdan isə söz ola bilməz. Rusiyanın Ukrayna ilə bağlı indiyədək yaratdığı problemlər bu yaxınlaşmanın olmasını mümkünsüz edir. Bunları göz önünə almayan siyasətçi ilk gündən məğlubiyyətə məhkumdur. Amma insanların Zelenskidən gözləntiləri böyükdür. Artıq göründüyü kimi, xalq parlamentə nəzarəti də Zelenskiyə verdi. Məhz bundan sonra ondan istədiklərini tələb etməyə başlayacaqlar”.

E.Mustafayev qeyd etdi ki, Ukraynadakı bu seçkilərin, xüsusilə siyasi arenada tanınmayan birinin prezident olması, sonradan parlamentdə də çoxluq qazanması postsovet məkanında olan siyasi proseslərə də təsirsiz ötüşməyəcək. Xüsusilə Rusiyada insanlar artıq bu presedentdən ruhlanaraq dəyişiklik çağırışlarını daha da aktivləşdiriblər: "Artıq xeyli vaxtdır ki, Rusiya internet məkanında bu istiqamətdə müzakirələr, çağırışlar artmaqdadır. Eyni zamanda digər qonşu ölkələrə, o cümlədən Azərbaycandakı siyasi proseslərə müsbət mənada təkan verən hadisə kimi də qiymətləndirmək olar.

Digər tərəfdən, Zelenskinin yaxın 6 ayda ölkədə müsbət dəyişikliklərinin izi görünməyəcəksə, ona verilən etimadın da aşağı düşəcəyi və hətta gələcəkdə tamamilə yox olacağı ehtimalları da var. Bu proses də qonşu dövlətlərə təsir edəcək, amma bu dəfə neqativ. Ona görə də Zelenski verdiyi vədlərin hamısını olmasa da əksəriyyətini həyata keçirməyə məcburdur. İlk növbədə korrupsiyanın, rüşvətin aradan qaldırılmasında atacağı addımlar və müharibə ilə bağlı yürüdəcəyi siyasət çox şeyi həll edəcək".

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Ukraynada parlamentdə yer qazanan 5 partiyadan 4-ü ölkənin NATO və Avropa İttifaqına üzvlüyünün tərəfdarıdır. Bu nəticədən qəzəblənən Kreml Ukraynaya qarşı təzyiqlərini artıracaq.  "Yeni Müsavat”